Kəlbəcər Azərbaycanın Kiçik Qafqaz dağlarında, füsünkar təbiətə malik olan ucqar bir dağ rayonu idi. Adi vaxtlarda Respublikanın digər bölgələrindən uzaq bir guşə olsa da, yaz-yay aylarında gələni-gedəni, qonaq-qarası çox olardı. Qış aylarında sanki Azərbaycanın əsas hissəsindən təcrid edilirdi. Gediş-gəliş azalırdı, yaylaqlarda dincəlməyə gələnlərin yolları bağlnırdı.
Mühasirə illərində Kəlbəcər sanki unudulmuş bir məkana çevrildi. Dincəlməyə, müalicəyə, təbiətin füsunkar görkəmindən zövq almağa, saza-sözə vurğun olanlar ayağını bu dilbər guşədən kəsdi. Respublika rəhbərliyi tərəfindən də unudulmuş oldu...
Mühasirə illərində Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən sərhədlərinə basqınlar edilməyə başlandı. Ağdərə rayonu tərəfdən kəndlərinə soxulan ermənilər tərəfindən var-dövləti talanır, əhalisi şəhid edilirdi. Yeganə Tərtər-Kəlbəcər şosse yolu ilə keçən maşın karvanları erməni quldurları tərəfindən güllə-boran edilir, qranotomyotla yandırılırdı...
Kəlbəcərin əhalisini qorumaq və rayona edilən basqınların qarşısını almaq üçün əhali silahlanaraq, sərhədlər boyunca Ağdaban, Çələkdar, Narışdar, Söyüdlü, Alçalı, Yuxarı Ayrım, Dikyurd, Yellicə, Zəylik və Xanım dərəsi kimi zastavalar yaratmalı oldu...
Sərhədlərinə müntəzəm basqın olunan rayonun demək olar ki, hər gün yaralısı və şəhidləri olurdu. Eyni zamanda xəstələnən hər kəs təcili yardım stansiyasına zəng edib, həkim tələb edir, vəziyyəti pisləşən xəstəsinə köməyə çağırırdı...
Kəlbəcər kimi strateji əhəmiyyətli bir rayonun cəmi 5 ədəd təcili yardım maşını vardı. Bu maşınlar gecəli-gündüzlü əhalinin, onları qoruyanların çağırışına təsələsirdilər...
Ələsgərov İsmayıl Əli oğlu, 1943-cü ildə Kəlbəcərdə anadan olub. Kəlbəcər şəhəri 2 №-li orta məktəbi bitirdikdən sonra, 1№-li tibb texnukumuna qəbul olub. Həyatı əmisi qızı Ələsgərova İpək Hüseyin qızı ilə daima kəsişib. Orta məktəbdə, tibb texnikomunda birlikdə oxuyublar. Eyni vaxtda da Kəlbəcər Təcili yardım stansiyasında işə başlayıblar. Kəlbəcər rayonunun Təcili-yardım stansiyasının cəmi 5 təcili yardım maşını vardı. 1 şəhər, 3 qəsəbə və 125 kəndi olan bir rayon üçün 5 təcili yardım maşını azlıq edirdi və əhali haqlı olaraq daima narazılıq edirdilər. Lakin onların narazılığını yalnız təcili yardıma gələnlər eşidirdi, respublika rəhbərliyinə isə bu etirazlar çatmırdı.
Yayda 3 ay 15 aran rayonunun təsərrüfatı Kəlbəcər yaylaqlarına köçürdü və burdakı insanlara tibbi yardım etmək lazım gəlirdi. Bu səbəbdən də 1983-cü ildə Səhiyyə Nazirliyi tərəfindən Sarıyer səhiyyə məntəqəsi yaradıldı və Ələsgərovlar ailəsi yay ayları burda işləməli oldular. Ələsgərov İsmayıl məntəqənin müdiri, İpək xanım isə onun işçisi və Şaplar kənd sakini Əbdüləli və Tahir isə növbə ilə sürücü kimi fəaliyyətə başladılar. Məntəqə yay aylarında fəaliyyət göstərirdi, payızda isə şəhərə qayıdıb əhaliyə xidmət göstərməkdə davam edirdi. Sarıyer səhiyyə məntəqəsi düz 10 il yaylaqlara gələn insanlara da xidmət etməli oldu. ..
Kəlbəcərin mühasirə illərində olanda, xüsusilə də, 1990-1993-cü illərdə Təcili yardım stansiyasının demək olar ki, qara günləri başlandı... Tibb işçiləri həkimlərin çatışmadığı, dərmanların qəhədə çıxdığı, sarğı materiallarının tapılmadığı bir vaxtda, hansı zastavaya şəhid, hansı kəndə yaralı və hansı evə xəstə dalınca gedəcəklərinə qərar verməkdə çətinlik çəkirdilər. Əksər vaxtlarda xəstə apardıqları zaman, zastavalardan qara xəbərlər gəlirdi:-“şəhidimiz var”, “yaralıları təcili döyüş meydanından aparmaq lazımdır”-deyə, tələb edirdilər. Ağdərə döyüşlərində vəziyyətləri daha da dözülməz həddə çatmışdı...
Fədəkar tibb işçisi İsmayıl və İpək xanım demək olar ki, ömürlərinin 45 ilini insanların xidmətinə sərf ediblər. Az qala bütün ixtisaslar üzrə mütəxəssisə dönüblər. Xəstə üstünə gedərkən, yaralının harayına tələsərkən onlarla gedən həkim olmurdu və özləri ilk müalicə etməyə, yaralının qanaxmasını dayandırmağa, döyüşçüləri ölümün əlindən almağa çalışırdılar. Onlar üçün ən çətin anlar ağır yaralı və ya şəhid gətirmək olurdu. Hadisələrə soyuqqanlı yanaşmaq, hisslərini boğub lazım olan yardımı etmək üçün bütün güclərini səfərbər etməli olurdular. Ələlxüsus da, şəhidlər, yaralılar arasında yaxın qohumlar, körpə uşaqlar, cavan qız-gəlinlər olanda göz yaşlarını belə udmağa çalışırdılar. Ağır yaralılara, xəstələrə ürək-dirək verib, təsəlli edir, ovundururdular. Bəzən söz tapmaqda çətinlik çəkəndə, sadəcə susub əllərinin hərəkəti ilə işlərini davam edirdilər...
Ələsgərov İsmayıl və onun ömür-gün yoldaşı İpək xanım elə şəxsi həyatlarında da bir yerdə olmağa qərar verib gözəl bir ailənin təməlini qoyublar. Onların qurduğu ailədə 6 övlad-3 oğlan və 3 qız dünyaya göz açıb. Zəhmətkeş tibb işçiləri həyat şərtlərinin, iş fəaliyyətlərinin nə qədər ağır olmasına baxmayaraq, övladlarının hamısına ali təhsil verib. Qızı Sakibə folologiya, oğlu Müşfiq astro-fizika üzrə alimlik dərəcəsinə yüksəliblər və elmin yollarında özlərinə məxsus çığırlarla bu gün də fədakarlıqla irəliləməkdədirlər. Qalan övladlarından 3-ü mühəndis, biri isə filoloqdur.
Kəlbəcərin işğalından sonra Bakı şəhərində məskunlaşan bu fədəkar tibb işçiləri Kəlbəcərin həsrəti ilə yaşayırlar. Bütün Kəlbəcər didərginləri kimi, doğma yurda dönəcəklərini böyük ümidlə, intizarla gözləyirlər...
Mirvari Verdiyeva
ADPU-nun fəlsəfə doktoru, dosent
Commenti