Xəbər verdiyimiz kimi son zamanlar Ermənistan tərəfi erməni əsirliyində qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycan Respublikası ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və Araik Kazaryanla qarşılıqlı mübadilələrinə Azərbaycanın hazır olmadığı barədə sərsəm açıqlamalar verib.
Məsələyə münasibət bildirən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Moderator.az-a açıqlamasında əslində ermənilərin hər dəfə bu təklifdən boyun qaçırdığını və sonra da bu cür həyasızcasına açıqlamalar verdiklərini bildirib:
“Ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu əsir və girovların hamının-hamıya prinsipi ilə dəyişdirilməsi prosesini bu gün də ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Ölkə başçısı beynəlxalq təşkilatlara və həmçinin Ermənistana bu formada çağırış və prinsipial yanaşır ki, girovlar hamının-hamıya prinsipi ilə dəyişdirilməlidir. Bildiyiniz kimi bir müddət öncə Rusiya və Ukrayna arasında da əsir və girovların hamının-hamıya prinsipi ilə dəyişdirilməsi prosesi baş tutdu və bu təqdirəlayiq bir addım oldu. Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında razılıq əldə olunar və əsirlər hamının-hamıya prinsipi ilə dəyişər. Ancaq Ermənistan Azərbaycanın təkliflərini və çağırışlarını qulaqardına verərək hətta həyasızcasına belə bir açıqlama verərək deyir ki, Azərbaycan tərəfi bizə təklif etməyib”.
Moderator.az
Comments