top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Gözəl qələm sahibi Cabir Umudla ilk tanışlığımızla bağlı deyəcəklərim sonraya qalsın...


Gözəl qələm sahibi Cabir Umudla ilk tanışlığımızla bağlı deyəcəklərim sonraya qalsın...


“Mamır olub qayasında bitməz ikən, Vətən mənə oğul deyər?!” Kəlbəcərin tanınmış ziyalılarından biri olan gözəl qələm sahibi Cabir Umud oğlu Hüseynov 1954-cü il dekabr ayının 5-də Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər rayonunda anadan olub. Kəlbəcər rayon 1 saylı orta məktəbi əla qiymətlərlə bitirib. O, hələ kiçik yaşlarında orta məktəbdə oxuyarkən rayonunun “Yenilik” qəzetində saysız şeir və məqalələri dərc olunub. Şairlik istedadı isə atası şair Umuddan keçib. Cabir Umud 1973-cü ildə Nəriman Nərimanov adına Tibb İnstitutuna daxil olub. Şeirləri və publisist yazıları ilə tanınan şair ali təhsil illərində də bədii-özfəaliyyət dərnəklərinin fəal üzvü olmaqla yanaşı, öz şeirləri ilə tədbirlərdə dəfələrlə çıxış edir. 1979-cu ildə müalicə işi ixtisası üzrə tam kursu bitirib, həmin ildən doğma rayonuna qayıdıb, əmək fəaliyyətinə Kəlbəcər rayon Aşağıqılınclı kənd xestəxanasında həkim-terapeft kimi başlayaraq baş həkim vəzifəsinə kimi yüksəlmişdir. 


1993-cü il Kəlbəcər rayonunun işğalından sonra 3 övladı, 2 oğul bir qız atası Cabir Umud ailəsi ilə bərabər qəriblər paytaxtı olan Bakı şəhərində məskunlaşır. Yaxşı yadımdadır, 09 aprel 2014-cü il tarixdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Ağdaban faciəsinin 22-ci ildönümü ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində anım tədbirində həm də şair Cabir Umudun “Burda bir kənd vardı” adlı kitabının təqdimat mərasimi keçirilirdi. Kəlbəcərin tanınmış ziyalılarının, şair və yazıçıların, KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş bu tədbirdə tanınmış şair Məmməd Aslan qeyd edir: Kəlbəcərin Ağdaban kəndi erməni seperatçıları tərəfindən qətliama uğradıqdan sonra istedadlı şair Cabir Umud bəşərin görmədiyi müsibət haqqında son dərəcə təsirli “Burda bir kənd vardı” adlı bayatı janrında poema yazmışdır. Bu kitab istər vətəndaş unutqanlığı qarşısında bir haraydı, istərsə də dünyanın sülhsevər qüvvələrinin fikir və düşüncələrinə xitab etmək cəhətdən gərəklidir. Ədəbi tonqal mahiyyətində bir yaddaş vasitəsidir. Savadlı həkim olmaqla yanaşı şair bu və digər janrlarda olan şeirlərində hər zaman el dərdini, vətən həsrətini, ana yurdun təbiətini tərənnüm edib, elin adət-ənənələrini, şəhidlərini və işgal tarixini ürək ağrısı ilə qələmə alaraq doğulduğu elinə-obasına borcunu vermək istəyir. Vətən həsrəti, yurd itgisi şairin əsərlərində özünü açıq şəkildə biruzə verir. Onun “Qəm dəyirmanı”, “Bu daş, bu tərəzi”, “Dərdim varsa tək deyiləm” adlı 300-350 səhifəlik şeir kitabları Ağdaban faciəsinə həsr olunmuş və “Burda bir kənd vardı” poeması, 1000-ə yaxın cinaslı bayatıdan ibarət olan “Bayatı yağmuru” kitabı müxtəlif illərdə çap olunub. Təəssüf ki, şair 2015-ci il iyulun 28-də dünyasını vaxtsız dəyişdi ölməz şair. Həmkarım Elçin Məmmədli yazır: “Gözəl qələm sahibi, Kəlbəcərin tanınmış söz- sənət insanlarından biri, həkim-şair Cabir Umuda bu dünya yaman vəfasızlıq etdi. Cəmi- cümlətanı 60 yaşı vardı. Bir şair ömrü üçün 60 yaş nədir ki? Amansız bir xəstəliklə neçə müddətdir mübarizə aparırdı və axırda... yox, Cabir Umud məğlub olmadı, sadəcə xəstəlik çox alçaqlıq etdi. Qəlbində hələ deyilməmiş nə qədər sözü, ürəyində nə qədər arzusu qaldı... Şeirində “ Lazım gəlsə, döyüşərik-, 


Dedilər, arada bir, Tapdaq altda qalan yurdun sərkərdəsi, Gərək olsun əsgəri ilə sırada bir...” - deyən Cabir Umud elə doğma yurdu Kəlbəcəri tapdaq altda qoyub, bu dünyadan köçdü. Vətən sevgisinin, yurd həsrətinin insanı necə məhv etdiyini mən Cabir Umudun timsalında gördüm. Vətən həsrəti, yurd eşqı şairi içəridən yeyib üzdü, qorun-qorun yandırdı və axırda?.. Bu dünyanın axırı varmı heç? Axırını fikirləşən qəhrəman ola bilməz axı... Cabir Umud isə, dəyişməz əqidəsi, haqsızlığa qarşı yorulmaz mübarizəsi, mərd, vətənpərvərlik ruhlu, torpağına dönük çıxanlar haqda yazdığı qınaqlı şeirləri ilə əsl qəhrəman idi... Ona görə də yazırdı: “Mənim yolum o yollardan ayrıdır, Cığırmıdır, ya izmidir, mənimdir. Əqidəm bir, amalım bir, işim bir Yanlışmıdı, ya düzmüdü, mənimdir.” Biz də öz növbəmizdə şairə Allahdan qəni-qəni rəhmət diləyib, bir neçə şeirini oxuculara təqdim edərək gözəl insan Cabir Umudla ilk tanışlığımızla bağlı deyəcəklərim onun folklorumuza dəyərli töhfə olacaq hazırda işıq üzü görəcək “Sazın dastanı” poemasının təqdimatına qalsın deyirəm. Vətən mənə oğul deyər? Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında biterdim Məmməd Araz Mamır olub qayasında bitməz ikən, Vətən mənə oğul deyər?! Dağlarında qıyya çəkib ötməz ikən, Vətən mənə oğul deyər?! Buz bulağı yad əllərə sərinlikdir, Qisas almaq-ər istəyir, ərənlikdir, Dərdi, qəmi nəhayətsiz dərinlikdir, Vətən mənə oğul deyər?! Dərilərkən tapdalanar çiçəkləri, Sevilərkən, ləkələnər göyçəkləri, Görə-görə anlamıram gerçəkləri, Vətən mənə oğul deyər?! Naxış salmır zəmilərə lalaları, Öz oduna qalanıbdı talaları, Yağmalanıb quş səkməyən qalaları, Vətən mənə oğul deyər?! Nə müddətdir düyün düşüb qaşlarına, Niyə qanım çilənməyib daşlarına? Nə qədər ki, dözürəm göz yaşlarına, Vətən mənə oğul deyər?! Nə qədər ki, süslüyümü