Heydərov Bahadur Əli oğlu, 1937-cü ildə Kəlbəcər rayonunun Kəlbəcər qəsəbəsində anadan olmuşdur. 1947-ci ildə Kəlbəcər qəsəbə orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 1957-ci ildə məktəbi əla qiymətlərlə bitirmişdir. O, 1957-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.
B.Ə.Heydərov 1962-ci ilin sentyabr ayında Azərbərbaycan SSR Maarif Nazirinin təyinatı ilə Kəlbəcər rayonunun Xalq Maarif şöbəsinin sərəncamına göndərilmişdir. O vaxt Kəlbəcər rayonunda yerli ali təhsilli kadrlara böyük ehtiyac var idi. Heydərov 3 il Kəlbəcər rayonunun Aşağı Qılışdı kənd orta məktəbində kimya və biologiya müəllimi işləmişdir.
B.Ə.Heydərov 1965-ci ildə Bakıya gəlib, Azərbaycan SSRİ Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasına imtahan verib və “Nadir elementlərin kimyası” laboratoriyasına aspirant qəbul olunmuşdur. O, 1968-ci ildə “Yarımkeçiricilər kimyasında yarımkeçirici maddələrin qaz fazasında alınması” mövzusunda dissertasiya müdafiə edib, kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Diseertasiyanın işlənməsinə, hazırlanmasına Azərbaycan SSR EA-nın müxbir üzvi, kimya elmləri doktoru professor Paşa Rüstəmov rəhbərlik etmişdir.
B.Ə.Heydərov 1970-ci ildə müsabiqədən keçmək yolu ilə hazırki, M.Ə.Rəsulzadə adına BDU-nin kimya fakültəsinə dosent təyin olunmuşdur. Bahadur müəllim institutda işlədiyi müddətdə fakültənin ictimai və siyasi həyatında yaxından iştirak etmişdir.
B.Ə.Heydərovun yüksək dərəcədə idarəçilik qabiliyyəti vardı və kafedra əməkdaşları ilə mədəni və işgüzar davranışlarını institut rəhbərliyi yüksək qiymətləndirirdi. Elə bu səbəbdən də onu fakültənin elmi işlər üzrə dekan müavini, texniki işlər üzrə Şura sədri, Müdafiə Elmi Şurasının üzvü seçilmişdir və həmkarlar təşkilatı xətti üzrə fakültənin təlim-tərbiyə üzrə işlərində aparıcı rola malik olmuşdur.
B.Ə.Heydərov 40-a qədər elmi əsərlərin, metodiki vəsaitlərin müəllifidir. 1971-ci ildə Bahadur müəllim Dünya kimyaçılarının simpoziumunda “Tipli yarımkeçirici birləşmələrin monokristallarının alınması” mövzusunda elmi mühazirə ilə çıxış etmişdir.
B.Ə.Heydərovun aldığı yeni materiallar SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində nümayiş etdirilmişdir. Sərginin təşkilatçıları və qonaqları onun işini yüksək qiymətləndirmişdilər və o, sərginin Fəxri mükafatına layiq görülmüşdür. Bundan sonra onun işləri bir çox şəhərlərdə özü və yetişdirdiyi aspirantları vasitəsi ilə məruzə olunmuşdur.
Xüsusi ilə Novosibrskidə, Kiyevdə, Moskvada, MDB ölkələrinin paytaxtlarında Bahadur müəllimin bir sıra elmi çıxışları olmuşdur.
Hal-hazırda Bahaduü müəllim öz elmi pedaqoji fəaliyyətini BDU-də davam etdirir.
Comentarios