30 Yanvar 2019-ci il tarixində Gənclər Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə "Gənclərin Dostu" Milli Mükafatının təqdimat mərasimi keçirilib. Kalbajar.com xəbər verir ki, mərasimdə Milli Məclisin deputatları, tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar o cümlədən KİV nümayəndələri iştirak ediblər.
Gənclər Mərkəzinin sədri Kənan Qubadzadə tədbiri açaraq bildirmişdir ki, Mükafat təşkilat komitəsinin qərarı ilə keçirilən sorğu nəticəsində müxtəlif sahələrdə çalışan şəxslərə və gənclərə xüsusi qayğı göstərən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına önəm verən, xeyriyyəçilik edən, ictimai-siyasi həyatda fəal iştirak edənlərə təqdim edilmişdir. Həmçinin təşkil edilən tədbirdə Gənclər Mərkəzi Ictimai Birliyinin nəzdində "Azərbaycan Gənc Sahibkarlar Klubu"nun yaradılması elan edilmişdir.
Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov bildirib ki, Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda Ulu öndər Heydər Əliyev Bakıya gələrək xilaskarlıq missiyasını yerinə yetirdi: "Amma ilk növbədə Ulu öndərimiz Naxçıvanı xilas etdi. 1990-cı illərin əvvəlində Bakıda təzyiqlərlə üzləşən Heydər Əliyev Naxçıvana pənah gətirdi. Mən deyərdim ki, bu əslində Naxçıvanın şansı idi. Həmin dövrlərdə Azərbaycanın əleyhdarlarının tərtib etdiyi planda təkcə Dağlıq Qarabağın yox, eyni zamanda Naxçıvanın da işğal edilməsi nəzərdə tutulmuşdu. Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi bu ərazinin də işğal edilməsinin qarşısını aldı. Ulu öndər Heydər Əliyevin qayıdışı ilə xalqımızın Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin olunması kimi arzusu yerinə yetdi.".
Klubunun koordinatoru Anar Sarıyev və Elvin Hüseynov çıxış etmiş, tədbir iştirakçılarını 2 Fevral Gənclər Günü münasibəti ile təbrik edərək onlara uğurlar arzulamış və Klubun gələcək fəaliyyəti barədə dolğun məlumat vermişdir.
Daha sonra çıxış edən millət vəkilləri Adil Əliyev, Musa Urud, Jalə Əliyeva Azərbaycanda gənclər siyasəti ilə bağlı görülən işlərdən söz açıblar. Bildirilib ki, vaxtilə ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan dövləti üçün qoyub getdiyi irs bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyə və tapşırıqlarını verir.
Çıxışlardan sonra "Gənclərin Dostu" Milli Mükafatı öz sahiblərinə təqdim olunub. Mükafat alanlar arasında Kalbajar.com saytının rəhbəri Rəşad Abdullayev də olub.
Qeyd edək ki, "Gənclərin Dostu" Milli Mükafatı bir qrup millət vəkillərinə, gənc fəallara, ictimaiyyət xadimlərinə o cümlədən bir sıra jurnalistlərə verilib.
Comments