Yanvarın 24-də işğaldan azad edilmiş Şuşa və Ağdam şəhərlərinə ilk sərnişin avtobusları yola düşüb. Şuşa və Ağdama avtobus reyslərinin açılması Qarabağın azad edilmiş digər bölgələrindən olan sakinləri də öz torpaqlarını ziyarət etməyə həvəsləndirib. Bununla bağlı bir neçə rayondan olan sakinlər aidiyyatı qurumlara müraciət də ünvanlayıblar.
Kalbajar.com xəbər verir ki,işğaldan azad edilən bölgələrin deputatları Modern.az-a təmsil etdikləri ərazi üzrə avtobus reyslərinin nə zaman açıla biləcəyindən danışıblar.
123 saylı Kəlbəcər seçki dairəsinin deputatı Aqil Məmmədov bildirib ki, Şuşa və Ağdama avtobus marşrutlarının amılması təqdirəlayiq haldır:
“Tək o rayonların sakinləri yox, bütün Azərbaycan vətəndaşları həmişə arzulayıblar ki, işğadan azad olunmuş ərazilərə səfər etsinlər, oraları canlı şəkildə görsünlər. 30 illik həsrətin nəticələridir ki, bu arzu-istək yaranıb.
Vətəndaşlarımızın təhlükəsizliyi bizlər üçün daha önəmlidir. Bu baxımdan Prezident də vurğulayıb ki, qanunsuz şəkildə işğaldan azad olunmuş ərazilərə səfərlər olmasın. Çünki ərazilər minalanıb və təmizlənməsi üçün qarşı tərəf doğru xəritələri bizə təhvil verməyib. Artıq bir ildən çox zaman keçib. Bir çox bölgələrimizdə təhlükəsizlik, quruculuq işləri aparılır. Şuşa, Ağdam şəhərləri istiqamətində yolların çəkilişi, ərazilərin müəyyən bir qisminin minalardan təmizlənməsi o bölgələrə səfərlərə imkan yaradıb. Bu marşrutlar ilkin pillə kimi qəbul edilməlidir. Növbəti rayonlarımız, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və digər bölgələrimiz ola bilər. Bu rayonlara da tezliklə səfərlər təşkil olunacaq. Bu saat hansısa avtobus marşrutunun Kəlbəcərə gedib-gəlməsi mövsümlə əlaqədar mümkün deyil. Ağdam və Şuşa şəhərlərinə marşrutların açılmasına qədər vətəndaşlarımız çoxlu müraciətlər ediblər. Mən də bununla bağlı aidiyyatı qurumlara sorğu göndərmişəm. Yuxarıda sadaladığım məsələləri nəzərə almaq lazımdır. Havalar istiləşəndən sonra Kəlbəcərə rayonuna qrafiklə, az-az da olsa, sakinlərin gediş-gəlişi təmin olunacaq. İlk növbədə yaşlı nəsilin və şəhid ailələrinin nümayəndələri, veteranlarımız cəlb olunmalıdır. Bir daha təkrar edirəm, təhlükəsilik baxımından bütün bu proses mərhələli şəkildə həyata keçirilməlidir. Yaxın zamanlarda digər işğaldan azad edilmiş ərazilərə də avtobus marşrutları açıqlacaq. Vətəndaşlarımız öz doğma yurd-yuvalarına gedə biləcəklər”.
Deputat bildirib ki, bu Böyük Qayıdışın ilk mərhələsidir:
“Bunu hər kəs alqışlamalı, yüksək dəyər verməlidir. Müharibədən sonra azad olunan ərzilərə qanunsuz səfərlər edən yüzə yaxın vətəndaşımız minaya düşərək, həlak olub. Xoşagəlməz hadisələrin bir daha yaşanmaması üçün bütün tədbirlər düşünülmüş, mərhələli şəkildə aparılmalıdır. Yaxın zamanlarda vətəndaşlarımız işğaldan azad olunmuş bütün ərazilərə səfər edə biləcəklər”.
Comentários