boğmamışam, Nə qədər ki, yanğısına yağmamışam, Nə qədər ki, qeyrətimi boğmamışam, Vətən mənə oğul deyər?! Nə vaxt qanım daşlarında güllənəndə, Adım-sanım, yer üzündə bəllənəndə, Qara zurna yurd yerində dinlənəndə Vətən mənə oğul deyər! Şair dünyası Deyirlər, şairlər kövrək olurlar, Kövrəklik, şairin elə dünyası, İçində bir Kərəm, bir Əsli yanır, Pərən-pərən düşüb Lələ dünyası. Bir çiçəyi açır, bir gülü solur, Bir xoş təbəssümdən bəxtiyar olur, Gah könlü talanır, gah gözü dolur, Döyülür yağışa, yelə dünyası. Günləri ötüşmür qayğıdan uzaq, Bir anı yaşamır duyğudan uzaq, Məhəbbəti deyil sayğıdan uzaq, Cəfasıynan təndi şələ dünyası. Bir bilən varmı ki, qəlbi nədəndi? Kövrəklikdən bağrı zədən-zədəndi, Bir cəfakeş ürək, bir də bədəndi, Sirrin bildirməyib hələ dünyası. Qəlbinə toxunsan, ah-aman olar, Simsarı bir dərdi, bir zaman olar, Şairin yanması nə yaman olar, Bir də gördün döndü külə dünyası. Kəfənin cibi olmur Can eşqinə don tikənlər, Uzun ölçüb gen tikənlər, Beş tikənlər, on tikənlər, Kəfənin cibi olmur. Fani sevgilərin yolu, Həsədlə, pisliklə dolu, Ey azmış nəfsinin qulu, Kəfənin cibi olmur. Feyz eylər yaşı dünyanı, Sən bilmə naşı dünyanı, İstəsən daşı, dünyanı, Kəfənin cibi olmur. Könlünü göylərə səslə, Yolçu ol, irfanı kəslə. Rəbbinə sevgilər bəslə, Kəfənin cibi olmur. Varı cibdə yaşayarlar, Var hökmünə daş oyarlar, Varı cibdə daşıyarlar. Kəfənin cibi olmur. Sən qonaqsan, köçmək sənlik, Sirat öndə, keçmək sənlik, Iki yol var: seçmək sənlik, Kəfənin cibi olmur. Dünyanı belə görürəm… Birdən elə kövrəlirəm, Göz yaşım içməyim gəlir. Çeşid-çeşid dərdlərimi Dəsbədəst seçməyim gəlir. Dünyanı elə görürəm, Düzəlmir hələ, görürəm, Dünyanı belə görürəm, Dünyadan köçməyim gəlir. Dövran əyib öz yükünü, Xıırıd eləyir bez yükünü, Sahmanlayıb söz yükümü, Hər şeydən keçməyim gəlir. Yetmir Cabirin hayına, Başı qarışıb oyuna, Bu dünyanın öz boyuna, Bir köynək biçməyim gəlir. Qara daşın göyərəsi vaxtıdı Bu dünyanın qara daşı göyərməz. Musa Yaqub Dünya tamahına qarındaş olub, Qara daşın göyərəsi vaxtıdır Dünya dönüb, özü qara daş olub, Qara daşın göyərəsi vaxtıdır. Qara yellər qara-qara əsmədə, Çıraq yandır, qaranlıqdan küsmə də, Qara günlər artıq qara kəsmədə, Qara daşın göyərəsi vaxtıdır. Bu nə sirdir, döyüş həngi çalınmır, Qol sınıbmı, zəfər zəngi çalınmır?! Qara zurna susub, “Cəngi” çalınmır. Qara daşın göyərəsi vaxtıdır! O daş sənsən, o daş mənəm, Yurd əsir, Ormanında tənha qalan qurd əsir, Göyərməmək dən gözləyən Yurda sir, Qara daşın göyərəsi vaxtıdır! Qara daşın göyərəsi vaxtıdır! Səbrin nə çoximiş, ay ev yiyəsi Daşdan yaranmısan, daş da əridi, Səbrin nə çoximiş, ay ev yiyəsi? Bir günün üstünə