Həsənov Hümmət Məhəmməd oğlu 1924-cı ilin iyun ayının 15-də Kəlbəcər rayonunun Laçın kəndində anadan olmuşdu.
1931-ci ildə Laçın kəndində ibtidai məktəb tikilib başa çatmışdı. Dördillik ibtidai məktəbin direktoru və müəllimi Naxçıvan MR-dan gəlmiş gənc ibtidai sinif müəllimi Məhəmmədəli Qənizadə idi. İlk kənd məktəbinin 12 şagirdindən biri də balaca Hümmət oldu. Hümmət 1934-cü ildə Laçın kənd ibtidai məktəbinin 4-cü sinfini əla qiymətlərlə bitirdi. Təhsilini davam etdirmək üçün sənədlərini kəndlərindən aralıda yerləşən Zülfüqarlı kəndindəki tam orta məktəbinə verdi. Oxumaq eşqi o qədər yüksək idi ki, yağışda, qarda, dizə qədər palçıqda piyada kəndlərarası dağ yolları ilə dərsə gedib-gəlməkdən yorulmurdu. Zülfüqarlı kənd orta məktəbinin direktoru İsmayılov Nəsir adlı dil-ədəbiyyat müəllimi idi. Nəsir müəllim olduq-ca savadlı müəllim və bacarıqlı məktəb direktoru idi. O nəinki Zülfüqarlı kəndində, hətta bütün Kəlbəcər rayonunda öz qabiliyyəti ilə məşhurlaşmışdı.
Hümmət Həsənov 23 iyun 1938-ci ildə Zülfüqarlı tam orta məktəbin X sinifini əla qiymətlərlə bitirdi. Məktəb rəhbərliyi müvəffəqiyyətinə və nümunəvi əxlaqına görə onu tərifnamə ilə təltif etdi. O məktəbi bitirdi və təhsilini davam etdirmək üçün 1939-cu ildə Gəncə şəhər Klara Setkin adına Pedaqoji İnstitutun qiyabi şöbəsinə daxil oldu. Ailənin böyük oğlu olması onun qiyabi təhsil almasına səbəb oldu. O böyük bir ailənin böyük oğlu idi, ona görə də ailənin idarə olunmasında və təsərrüfat işlərində atası ilə çiyin-çiyinə çalışmalıydı. Hümmət böyük oğul kimi öz məsuliyyətini yaxşı dərk edirdi. Bu səbəbdən də həm qiyabi təhsil alır, həm də kənd müəllimi Məhəmmədəli Qənizadənin təyinat müddəti bitdiyindən Naxçıvana qayıtmışdı və müəllim çatışmadığından Laçın ibtidai məktəbində dərs deyirdi.
1941-ci ildə Sovet-Alman müharibəsi başladı. Kəndin kişiləri cəbhəyə getdi. Kənddə yeganə savadlı şəxsiyyət olduğundan Hümmət müəllimi cəbhəyə aparmadılar. Rayonun I Katibi və Hərbi Komissarı tərəfindən ona bron adlı sənəd verildi. Bu sənəd adətən arxa cəbhədə əvəzolunmaz şəxslərə bir il müddətinə verilirdi və həmin şəxs cəbhəyə aparılmırdı. Növbəti ildə yenidən bir illik bron verilirdi.
Hümmət müəllim Hərbi Komissarlığa çağrılır. Hərbi Komissar ona yeni bir tapşırıq verir:
-Azərbaycanın xüsusi tank batalyonu yaradılıb və müharibədə şücaəti ilə ad çıxardıb. Biz də arxa cəbhə olaraq tank batalyonumuzu lazım olan vəsaitlə təmin etməliyik. Əhalidən pul, yun əlcək və corab yığılmalıdır.
