top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

İşğaldan azad Kəlbəcərin gələcək inkişaf perspektivləri...-ARAŞDIRMA



"Kəlbəcərdə 400-dən çox mineral bulaq var. Hər il təkcə 4 milyard litr İstisu axıb çaylara tökülür...”

Bu günləri, yəni martın sonu –aprelin əvvəllərini artıq 28-ci ildir ki, vərdiş etdiyimiz kimi, #Azərbaycanın həddindən artıq əsrarəngiz təbii gözəlliyinə malik cənnət guşəsi olan Kəlbəcər rayonunun #Ermənistan tərəfindən işğalının növbəti hüznlü ildönümü günləri olaraq keçiririk. Ancaq ötən illərdən fərqli olaraq bu dəfə, nəhayət, biz həmin ildönümünü digər rayonlar kimi, Kəlbəcəri də işğalçılardan azad etmiş qalib bir ölkə kimi qarşılayırıq. Və 4 aydan çoxdur ki, biz artıq işğaldan azad edilmiş Kəlbəcərdəki bərpa və quruculuq işləri, on illərlə o yurdların həsrəti ilə qovrulan keçmiş #məcburi #köçkün soydaşlarımızın #Böyük #Qayıdışı haqda düşünürük...



Kalbajar.com Moderator.az-ın araşdırmasın təqdim edir.

“İşğaldan azad olunan #Kəlbəcər rayonu Azərbaycanın ən yüksək dağ rayonudur. Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı #Şorbulaq#Ağyataqda yerləşir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları onlardan istismar olunan qızıl yataqları, sənaye əhəmiyyətli ehtiyatları 200 tondan çox olan civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 #mərmər #oniksi nefroid (ehtiyatları 801 ton) yatağı; 1 #obsidian (dəvə gözü) yatağı, 1 #listvenit yatağı vardır. Sənaye ehtiyatları dövlət balansında qeydə alınan civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən Levçay yatağıdır. Həmin rayonda yerləşən digər civə yatağının ehtiyatları istismar nəticəsində tükənib”.

Kəlbəcər rayonunun 2020-ci il noyabrın 25-də işğaldan azad olunmasından dərhal sonra İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzinin yayımladığı şərhdə belə deyilir.

“Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sənaye hissəsinin mədənçıxarma səhəsində metalların, xüsusən də nəcib metalların hasilatı önəmli yer tutur. Kəlbəcərdə olan qızıl yataqları ölkədə bu sahədə yeni inkişaf templərinə səbəb olacaq. Ölkənin yeni qızıl yataqlarının istismara verilməsi gələcəkdə "sarı metal"ın hasilatını nəzərə alsaq, dünya bazarında qızılın qiymətinin qalxması, Azərbaycan üçün müsbət tendensiya olacaqdır. Qızılın etibarlı maliyyə aktivinə çevrilməsi prosesi dünyanın siyasi qeyri-sabitliyi dövründə və ya qlobal iqtisadi böhranın fonunda baş verir və son illərdə dünya ölkələrinin hökümətləri valyuta ehtiyatlarında dollar aktivlərinin payını azaldaraq qızılın payını sürətlə artırırlar. Qeyri-neft sektorunda üç lider məhsuldan biri hesab olunan qızılın ixracı Zəngilan və Kəlbəcər rayonlarının potensialından səmərəli istifadə etdikdən sonra daha da artacaqdır.

Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral sulari dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşiyir. Yuxarı İstisu, Aşağı İstisu, kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Rayonun İstisu qəsəbəsində İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Orada hər il 50 mindən artıq insan müalicə olunur, eyni zamanda istirahət edirdi. Bu sanatoriyaların yenidən bərpası və fəaliyyət göstərməsi bura olan turist marağının sayını artıracaq.



Kəlbəcər rayonu bir çox turistlərdə də maraq yaradacaq tarixi abidələrlə zəngindir. Burada alban dövrünə aid xeyli tarixi abidələr var. Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir. Erməni vandallığı tarıxı abidələrimizə zərər vurmaqla öz vəhşiliklərini dünyaya göstərmiş oldular. Sübut etdilər ki, bu tarixi abidələr, bu torpaqlar hec zaman onların olmayıb. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - "əkiz"lərdir.

Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf edib. Torpaq örtüyünün əmələ gəlməsində relyef və iqlim mühüm rol oynayır, Kəlbəcər rayonunun relyefi də daha çox heyvandarlıq sahəsinin inkişafı üçün əlverişlidir. Yay otlaqları kimi istifadə edilən dağ çəmənlikləri geniş sahə tutur. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılıb. Kəlbəcərin orta dağlıq və dağ ətəyi ərazilərində iqlim şəraitinə uyğun olaraq dəmyə əkinçiliyi, bağçiliq, üzümçülük, tərəvəzçilik və tütünçülüyü inkişaf etdirmək olar. Yüksək dağlıq ərazilərin əhəmiyyəti ondan ibarətdir ki, iqlim şəraiti və dağ-çəmən torpağından yaylaq kimi istifadə oluna bilər. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır”

Bu rəsmi şərhdən belə nəticəyə gəlmək olur ki, əhalinin o torpaqlarda məskunlaşdırılması ilə paralel və ondan sonra Kəlbəcərin zəngin təbii ehtiyatlarından əsasən 12 istiqamət üzrə yetərincə yararlanmaq mümkündür:

-dağ-mədən sənayesi;

-ayrıca qızıl, civə və xrom hasilatı;

-tikinti materialları bazası(adi daş, mişar daşı, ağac və s.);

-heyvandarlıq;

-mineral və müalicəvi su istehsalı;

-kurort və sanatoriya tikintisi;

-əkinçilik;

-bağçılıq;

-tərəvəzçilik;

-arıçılıq;

-əczaçılıq bazası(dərman bitkiləri və s.);

-balıqçılıq;

-turizm.

Bundan başqa, Kəlbəcərdə, zərurət olacağı təqdirdə, təbii ki, ekoloji tarazlığı qorumaq şərti ilə dağlardakı küləkdən və dağ çaylarının sularından yararlanmaqla elektrik enerjisi hasilatı da mümkündür.

Məsələ burasındadır ki, sovet dövründə hər şey Moskvanın göstərişi ilə edildiyindən digər bölgələrimiz kimi, Kəlbəcərin də potensialı gərəyincə öyrənilib, araşdırılmayıb. Buna görə də aylar, illər keçdikcə rayonun yeni-yeni iqtisadi-sosial inkişaf imkanları üzə çıxacaq...

1989-1990-cı illərdən bəri ermənilərin separatçılıq və işğalçılıq hərəkətləri ilə əlaqədar Kəlbəcərdə də quruculuq, abadlıq, təsərrüfat, sənaye və s. işləri tənəzzülə uğramağa başlayıb. Kəlbəcər rayonu cəmi 1 il 5 ay ərzində müstəqil Azərbaycan Respublikasının nəzarətində olub. Və təbii ki, bəhs edilən illərdə də erməni problemi göz açmağa, quruciluq, inkişaf barədə düşünməyə macal verməyib...

Tanınmış kəlbəcərli həmkarımız Elxan Salahovun Kəlbəcərin işğaldan azad olunmasından sonra - 2020-ci il dekabrın 31-də “Dəlidağ.az” portalında təqdim edilmiş “Kəlbəcərin bərpa planı: sovet dövründə yarımçıq qalan layihələr yenidən diqqətdə...” məqaləsində rayon ərazisində sovet dövründən yarımçıq qalmış layihələr barədə bunları deyir:

İşğaldan əvvəl Murov yolu və tunel kompleksi ilə yanaşı, Kəlbəcər şəhəri yaxınlığında “Taxta düz” adlanan ərazidə hava limanının inşa edilməsi, rayon ərazisində civə zavodunun tikintisi, Tərtər çayının sahili boyunca Ağdərə yoluna alternativ kimi yeni avtomobil yolunun çəkilməsi də diqqət mərkəzində olub. Nazirlər Sovetinin 1990-cı il, 21 may tarixli 212 nömrəli qərarı ilə təsdiq olunmuş tədbirlər planına əsasən 1995-ci ilədək başa çatdırılmalı olan layihələr aşağıdakılar idi:



– Tunel-Bəylik-Hacısamlı yolunun yenidən qurulması;

– Gəncə-Kəlbəcər-Laçın-Həkəri avtomobil yolu boyunca bütün yaşayış məntəqələrinin telefonlaşdırılması;

– Kəlbəcər, Laçın və Qubadlı rayonlarında yanacaqdoldurma məntəqələrinin qurulması;

– Kəlbəcər rayonu üçün yeni enerji ehtiyat xəttinin, təbii qaz kəmərinin çəkilməsi;

– Mərmər və digər tikinti materiallarının istehsalı müəssisələrinin qurulması və s…

Bundan başqa, Nazirlər Sovetinin müvafiq qərarı ilə Dövlət Plan Komitəsinə Kəlbəcər rayonunda sosial-mədəni-məişət, sağlamlıq, ticarət və istehsalat müəssisələrinin yaradılması ilə bağlı təkliflər hazırlamaq tapşırılıb. Hətta bu layihələrin icrasına nəzarətin təşkili məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərindən ibarət xüsusi qərargah da yaradılıb.