illər yeridi, Səbrin nə çoximiş, ay ev yiyəsi? Bir budaq gövdədə kəsili qalıb, Bir alma budaqda küsülü qalıb, Bir evin ümidin asılı qalıb, Səbrin nə çoximiş, ay ev yiyəsi? Gileylidi ötən zaman, ötən çağ, Təşnə olub solan bağça, solan bağ, Səndən ötrü bir bayatı lələdağ, Səbrin nə çoximiş, ay ev yiyəsi? Bir həsrət boylanar, hey səni görməz, Bir istək meylini kimsəyə verməz, Nə atın kişnəməz, nə itin hürməz, Səbrin nə çoximiş, ay ev yiyəsi? Sığalın əlindən alan çiçəklər, Təhnizdə, töhmətdə qalan çiçəklər, Halallıq istəyir solan çiçəklər, Səbrin nə çoximiş, ay ev yiyəsi? Dağlar qəhərlənər, çənə bələnər, Yurd yerinə ələm, hüzn ələnər, Qeyrət, təpər dar ayaqda bilinər, Səbrin nə çoximiş, ay ev yiyəsi? Alçaldılan bir belə də yatar,dur! Torpağında qanqal, tikan bitər, dur! Bu mütilik, bu donuqluq yetər, dur! Səbrin nə çoximiş, ay ev yiyəsi? Səbrin nə çoximiş, ay ev yiyəsi? Daş yozumu Daş yozumu həm müəmma, həm aşkar Daş yozumu dildə gerçəyə döndü. Daş yozumu zərb-məsəl donunda, Sözün çətirində ləçəyə döndü. Birinə dedilər başı daşlıdı, Birinə dedilər daşın atılsın! Birinə ən ağır cəza verildi: Dedilər, meydanda daşa tutulsun! Sirri açmamağa qərar verdilər: “Bir daş altda, bir daş üstdə” – məsəldi. Mətinliyin, igidliyin görkünə Daş dəmirdən, daş poladdan əzəldi! “Daş daşın üstündə qalmasın gərək!” Ən ağır ittiham, ən ağır cəza. Yurd daşının qəribliyə düşməsin Uyarına sala de, kimlər yaza?! “Sən daş qoyan yerə baş qoyaram mən!” Ülfətə, hörmətə, qüdrətə baxın! Daşın əzəməti başla ölçüldü: Hörmətə, sevgiyə, ibrətə baxın! Analar qızına öyüd verəndə, Tapşırdı: Dilinin altına daş qoy! Atalar iz açan oğullarına Söylədi: Yurdunda daş üstdə baş qoy! Pəncərədən atılan daş sevgiymiş, Sevgi yurd ovqatlı daş olmalıymış! Qayalar daşların daş zirvəsidir: Sevgi o zirvədən baş olmalıymış! Daşdan-daşa dəymək – nə ağır qarğış… Öyüd imiş başın daşa dəyməsi. Pərsəngli tərəzi şeytan əməli: Bağışlanmaz tərəzinin əyməsi. Şər xeyirin bostanına daş atdı, “Daldan atılan daş topuğa dəydi!”. Göy üzünə atılan daş qayıtdı: Daş yaddaş yaşadan torpağa dəydi. Özünü haqq bilib, haqqı yenənə “Bu daş, bu tərəzi” ölçüyə döndü, Şah ərzinə «elçi daşı» yarandı, İnsan daş üstündə elçiyə döndü. Bir ağılsız bir quyuya daş atdı, Min ağıllı min qınağa çəkildi. “Daş atıb başını tutan” and içdi: İsbatına min sınağa çəkildi. Tarixin yaddaşı daşa yazıldı, Bir qaya parçası başdaşı oldu. Yaxşının saf işi, xeyir əməli Yamanın başına baş daşı oldu. Kimi çörəyini daşdan çıxartdı, Kiminin qisməti daşa çaxıldı. İnsan bu dünyadan köçüb gedəndə, Yeri buğda boyda daşa çıxıldı. Atılan daşların biri də mənəm, Yurda qayıtmağım daşa keçibdi. Bir zaman