top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

ELDAR HƏSƏNOV, SİZ KİMSİNİZ?


Eldar Həsənovla əvvəllər şəxsi tanışlığım olmayıb. 1990-cı ilin aprel ayında bir məsələnin ədalətli həlli ilə əlaqədar Cəlilabada iki tanışını göndərmişdi. Həmin vaxt o, Gəncə Şəhər Milis İdarəsinin rəisi vəzifəsində işləyirdi. Xahiş olunan məsələ dövrün “qaydalarına” uyğun olmayan şəkildə öz qanuni həllini tapdı. İllər ötdü. 1994-cü ildə Eldar müəllim Baş Prokurorun I müavini, mən isə Zaqatala rayon prokuroru vəzifəsində işləyirdim. Baş Prokuror yerində olmadığına görə bir günlük icazə almaq üçün, Eldar müəllimə zəng etməli oldum. Salamlaşdıqdan sonra dedim:


- Eldar müəllim, tanış olmasaq da, Sizi yeni vəzifəniz münasibəti ilə təbrik edir və bir günlük icazə istəyirəm.

Eldar müəllim xoş ovqatla “Ələmdar müəllim, mən Sizi çox yaxşı tanıyıram”, – dedi və icazə verdi. Onun danışıq tərzi və unutqan olmaması məni məmnun etdi.

1994-cü ilin məlum oktyabr hadisələrindən sonra Eldar müəllim Baş Prokuror səlahiyyətlərini icra etməyə başladı və 1995-ci ilin mart ayında Baş Prokuror vəzifəsinə təyin olundu. Eldar Həsənovun respublikanın Baş Prokuroru vəzifəsinə təyinatını birmənalı qarşılamayan prokurorluq işçilərini iki məsələ düşündürürdü. Əvvəla, Eldar müəllim prokurorluq orqanlarında təzə adam olduğundan, bu orqanın çoxşaxəli, bəzən elmi yanaşma tələb edən işini və nəzarət sahələrini mənimsəyib, rəhbərlik edə biləcəkdimi!? İkincisi, gənc yaşlarından DİO-da müxtəlif vəzifələrdə çalışmış, prokuror nəzarətinin ağırlığını çiynində daşımış bir adam idarəçilik üsullarını dəyişə biləcəkdimi (Həmin dövrdə hansı polis işçisinə rast gəlirdin Eldar müəllimlə yaxınlığından, tanışlığından, bir yerdə işləməsindən danışırdı.).

İrəli gedərək bildirim ki, Eldar müəllim işgüzarlığı, insani keyfiyyətləri və istedadı ilə qısa müddətdə hər iki sualın cavabını verdi və Baş Prokuror olmağa layiq olduğunu sübut etdi. Polisdən saxladığı yeganə vərdiş – məsələlərə operativ yanaşması oldu.

Həmin dövrdə Baş Prokurorluğun Təşkilat Analitik İdarəsində rəis müavini isləmiş Əzizağa Həsənovun dediklərindən: - İlin yekunu ilə əlaqədar idarə rəisi ilə birlikdə məruzəni hazırlayıb Eldar müəllimə təqdim etdik. Kollegiyaya 2 gün qalmış bizi çağırdı. Necə deyərlər, alt-üst etdiyi məruzəni yenidən işləməyi mənə tapşırdı. Hansı məsələlərə daha çox fikir verilməli olduğunu yazılı şəkildə göstərdi. Mən düzü məəttəl qalmışdım. Bir gün də olsun prokuror nəzarəti sahəsində işləməyən adam dəyərli prokuror göstərişləri verirdi. Məruzəni hazırlayıb Eldar müəllimə təqdim edərkən, oxuyub yenə bir neçə əlavə etdi

Doğrudan da Eldar müəllimin məruzələrində yenilik ruhu hiss olunurdu. Özünəməxsus diksiyası onun çıxışlarını daha da canlı və effektli edirdi.

