Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Eldar Həsənov ifadə verib. O, ittihamlarla razı olmadığını bildirib. Daha sonra təqsirləndirilən şəxs bir daha səhhəti ilə bağlı məlumat verib. Vəkil Cavad Cavadov vəsatət qaldırıb. O, E.Həsənovun barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Vəsatət təmin edilməyib. Prosesdə fasilə elan olunub. Fasilədən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, E.Həsənovun səhhətində problem yaranıb. Yeri gəlmişkən, prosesdə çıxış edən müdafiə tərəfi Eldar Həsənovun səhhətinin pis olduğunu və məhkəmənin təxirə salınmasını istəsə də hakim Əfqan Hacıyev bununla razılaşmayıb. Qeyd edək ki, məhkəmə prosesinin ilk dəqiqələrindəcə Eldar Həsənov huşunu itirib. Təcili Tibbi Yardım həkimləri məhkəmənin dəhlizində Eldar Həsənova ona süni oksigen verərək, sistem köçürüb. Foyedə xərəkdə uzadılan Eldar Həsənova yaxınlaşan hakim Əfqan Hacıyev “Mən o qədər də zalım adam deyiləm” deyə üzrxahlıq edib. Məhkəmə iclası sentyabrın 20-dək təxirə salınıb.
Comments