Hümmət müəllim kəndə dönür və iclas çağırıb Hərbi Komissarın söylədiklərini camaata çatdırır. Yekdilliklə qərara alınır ki, təcili pul yığılsın. Laçın kəndinin bütün qız-gəlini səfərbər olub əlcək-corab toxuyurlar. Nəhayət, əhaliyə rəhbərlər tərəfindən verilmiş vaxt başa çatır. Hümmət müəllim kənd əhalisinin topladığı 40.000 man. pulu və qız-gəlinlərin gecəni gündüzə qatıb toxuduqları 50 cüt yun əlcəyi və 50 cüt yun corabı götürüb kəndin nümayən də heyəti ilə birlikdə Hərbi Komissarlığa gəlib təhvil verir. Arxa cəbhədə fədəkarlığına görə Hümmət müəllimə yenidən bron verildi. Eyni zamanda odövlət tərəfindən “Arxa cəbhədə fəaliyyətinə görə medalı” ilə təltif etdilər.
1943-cü ildə institutu müvəffəqiyyətlə bitirdi. 1943-cü ilin oktyabr ayının 10-da Azərbaycan SSR Xalq Maarif Komissarının müavini A.Dadaşzadənin əmrinə və Kəlbəcər Xalq Maarif Şöbəsinin müdiri Qurbanovun təyinatına əsasən Laçın kənd ibtidai məktəbinə sinif müəllimi və məktəb direktoru təyin edildi. Məktəb iki növbəli işləyirdi və I-IV sinif şagirdləri eyni vaxtda bir sinifdə oxumaqla birinci növbə, II-III sinif şagirdləri isə bir yerdə oxumaqla II növbə təhsil alırdılar. Eyni vaxtda iki müxtəlif siniflə işləmək, müxtəlif yaş qrupunda olan uşaqlara müxtəlif fənləri bir 45 dəqiqə ərzində öyrətmək olduqca çətin idi. Lakin Hümmət müəllim metodikanı olduqca gözəl bilirdi və vaxt bölgüsündən elə səmərəli istifadə edirdi ki, itkiyə yol vermədən dərsini başa çatdırırdı.
1944-cü ildən başlayaraq müəlllim, məktəb direktoru Hümmət Həsənov eyni vaxtda kolxozun mühasibi vəzifəsini də aparmağı tapşırıldı. Onun başarığı rayon rəhbərliyinin diqqətini özünə cəlb etmişdi. Raykomun I Katibi İbrahimov Əhəd Kərim oğlu atla Laçın kəndinə gəldi, əvvəlcə Hümmət müəllimin məktəbdəki işi ilə tanış oldu, sonra mühasib kimi işlərini araşdırdı. Axırda əsas mətləbini açıqladı ki, raykomluqda gənc və fədəkar şəxslərə böyük eytiyac var. Hümmət müəllimi şəhərə, yeni vəzifəyə təyin etmək fikrini bildirdi. Lakin Hümmət müəllim bu təyinatdan imtina edib kənddə qalmağı və kənd əhalisinin savadlanmasının həyata keçirilməsini təmin etməyi qarşısına məqsəd qoyduğunu bildirdi.
Kəlbəcər Xalq Maarif Şöbəsinin müdiri Z.Cabbarlının təyinatına əsasən yenidən 1945-46-cı tədris ilində Laçın ibtidai məktəbinə müdir və müəllim təyin edildi. 1951-ci ilə qədər o bu vəzifəni şərəflə icra etdi. Bu illər ərzində Hümmət müəllim Kəlbəcər rayo-nunda kifayət qədər tanınmış bir ziyalıya çevrildi.
1950-ci ildə Bağlıpəyə kənd sakini Məşədi Salahın nəvəsi Səməndin qızı Mənzər xanımla ailə qurdu. Beş oğlu, üç qızı dünyaya gəldi. Övladlarının hamısının ilk müəllimi olub. Evdə onların atası, məktəbdə isə onların digər şagirdlərdən heç bir fərq qoymayan tələbkar müəllimi olub. Elə evdə də ata-övlad münasibətləri dəyişməz qalırdı. Eyni tələbkarlıq, eyni münasibət, eyni məhəbbət. Ev işlərində vahid bir komanda kimi çalışırdılar. Atanın, ananın, babanın, nənənin rəybərliyi altında ev işlərini, çöl işlərini öyrənir, həyatda yaşamaq bacarıqlarını əldə edir, qayda-qanunlarına yiyələnirdilər.