İdarəçilik üsulları ilə əlaqədar mənim yaxından iştirakımla baş vermiş bir hadisəni danışmaq istəyirəm. 1992-1993-cü illərdəki xaos vəziyyəti arxada qalsa da, 1994-1995-ci illərdə də ayrı-ayrı yerlərdə itaətsizlik halları baş verirdi. Qonşu rayonun kəndlərinin birində bu vəziyyət daha ciddi şəkil almışdı. Kənd sakinləri polis və prokurorluq işçilərinin qanuni çağırışına gəlmir, özbaşınalıq edirdilər. Polis rəisi 2 nəfər kənd sakinini istintaq zərurəti ilə əlaqədar çağırmaq üçün, Qarabağ döyüşlərində bərkdən-boşdan çıxmış 3 nəfər polis nəfərini kəndə göndərir. Polis işçiləri çayxanada olan həmin adamları maşına otuzdurub şöbəyə gətirmək istəyərkən, ətrafda olan camaat toplaşıb mane olur. Yaxında olan post-patrul xidmətinin əməkdaşları işə qarışsalar da mübahisə əlbəyaxa davaya çevrilir, nəticədə çoxsaylı kənd sakinləri və polis işçiləri xəsarət alır. Hadisədən sonra kənd ağsaqqalları və nüfuzlu şəxslər işə qarışır və məsələ rəsmiləşdirilmədən barışıq elan olunur.

15 gündən sonra Dağıstan Dövlət Şurasının sədri Maqomedəli Maqomedəliyevin imzası ilə Prezident Aparatına məktub daxil olur. Məktubda göstərilirdi ki, kənd sakinləri polis işçiləri tərəfindən zorakılığa məruz qalıb, 17 nəfər yüngül, bir nəfər isə az ağır xəsarət alıb. Dağıstan Məhkəmə Tibb Ekspertiza Bürosu tərəfindən verilmiş rəylər məktuba əlavə olunur. Baş Prokurorluq tərəfindən CM-nin 168-ci maddəsinin 2-ci hissəsi ilə (səlahiyyət həddini aşmaqla bərabər zor göstərmə) başlanılmış cinayət işinin istintaqı mühüm işlər üzrə müstəntiqə tapşırılır. Müstəntiq bir aydan artıq istintaq aparıb, 18 nəfər kənd sakinini zərərçəkmiş kimi tanıyır. Hadisədən xeyli müddət keçdiyinə görə polis işçilərinə yetirilmiş xəsarətlər ekspertiza rəyi ilə təsdiq olunmur. Bundan sonra cinayət işi heç bir səbəb göstərilmədən istintaqın davam etdirilməsi üçün Zaqatala rayon prokurorluğuna göndərilir.

