Azərbaycan rəsmi qurumları işğaldan azad edilmiş Şuşa şəhərinə Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik "İsgəndər" raketlərinin atıldığını bildirib. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ötən həftə bunun sübutu kimi raket qalıqlarının fotolarını yayıb.
Qurumun Operativ Qərargahının rəisi İdris İsmayılov deyib ki, araşdırmalar bu qalıqların "İsgəndər-M" raketinə məxsus olduğunu göstərir.
Bu fakt dünya mediasında da böyük əks-səda doğurub. Tapılan qalıqlar Rusiyanın beynəlxalq razılaşmaları pozaraq, Ermənistana hədəfi vurma radiusu 500 kilometri ötən operativ-taktiki “İsgəndər” raketlərini satdığını təsdiqləyir. Beləliklə, Rusiyanın Ermənistana "İsgəndər-M" raketini satması beynəlxalq öhdəlikləri pozması anlamına gəlir. Milli Məclisin deputatı Aqil Məmmədov məsələyə münasibət bildirib.
Depuatat Aqil Məmmədov məsələnin araşdırılmasına ehtiyac olduğunu deyərək vurğulayıb ki, cavabdeh tərəf mütləq bizə açıqlama verməlidir:
“Bu hadisəni təbii ki, çox pis qiymətləndirirəm. “İskəndər-M” raketini istehsal edən dövlət məsələyə münasibət bildirməlidir ki, görək raket oraya hansı qanuni yolla və ya deyilənə görə hissə-hissə olaraqmı keçirilib? Məsələdə oğurluq faktı varmı, yoxsa hər şey məqsədli şəkildə baş verib? Mütəxxəsislər raketin düşdüyü yerə görə aydın bilir ki, hansı məsafə və istiqamətdən atılıb. Yaşayış yerlərinə bu cür raket atışı beynəlxalq qanunlara tamamilə zidddir. Təəssüf ki, indiyə kimi bununla bağlı nə Ermənistan, nə də Rusiya tərəfi detallı açıqlama verib. İqtisadi vəziyyətə baxıldıqda Ermənistanın bu raketi almaq gücünə malik olmadığını hamı bilir. Məncə bununla bağlı Rusiyanın Azərbaycandaki səfiri Xarici İşlər Nazirliyinə dəvət olunmalıdır. Bir vətəndaş, millət vəkili olaraq Şuşa şəhərinə raket atılmasını qətiyyətlə pisləyirəm”.
コメント