1951-ci ilin mart ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin qərarı ilə kolxozların birləşdirilməsi prosesi həyata keçirilməyə başlandı. Bu proses nəticəsində Almalıq kəndində yaradılmış “Qızıl əsgər”, Ağqaya kəndində yaradılmış “Bəsti Bağırov”, Laçın kəndində yaradılmış “8 mart” və Mərcimək kəndində yaradılmış “Dmitriyev” kolxozları birləşdirildi. Yaradılmış yeni kolxoz “Dmitriyev” adlandırıldı. Elə həmin ildə də Həsənov Hümmət Məhəmməd oğlu yeni yaradılmış kolxozun sədri təyin edildi. Kolxoz sədri işlədiyi müddətdə kolxozun əhatə etdiyi kəndlərin abadlaşdırılmasına, avtomobil yollarının və elektrik xətlərinin, dağ çaylarının üstündən körpülərin çəkilməsinə, kəndlərdə mədəniyyət kulublarının, yeni məktəblərin, mağazaların açılmasına çalışdı. Onun sədirlik etdiyi müddət Almalıq, Ağqaya, Laçın və Mərcimək kəndlərinin yüksəliş dövrü kimi tarixə yazıldı. Rəhbər işçi kimi hər kəndin ərazisindəki problemləri aradan qaldırmaq üçün həmin kəndin ağsaqqalları ilə məsləhətləşdikdən sonra qərar qəbul edirdi. Bu da gənc kolxoz sədrinin əhali arasında böyük nüfuz qazanmasına səbəb olmuşdu. Kolxoz yazlıq, payızlıq buğda, darı, kortof, pərinc, qarğıdalı əkinlərini genişləndirdi. Qaramalı-inək, camış, qoyunçuluq, atçılıq, arıçılıq təsərüfatı inkişaf etdirilərək digər kolxoz və sovxozları geridə qoymuşdu. Kolxoz təsərrüfatı ilə yanaşı şəxsi təsərrüfatlarda da inkişafı həyata keçirməyə kömək edirdi ki, müharibədən çıxmış əhalinin maddi-rifah halı yaxşılaşsın.
1955-ci il avqust ayının 2-də Azərbaycan SSR Maarif Nazirinin müavini Ə.Rəhimlinin 579 №-li əmri ilə Kəlbəcər Xalq Maarif Şöbəsinin sərəncamına göndərildi. 1955-ci ildə doğma peşəsi üçün darıxan Hümmət müəllim yenidən Laçın kənd 8-illik məktəbinə direktoru vəzifəsinə qayıtdı. Həmin ildə qonşuluqda yerləşən Comərd kənd ibtidai məktəbinə Quliyev Əşrəf müəllim direktor təyin edilmişdi. Hümmət müəllim məktəb direktoru ilə görüşdü və məktəblərarası bilik yarışı təşkil etməyi təklif etdi. Əşrəf müəllim böyük ruh yüksəkliyi ilə bu yarışı qəbul etdi.
Hümmət müəllimin şagirdlərlə işləmə prinsiplərinin bir neçə istiqaməti diqqəti cəlb edir:
1. Hümmət müəllim ilk öncə şagirdlərinin gözəl xətlə yazmasını təmin edib. İlk dəfə əlin qələm alan azyaşlı uşaq-ların hüsnüxət qaydası ilə yazmağı öyrənmələrini həyata keçirib.
2. Hümmət müəllim şagirdlərinin elmi biliklərə yiyələnməsini həyata keçirib. “İnsan hər şeyə biliyi ilə nail olma-lıdır! Bilikli insan həmişə həyatda qalib olur!” prinsipini şüara çevirib.
3. Hümmət müəllim şagirdlərinə müşahidə etməyi, yaşadığı mühiti tanımağı, təbiətdən istifadə etməyi və ona mühafizəkarcasına yanaşmağı öyrədib.