İş materialları ilə tanış olarkən məlum oldu ki, mühüm işlər üzrə müstəntiq bütün istintaq hərəkətlərini yerinə yetirib, polis işçilərinin əməli sübuta yetirilib və onlara CM-nin 168-ci maddəsinin 2-ci hissəsi ilə ittiham elan olunmaqla, barələrində həbs qəti-imkan tədbiri seçilməlidir. İşin istintaqını prokurorluğun müstəntiqi Fərrux Babayevə tapşırdım və göstəriş verdim ki, heç bir istintintaq hərəkəti aparmasın. Nə üçün belə qərara gəlmişdim!? Dostlarım olsa da, qonşu rayonun prokuroru və polis şöbəsinin rəisi barışığa getməklə kobud səhvə yol vermişdilər. Bütün hallarda hadisə qeydə alınmalı, xəsarət alanlar, o cümlədən, polis əməkdaşları ekspertiza müayinəsindən keçirilməli, CM-nin 189-1 maddəsinin 2-ci hissəsi (Polis işçisinə zor işlətməklə müqavimət göstərmə) və 168-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanılmalı idi. Əvəzində isə qanunda nəzərdə tutulmayan barışıq elan olunmuş, qarşı tərəf də verilən fürsətdən yetərincə yararlanmışdı. Beləliklə, prokuror, polis rəisinin səriştəsizliyi və mövqesizliyi, mühüm işlər üzrə müstəntiqin biganəliyi üzündən vətən uğrunda döyüşlərdə iştirak etmiş, necə deyərlər, “buyruq qulu olub” vəzifələrini icra edən sıravi polis əməkdaşları faktiki olaraq, “parter” vəziyyətinə salınmışdılar. Məni ən çox narahat edən isə bu işdə ədalət prinsipinin pozulması və bununla da dövlətçiliyə vurulan zərbə idi. Ona görə də polis işçilərini qorumaqda qərarlı idim (Bunu hamıdan gizli saxlayırdım.). Təxminən 3 ay keçdi. Şikayətlər səngimək bilmirdi. Qonşu rayonun polis rəisi və prokuroru hər həftə gəlir, canyananlıqla işin aqibəti ilə maraqlanırdılar. Mən hər dəfə onlara deyirdim ki, çalışın şikayətlər az olsun. Mənim yanıma gəlməkdənsə, birinci gün etdiyiniz kimi, şikayətçilərlə barışığa gedin. Növbəti dəfə yanıma gələn və barışıqla bağlı heç bir real addım atmayan polis rəisi ilə bir qədər sərt danışaraq dedim ki, bir neçə üzləşmə hərəkəti aparıb, sizin əməkdaşları məhkəməyə vermək və sənin haqqında lazımi tədbir görmək çətin məsələ deyil. İki gündən sonra Baş Prokurorluqdan zəng edərək məni və müstəntiqi cinayət işini məruzə etmək üçün Bakıya çağırdılar. Üç ay ərzində heç bir istintaq hərəkəti aparılmayan cinayət işini götürüb, özüm Baş Prokurorun müavini Nazim Allahverdiyevin qəbuluna getdim. Xüsusi nəzarətə götürülmüş, şikayətlərin ara vermədiyi, qonşu dövlət rəhbərliyinin qarışdığı cinayət işini üç ay hərəkətsiz saxlamağın məsuliyyətinin nə dərəcədə ağır olmasını istintaq və prokurorluq işçiləri daha yaxşı bilir. Gənclik illərindən dostluq münasibətində olduğum Nazim müəllim işi vərəqləyərkən istintaq hərəkətləri aparılmamasını qörüb, həyəcanla dedi:

- Ələmdar, sən nə etmisən?

Mən cinayət işi ilə əlaqədar mülahizələrimi və nəzərdə tutduğum tədbiri Nazim müəllimə deyəndə qismən razılaşdı. Birlikdə Eldar müəllimin qəbuluna getdik. Eldar müəllimlə görüşdə də eyni səhnə təkrar olundu. O, işdə heç bir istintaq hərəkəti olmamasının səbəbini bilən kimi, telefonun dəstəyini götürüb, polis rəisi ilə danışdı. Adətən təmkinli və ağır hərəkətləri ilə fərqlənən Eldar müəllim rəislə əsəbi şəkildə danışaraq, təxminən aşağıdakıları dedi:

- Biz səninlə gənc yaşlarımızdan bir-birimizi tanıyırıq, çörək də kəsmişik. Lakin bu sənə haqq vermir ki, səriştəsizliyinin günahını başqalarının üzərinə atasan. Mən bu ölkənin Baş Prokuroruyam və ədalətli prokuror mövqeyi mənim üçün hər cür dost-tanışlıqdan üstündür.

