"Düşmənlər bizim şəhid kəşfiyyatçıları öz əsgərlərinə nümunə olaraq ehtiram və hörmətlə dəfn ediblər"
Düşmənə təslim olmayaraq özlərini partladan kəşfiyyatçılarımızın fotoları yayılıb. Mühasirəyə düşən, amma ermənilərə təslim olmayan şəhid kəşfiyyatçılarımızın komandiri danışıb. Əməliyyata gedən kəşfiyyat qrupunun N saylı hərbi hissə komandiri polkovnik Xətai Baxışovun dediklərindən:
O, bildirib ki, N saylı hərbi hissənin komandiri olduğu vaxt hazırlanan əməliyyatdan çox az adamın xəbəri olub:
“1997-ci il aprel ayında şəkkiz nəfərdən ibarət kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa – düşmənin arxasına göndərildi. Qrup düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəli keçərək tapşırığı yerinə yetirdi. Bu çox vacib bir əməliyyat idi. Lakin qrup geri qayıdarkən düşmən tərəfindən aşkarlanıb. Düz üç gün onlar ermənilərin mühasirəsində müxtəlif manevrlər edərək döyüşdülər. Əsasən də gecələr ermənilərin mövqelərinə ciddi zərbələr vururdular. Həmin döyüşlər gedən zamanı əraziyə ermənilərin danışıqlarını izləmək məqsədi ilə Bakıdan döyüş bölgəsinə radio danışıqları tuta bilən xüsusi maşın (radioperexvat – red ) aparmışdıq.
Düşmənin radio danışıqlarından nə baş verdiyini müəyyənləşdirmək olurdu. Mühasirə həlqəsi daralan kəşfiyyatçılarımız ermənilərə çox ciddi zərbələr vurdular. Ermənilər həm canlı qüvvə, həm də texnika itirdilər...Mühasirə tam daraldıqda isə ermənilər onları təslim olmağa çağırıblar. Amma kəşfiyyatçılarımız onların bu təklifini rədd edib sona qədər döyüşüblər. Yalnız Aqil Əhmədov yaralanıb huşsuz halda əsir düşsə də, digər yeddi kəşfiyyatçımız şəhid oldular! Ermənilər bizim şəhid kəşfiyyatçıları öz əsgərlərinə nümunə olaraq ehtiram və hörmətlə dəfn ediblər. Yalnız altı aydan sonra – oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində cəsədləri erməni cəsədləri ilə dəyişdik, iki gün sonra Bakıda II Şəhidlər Xiyabanında dəfn etdik.”
Kəşfiyyatçılarımızın Rusiyanın “Soldat udaçi” adlı hərbi jurnalının 1997-ci il, 11 -cı sayında yayılmış fotolarını da əldə edib. Fotolarda iki kəşfiyyatçımızın - Leytenant Ağayev Elxan Ataxan oğlunun və Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlunun düşmən arxasında ölümdən əvvəlki və şəhid olandan sonrakı fotoları yer alıb. Onları sizlərə təqdim edirik.
Erməni məhkəməsi Aqilə güllələnmə də kəsir. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur.
Xatırladaq ki, onların hər birini mərhum prezident Heydər Əliyev Azərbaycan Bayrağı ordeni ilə ölümündən sonra təltif edib:
Leytenant Ağayev Elxan Ataxan oğlu:
Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu:
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;
Çavuş Əhmədov Aqil Mürsəl oğlu. (Sağdır) /Oxu.az/
Comments