4. Hümmət müəllim şagirdləri arasında daima yarış təşkil edib. Şagirdlərin yarışına valideynləri də cəlb edib.
5. Hümmət müəllim şagirdlərinə öz nəslinin kimliyini araşdırmağı öyrədirdi. Şagirdlərə müstəqil tədqiqat aparmaq üçün müxtəlif tapşırıqlar verirdi. Bu tapşırıqların sayəsində uşaqlar öz nəslini, kökünü, soyunu böyüklərindən soruşub öyrənməliydi.
6. Hümmət müəllim kəndin adət-ənənəsinin uşaqlar tərəfindən öyrənilməsinə çalışırdı. Bunun üçün məktəbdə daima müxtəlif tədbirlər həyata keçirirdi. Bütün tarixi gün-ləri, həmin günün hadisələri barədə lazımı informasiyanı əldə etmək və şagirdlərə çatdırmaq üçün işçi qrupu yaradır-dı. Bu qrupa həm bəzi valideynlər cəlb olunurdu, həm də şagirdlər arasından ən fəalları seçilirdi.
7. Hümmət müəllimin xüsusi “davranış dəftəri” vardı. Bütün şagirdlərinə bu dəftərdə səhifə ayırmışdı. Tədris ilinin əvvəlində şagirdləri müşahidə edərək əldə etdiyi nəticələri hər ilin sentyabr ayının sonunda qeyd edirdi. İlk öncə şagird fiziki cəhətdən necə dəyişib, yay tətilindən sonra hansı əhval-ruhiyyə ilə məktəbə gəlib, özünü necə aparır, xarakterində nə kimi dəyişikliklər baş verib, yay tapşırıqlarını necə yerinə yetirib, hansı kitabları oxuyub və s. Sonra tədris ili boyunca şagirdləri müşahidə edirdi. May ayında yenidən “davranış dəftəri”nə öz qeydlərini edirdi.
8. Təhsil ilinin əvvəlində Hümmət müəllim özünün peşə bacarıqlarını müasirləşdirmək üçün “şəxsi təhsil planı” tərtib edirdi.
9. Valideynlərlə məktəbin sıx əlaqələrini təşkil etmək, valideyn-şagird-müəllim üçbucağının vəhdətini yaratmaq məqsədi ilə xüsusi olaraq “Valideynlərlə söhbət” dəftəri tərtib etmişdi.
10. Müntəzəm olaraq məktəbin uğurlarının rayonun yerli mətbuat orqanında və “Azərbaycan müəllimi” qəzetin-də işıqlandırılmasına nail olurdu. Eyni zamanda respublikada nəşr olunan təhsilə aid jurnallarda təcrübə mübadiləsi etmək üçün maraqlı və dərin məzmuna malik məqalələri ilə çıxış edirdi.
11. Hümmət müəllim hər ilin avqust və yanvar ayla-rında müəllimlər konfranslarında, metodbirləşmə iclasların-da maraqlı və yaddaqalan çıxışları ilə həmkarlarının, rayon və təhsil şöbəsinin rəhbərlərinin diqqətini təlim prosesinin problemlərinə yönəldir və aradan qaldırılması üsullarını gös-tərirdi. Peşəsini sevən, təlim uğurları qazanan fədəkar müəl-limlərin dövlət qurumları və Təhsil Nazirliyi tərəfindən layiqli qiymətləndirilməsi barədə məsələ qaldırırdı. Müxtəlif məktəblərin kollektivini təlim yarışına dəvət edirdi.