başına tuşlanan o daş – Cabir! Qəbrin üstdə başa keçibdi. Yarım (Təcnis) Yarım dedim, yarım mənə küsəndi, Yarımı da yar elədim yarıma. Yarım sevdalandı, yarım yarında, Əcəb lütf elədi yarım yarıma. Oğrun baxan ya divanə, ya naşı Köz bağlayar atəşimə yanışı, Diləyimdir vüsalımla yanaşı, Bu sevdadan yar yarıya, yar uma. Verən buta verdi, sənə yar dedim, Sınamağa bağrım başın yar dedim. Qədəminə gül olaram yar, dedim Gedər olsan ya Hələbə, ya Ruma. Qarşı gələn zərif, zərif yara oxşadı, Zərifliyi zərif yara oxşadı... Cabir sevdi zərif yarı, oxşadı... İstəməyən, səni görüm yarıma. 05.09.2003 Eyləyər (Divani) Uzun ömür nəyə lazım, əgər yoxsa səfası, Əvvəl-axır əcəl yetər, oda büryan eyləyər. Gileylənmə, nə faydası, dünyanın yox vəfası, Dincliyini alar əldənqəmə giryan eyləyər. Dil nə qədər ötgəmdirsə, yenə başa möhtacdır, Şah zalımsa, taxt qızılsa, tacı qiymətsiz tacdır, Gəda əgər hökmdarsa, yenə gədadır, acdır, Asar-kəsər nahaq yerə, qəlbləri qan eyləyər. Bu dünyanın hər üzü var, çox güvənmə özünə, Bu dünya nazlı gəlintək görünməsin gözünə, Saçlarına sığal çəkib, gülə, gülə üzünə, Heç özün də duyamazsan, ömrünü son eyləyər. Dərdi verər, uf da deməz, hünərin var alma sən, Sarvana heç fərq eləməz, karvanından qalma sən, Demə sənlə işi yoxdur, heç arxayın olma sən, Dərdi arıya döndərər, sinəni şan eyləyər. Dostu yoxla ömrün boyu, düşmən kimi birbəbir, İgidin igiddən fərqi bir ehtiyat, bir səbr. Heç kimlə ülfət bağlamaz qəmin bölməyən Cabir, Dərdləriylə məclis qurub gecəni dan eyləyər. Aprel 1978 Bayatı yağmuru Yay – oxdu, Əlimdəki: yay – oxdu. Getdim, yurdu tapmadım: Ya köçübdu, ya yoxdu... Dağım haray... Yaylağım, dağım haray... Ayrılıq sinəmdə dağ, Dağlanıb dağım, haray... Dağım haray... Yaylağım, dağım haray... Kürəyimdə qəm yüküm, Sinəmdə dağım, haray... Yar yaxası, Açılıb yar yaxası... Hər oda yaxılmaram, Yaxarsa, yer yaxası! Yarı gördüm, Boylandım, yarı gördüm. Gözlərim tor bağladı, Gördüm də, yarı gördüm. Yara belə, Sinəmdə yara belə. Qaş çatdı, üz bozartdı, Nə dedim yara belə?! Lalə dağlar, Mən yolçu, lalə: dağlar Kərəm yandı, qurtardı: Sinəmi Lalə dağlar. Yar əlinə, Xina yax, yar əlinə. Ox onun, kaman onun: Yar bilər yaralı nə. Yar dərsin, Çiçək açdım: yar dərsin. Nə pürkamal ustaymış, Dürüst verib yar dərsin! Göz əldən gedər Ağlar, göz, əldən gedər. Gözlə könül söhbəti, Getsə gözəldən gedər. Qana yar, Zülfün qaçır qana, yar. Dərdim qaysaq bağlamaz, Əl dəyməmiş qanayar. Qəm ələnər, Üyünər, qəm ələnər. Qəm əlində Qəmə var: Ürəyim qəm ələnər Cəmilə (Çiçək) İsbəndiyarova AJB və AYB-nın üzvü, prezident təqaüdçüsü


Yorumlar


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page