Axşamınız xeyir!
Bilirəm, “axşamınız xeyir”, sözüylə məktub yazılmır.
Amma neyniyim, burda günün 24 saatı qaranlıqdır; 30 ildir, Günəş yoxdur!
Hərdən elə bilirəm, bütün dünya qaranlıqdı, elə Sizin də mənsiz Günəşiniz yoxdu. Yanılmıram ki...
Amma yox, arada yanıldığımı da bilirəm.
Mən, QARABAĞAM! Yəqin, xatırladınız: ata-babalarınızın qəbirləri viran olan, ulularınızın ruhları əzilən, qız-gəlinlərinizin namusu çöllərə tökülən, dədələrinizin, nənələrinizin xiffətimdən ürəyi partlayan, izinizin silindiyi XARABA, YAZIQ bir diyar...
Yox, deyəsən, yadınıza düşmədim ,- ermənilərin girov götürdüyü Dilqəm, Şahbaz mənə görə hər an işgəncə yaşayırlar,- həmin QARABAĞAM!
Bilirəm, başınız daha vacib işlərə qarışıb, deputat olmaq istəyirsiniz. Özünüzü seçicilərə tanıtmaq üçün o ziyarət etdiyiniz Şəhid anaları, Şəhid övladları, Şəhid xanımları var e...
...Onlar mənə görə gözüyaşlı qalıblar. Utanıram, onlara görə, günahkaram onların yanında...
Çox uzatmayım. Onsuz da elə vaxtdır ki, kimsə kimsənin kitabını oxumur. Mənim bu məktubum guya kimə lazımdır ki?!
Nə edim, yazıram da... Oxuyan da sağ olsun, oxumayan da!
İndi Sizin üçün deputat mandatı Qarabağdan min dəfə rənglidi, çəkicidi, dadlıdı, maraqlıdı, vacibdi. Bunu hamı bilir! Elə Siz də, mən də...
Mətləbə keçim.
Təbliğatınız dövründə Sizi çox güclü gördüm. Mandat üçün dost-dosta, qohum-qohuma, kişi xanıma rəqib oldu. Normal qarşıladım.
Mandat üçün dost-dosta, qohum-qohuma, kişi xanıma düşmən oldu. Onu da normal qarşıladım.
Mən QARABAĞAM!
Kaş ki, mənim üçün də bu qədər mücadilə edərdiniz! Daha bir 30 il də məni Sizsiz qoymayın. Yoxsa , Sizin olmayacağam. Heç istəsəm də ola bilməyəcəyəm. Tələsin!
Ata-babalarınızın qəbirləri viran olan yerlərdə düşmən qəbirləri dikəlir, ulularınızın ruhları əzilən yerdə düşmən ruhları gəzir, qız-gəlinlərinizin namusu çöllərə tökülən yerlərdə düşmən qız-gəlinləri toy-bayram edir, dədələrinizin, nənələrinizin xiffətindən ürəyi partlayan yerlərdə düşmən dədə-nənələri aborigenlik edir, izinizin silindiyi yerdə düşmən izi göyərir, XARABA, YAZIQ bir diyar düşmən üçün laləzara çevrilir.
Fərqindəsinizmi?
Daha bir 30 il də məni Sizsiz qoymayın! Yoxsa Siz də, Sizdən gələcək nəsillər də mənə həsrət qalacaq.
Mən QARABAĞAM... Xatırladınız?!
Yoxsa, xatırladım: Danışmağa mövzu, deməyə söz olmayanda bəhs etdiyiniz Qarabağ...
Ən nəhayət!
Qarabağsız deputat mandatı, yoxsa Qarabağlı sıravi AZƏRBAYCANLI!
MÜCADİLƏNİZ MÜBARƏK!
İmza: QARABAĞ!
Modern.az
Commentaires