Hümmət müəllim yarışa qoşulmaları barədə şagirdləri və valideynləri məlumatlandırdı. Sonra yarışı udmaq üçün sinifdəki şagirdlər arasında yarış təşkil etdi. Şagirdləri qruplara böldü. Hər qrup bir-biri ilə yarışmalıydı. Eyni zamanda oğlanlarla qızlar arasında yarış təşkil etdi. Deməli, sinifdə hər şagird iki istiqamətdə yarışırdı:-1. Qrup daxilində bir-birləri ilə. 2. Qrupun üzvləri ilə birlikdə digər qrupun şagirdləri ilə. Bu yarışda valideynlər də səfərbər olmuşdu. Onlar da bacardıqları qədər övladlarının dərslərinə diqqət edirdilər. Hər şagirdin həftədə bir dəfə valideyninə baş çəkir, şagirdlərin təhsili, tərbiyəsi və inkişafı barədə söhbət-lər aparırdı. Ən çox şagirdlərin riyazi biliyinə, nitq qabiliyyətinin inkişafına, hüsnüxət qaydası ilə düzgün yazmağı bacarmasına diqqət edirdi. Məktəbdə iki cür “şərəf lövhəsi” təşkil etmişdi. Birinci şərəf lövhəsi “illik”, ikinci şərəf lövhəsi isə “gündəlik” idi. “Gündəlik şərəf lövhəsi”nin qeydləri gün ərzində şagirdlərin aldıqları qiymətlərə əsasən müəyyən edilirdi. “İllik şərəf lövhəsini” tədris ilini əla qiymətlərlə başa vuran şagirdlərin şəkilləri bəzəyirdi.
Təhsil ilinin sonunda rayon Maarif Şöbəsinin və qonşu kəndlərin məktəb direktorlarının iştirakı ilə Komissiya müəyyən etdikləri meyarlara əsasən məktəblərin təminatını, tərtibatını, şagirdlərin bilik və tərbiyə səviyyəsini qiymətləndirdilər. Laçın kənd ibtidai məktəbi sosializm yarışının qalibi adını aldı. Bütün kənd uşaqların bu müvəffəqiyyətini böyük sevinclə qarşıladı. Ən çox sevinən, şagirdləri ilə iftixar edən Hümmət müəllim idi.
1965-ci ilin avqust ayından Quru göl ətrafından Laçın kəndinə maşın yolunun çəkilişinə başlandı. O vaxta qədər kənd əhalisi sərnişin və yük daşımalarını atla, öküzlə və ulaqla həyata keçirirdi. Kəndə avtomobuil yolunun çəkilişinin təşəbbüskarı kənd səkkizillik məktəbinin direktoru Həsənov Hümmət oldu. Bu yolun açılışı bir il müddətinə həyata keçirildi. 1966-cı ildə kəndə elektrik xətti çəkildi. Laçın dağının üstündən kəndə qədər olan məsafədə 2 il müddətində çəkilməyə başlanan maşın yolunun da təşəbbüskarı yenə də Hümmət müəllim oldu.
1988-ci ildə Laçın kəndinin sevimli Hümmət müəllimi yaşı ilə əlaqədar olaraq tə-qaüdə çıxdı. Onun şagirdləri bu gün də sevimli müəllimlərinin qarşısında özlərini şagird hesab edirlər...
Hümmət müəllimin işlədiyi müddətdə əməyi yüksək qiymətləndirilmişdi. O,“Arxa cəbhədə qulluğa görə”, “Stalin yubileyi”, “Lenin yubileyi” medalları ilə təltif olunmuşdu. Fəxri fərmanların sayını özü də unudub. Müxtəlif təşki-latlardan çoxlu sayda mükafatlar alıb. Müəllim işlədiyi müddətdə iki dəfə Azərbaycan Müəllimlər qurultayının nümayəndəsi seçilmişdi. “Sosializm yarışının qalibi”, “Qabaqcıl maarif xadimi” adına layiq görülmüşdü.
Azərbaycan Respublikasının Prezidentinin 1 oktyabr 2012-ci il tarixli 2468 saylı sərəncamına əsasən “Əməkdar müəllim” adına layiq görülmüşdü.
1993-cü ildə Ermənistan və rus birləşmələrinin hücunu nəticəsində Kəlbəcər rayonu işğal olundu və Hümmət müəllim də bütün didərgin kəlbəcərlilər kimi doğma torpağından ayrılmalı oldu və Bakı şəhərində məcburu köçkün kimi məskunlaşdı...
22 oktyabr 2016-cı ildə Hümmət Məhəmməd oğlu Həsənov uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etdi.
Comments