Sovet dövründə “Kommunist” qəzetinin Qarabağ üzrə xüsusi müxbiri olan rəhmətlik tanınmış jurnalist Ziyəddin Sultanovun 1989-cu ilin noyabrında növbəti Kəlbəcər səfərindən sonra dərc etdiyi “Dağlara qış gəlir” adlı məqaləsindən əvvəllər də Moderator.az oxucuları üçün təqdim etdiyimiz və bu gün yenidən təkrarlamağı zəruri saydığımız bir neçə ibrətamiz parça bir daha bu rayonun xalqımız, dövlətimiz üçün nə qədər böyük bir xəzinə olduğunu təsdiqləyir və eyni zamanda Kəlbəcərə Böyük Qayıdış proqramının nə dərəcədə çətin, mürəkkəb bir vəzifə olduğunu, bunu icra edəcək məmurların isə nə qədər ağır və məsul bir işə cavadeh olduqlarını xatırladır:

“Kəlbəcər yaylaqlarında 400-dən çox mineral bulaq var. Hər il təkcə 4 milyard litr İstisu axıb çaylara tökülür. “İstisu” mineral sudoldurma zavodunun illik istehsal gücü isə 19 milyon butulkadır. Ona görə də yaxın vaxtlarda həmin rəqəmi 100 milyon butulkaya çatdırmaq üçün imkanlar, ehtiyat mənbələri götür-qoy edilir...

... Rayon partiya komitəsinin katibi Münəvvər Əliyeva nigaran görünürdü. Səbəbini soruşduq.

-Bilirsinizmi, - dedi. – Artıq “İstisu” sanatoriyası ilboyu fəaliyyət göstərir. İstirahət etmək istəyənlər çoxdur. Yataq və müalicə korpusları da xəstələri qəbul etməyə tam hazırdır. Lakin məsələ burasındadır ki, yolun uzaqlığı, həm də narahatlığı müəyyən çətinlik törədir.

Katibin narahatlığını anlamaq çətin deyil. Ona görə də sanatoriyanın baş həkimi ilə təcili tədbirlər müəyyənləşdirilir, vəzifələr bir daha konkretləşdirilir. Axı Dəlidağın qoynunda yerləşən sanatoriyanı ilboyu işlətmək həqiqətən ciddi hazırlıq, səy və qayğı tələb edir...

...Son günlər havaların birdən-birə dəyişməsi, dağlarda qarlı-çovğunlu günlərin başlanması adamları istər-istəməz həyəcanlandırmışdır. Axı dumanda, qarda vertolyot uçmur. Yeganə yol - Laçın yolu isə çox uzaq, həm də narahatdır(1989-cu ilin yayından erməni ekstremist və terrorçularının mütəmadi hücumları nəticəsində Tərtər-Ağdərə-Kəlbəcər yolu azərbaycanlılar üçün bağlanmışdı-S.L.). Bəs rayona ayrılmış ərzaq mallarını, tikinti materiallarını və s. necə gətirməli?..

***

...İndiyə kimi Kəlbəcər kimi qənirsiz gözəlliyi, saf havası, minbir nəğmə ilə dil açan gülləri, çiçəkləri, meşələri olan bir rayonda cəmi 2 min arı ailəsi saxlanılırdı. Halbuki heç bir xüsusi zəhmət və xərc tələb etməyən arıçılıq bu yerlərdə ənənəvi məşğuliyyət hesab edilib. Bu məsələ də özünün uğurlu həllini tapmaqdadır. Yaxın vaxtlarda ixtisaslaşdırılmış arıçılıq təsərrüfatları yaratmaqla arı ailələrinin sayını 50 minə çatdırmaq qərara alınmışdır...

***

...Ala göllər Sarıyer yaylağında, dəniz səviyyəsindən 3500 metr yüksəklikdə yerləşir. Deyilənlərə görə, ümumi sahəsi Göy göldən 5 dəfə böyükdür. Saf dağ bulaqlarının axıb töküldüyü göl forel balığı ilə çox zəngindir. Lakin indiyə kimi həmin qiymətli ehtiyat mənbələrindən demək olar ki, istifadə edilməmiş, təsadüfi adamlar buranı alver mənbəyinə çevirmişlər. Mütəxəssislərin hesablamalarına görə, Ala göllərdə ildə 150-200 ton forel balığı yetişdirmək mümkündür. Həmin məqsədlə bu yaxınlarda orada “Balıqçı evi” tikilmişdir...”

