Hidayət Elvüsal Kəlbəcərdə 1949-cu ildə doğulub. Azərbybaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Kəlbəcərdə çıxan «Yenilik» rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla bərabər Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib. Daha sonra «Azərbaycan gəncləri», «Kommunist» (indiki «Xalq qəzeti») qəzetlərində işləyib. «Səhər» qəzetinin yaradıcılarından biri kimi, baş redaktorun müavini, «Belə-belə işlər», «Kriminal» qəzetlərinin baş redaktoru olub.Dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə çıxış edib. «Belə-belə işlər» rubrikası ilə dərc etdirdiyi saysız-hesabsız yazıları ilə populyarlaşan Hidayət Elvüsal eyni zamanda mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınır.
Ailəlidir, 2 oğlu var. ATA MİLLƏT, ANA MİLLƏT, AĞLAMA
Pəncərəni külək döyüb ağlasa, Eyvanına quşlar qonub ağlasa, Ürəyini nalən yonub ağlasa, İçində yan, ağı deyib, ağlama, Ağlamağın yeri deyil, ağlama Bu döyüşdü - əzilən var, əzən var, Ölüm hökmü qoltuğunda gəzən var; Burda "bizik", nə "mən" vardır, nə "sən" var. Yox, ağlama, ana millət, ağlama! Qorxuram ki, sına millət, ağlama. Hayqır, könül, bundan betər çağ hanı? İnsan yanır, torpaq yanır, dağ yanır. Bacım, indi ağlamağa vaxt hanı? Qardaş deyib, yurddaş deyib, ağlama! Ağlamağın yeri deyil, ağlama. Əyilməkdir ağlamağın tərs üzü, Dərdi dartıb üzməyəni dərd üzür, Ağlayanı tez də tapır dərd-hüzür, Bəlkə tanrı belə yazıb, ağlama. Səsini boğ, millət qızı, ağlama. Bu torpağın son qurbanı mən olsam, Öz odumda yanıb külə tən olsam, Eldən ötən güllələrə dən olsam, Ata millət, oğul, deyib ağlama, Ağlamağın yeri deyil, ağlama! 3 mart, 1992
Comments