Kəlbəcərin #Tərtər, #Tutxun, #Lev, #Zəylik, #Keşdək, #Qaraağac və s. çayları da, #Böyük #Alagöl, #Kiçik #Alagöl, #Qanlıgöl, #Dibgöl, #Əyrigöl, #Naxırgöl, #Böyükgöl və s. kimi bir çox göllərində də onlarla növ, o cümlədən qızılxallı balıq, #forel tipli nadir balıqlarla zəngindir...

Rayonun gölləri arasında daha çox balıqçılıq potensialına malik isə elə mərhum həmkarımızın vurğuladığı Ala göllər hövzəsidir.



2013-2020-ci illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Milli Məclisin 123 saylı Kəlbəcər seçki dairəsindən deputatı Aqil Məmmədov Moderator.az-a açıqlamasında vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağdakı şanlı qələbəmizdən sonra digər rayonlarımız kimi, #Kəlbəcər rayonu ərazisində də bəzi dövlət qurumları artıq fəaliyyətə başladığından rayonun iqtisadi potensialının yenidən araşdırılması və qiymətləndirilməsi işlərinə start verilməkdə, layihələndirmə proseslərinə başlanmaqdadır.

“Bu günlərdə dövlət başçısı Kəlbəcərə #Göygöl rayonunun #Toğanalı kəndi istiqamətindən uzunluğu ümumilikdə 190 kilometrə yaxın olacaq yeni yolun çəkilməsi ilə bağlı göstəriş verib. Və həmin yolun çəkilişi ilə bağlı ilkin layihələndirmə işlərinə artıq start verilib. Tezliklə istifadəyə veriləcək bu yol Kəlbəcərdə bərpa-quruculuq işlərini sürətləndirməklə yanaşı, gələcəkdə o dağlara, meşələrə, yaylaqlara səyahət edəcək daxili və xarici turistlər üçün də əlverişli və eyni zamanda gözəl və mənzərəli bir yol olacaq. Təbii ki, dövlətimizin uğurlu siyasəti sayəsində yaxın zamanda relyef baxımından daha rahat olan tarixi Tərtər-Ağdərə-Kəlbəcər yolu da nəzarətimizə veriləcək ki, bu da rayonumuzun gələcək iqtiasadi inkişafında öz müsbət rolunu oynayacaq”.

Deputat artıq Kəlbəcərin məşhur İstisu ərazisində tədqiqat işlərinə başlandını da qeyd edib.


“Aidiyyəti qurumlar artıq öz nümayəndələrini İstisuya göndəriblər. İlk laborator analizi 1927-ci ildə aparılmış #İstisu müalicəvi mineral suyunun daha müasir üsullarla analizinə başlanılıb. Hələ o vaxtkı müayinələr göstərib ki, keyfiyyətinə, dadına və müalicəvi xüsusiyyətlərinə görə İstisu dünya mineral suları arasında ən birincilərdən biridir. Eyni zamanda İstisu gur bulaqlı, yəni sutkalıq buraxıcılıq qabiliyyəti yüksək olduğuna görə də biz bu təbii sərvətdən mümkün qədər səmərəli istifadə etməliyik. Və bu istiqamətdə dövlətimizin müvafiq proqramı var. İnşallah, bunlar hamısı mərhələli şəkildə həyata keçiriləcək. Bu da gələcəkdə nəinki respublikanın, xarici ölkələrin əhalisinin də Kəlbəcərə cəlb olunmasına şərait yaradacaq və bununla rayonda turuzmin inkişafına da təkan verəcək. Bu da, sözsüz ki, dövlətimizin büdcə gəlirlərinin artmasında da öz rolunu oynayacaq. Onu deyim ki, Kəlbəcərin coğrafi mövqeyi, onun zəngin və qeyri-adi relyefi, dəniz səviyyəsindən 3700 metrdən çox uca qarlı zirvələri əsrarəngiz, bənzərsiz təbii gözəlliyi, həmçinin çoxsaylı və maraqlı tarixi abidələri burada həm yay, həm də qış turizmi üçün geniş imkanlar açır...



Ölkə başçısı işğaldan azad bölgələrin, o cümlədən Kəlbəcərin də bərpası, qurulması və gələcək inkişafı üçün öz lazımi göstəriş, tapşırıq və tövsiyələrini verib. Və inşallah, torpaqlarımızın azadlığı kimi bu işlər də zaman-zaman öz həllini tapacaq...”

Bizdə ümid edək ki, yaxın illərdə jurnalist kimi Kəlbəcərə sərbəst şəkildə səyahət edərək bilavasitə o dağlardakı, meşələrdəki quruculuq meydanlarından reportajlar, araşdırmalar hazırlayacağıq...

Moderator.az (Sultar Laçın)

コメント


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page