Eldar müəllim rəisə bir neçə ağır söz deyib, sonra Daxili İşlər naziri Ramil Usubovla danışdı. Mən onun təklifi ilə Ramil müəllimlə də görüşdüm. Ramil müəllim də məni mehribanlıqla qarşıladı və qərarımı təqdir etdi. Məlum səbəblərdən cinayət işi hadisədən 20 gün sonra başlanmışdı. Xəsarətlərin kim tərəfindən, hansı şəxsə, hansı şəraitdə yetirilməsini aydınlaşdırmaq mümkün olmadığından təqsirlilik dərəcəsini də müəyyən etmək mümkün deyildi. Qanunda nəzərdə tutulmasa da, bu əsasla cinayət işinin icraatı dayandırıldı. Eldar müəllim dövlət və dövlətçilik məsələlərinə həssaslıqla yanaşırdı.

Geniş təfərrüatına varmadan iki hadisəni nəql etmək istəyirəm. 1996-cı ilin əvvəllərində gecə saat 1:00 radələrində bir vətənpərvər mənə zəng edərək hüquqi fakta söykənməsə də, dövlətçilik üçün mühüm əhəmiyyət kəsb edən məlumat çatdırdı. Xeyli fikirləşdim. Məsələ mənim səlahiyyətim və imkanım xaricində, Respublika müstəvisində həll olunmalı idi. Hava məkanı ilə əlaqədar olan bu hadisə səhər saat 7-8 radələrində baş verə bilərdi. Xeyli tərəddüd etdim. Necə deyərlər, “bu gün tezdir, sabah gec” dilemması qarşısında idim. Saat 1:30 da Baş Prokurorluğun növbətçisinə zəng etdim. Növbətçi dedi ki, Eldar müəllim işdən saat 22-də gedib. Sabah zəng edərsiniz. Dedim ki, məsələ ciddidir, sabahı gözləyə bilmərəm, Eldar müəllimlə mütləq danışmalıyam. Həyəcanla gözləyirdim (Məlumat yalnış da ola bilərdi.). Heç 20 dəqiqə keçməmiş Eldar müəllim zəng etdi. Həmişəki qaydada gümrah səslə salamlaşıb kef-əhval soruşduqdan sonra, məsələnin mahiyyəti ilə maraqlandı. Aldığım məlumatı məruzə etdikdən sonra bildirdim ki, məlumat yalnış da ola bilər, lakin dövlətçilik üçün əhəmiyyət kəsb etdiyini güman etdiyimdən, Sizi narahat etmişəm. Eldar müəllim cavabında dedi:

- Düz eləmisən, dövlətçilikdə xırda məsələ yoxdur!

Səhər saat 10 radələrində Eldar müəllim yenidən zəng etdi:

- Məsələ ən yüksək səviyyədə həll olundu. Sağ ol!

Mən rahat nəfəs aldım. Goranboy rayonunda işlədiyim ilk aylarda sərhəd məsələləri ilə yaxından tanış olarkən, bir neçə uyğunsuzluq və təhlükəli məqamlar hiss edib, fikirlərimi Eldar müəllimlə bölüşdüm. Eldar müəllim məni diqqqətlə dinləyərək, məsələnin şəxsən cənab Prezidentə məruzə edilməli olduğuna görə, öz fikirlərimi yazılı şəkildə çatdırmağı məsləhət bildi. Mən rayona qayıdıb bəzi detalları bir daha dəqiqləşdirərək iki vərəqədən ibarət məktub yazdım. Lakin özümü sığortalamaq məqsədi ilə prokuror “siyasəti və təcrübəmi” işə salaraq məktuba aşağıdakı məzmunda əlavə etdim: “P.S. Hörmətli Eldar müəllim!Mənim bu dediklərim prokuror kimi konkret hüquqi faktlara deyil, vətəndaş kimi şəxsi müşahidə və mülahizələrimə əsaslanır. Xahiş edirəm nəzərə alasınız”.

Bu əlavə ilə məktub hüquqi müstəvidən çıxıb, adi məlumata çevrilsə də, Eldar müəllim məsələyə operativ müdaxilə edərək uyğunsuzluğun aradan qaldırılmasına nail oldu.

Müdriklik özündə bir çox elementi ehtiva edir. Ədalətli və savadlı olmaqla yanaşı səbrli və təmkinli olmaq müdrikliyin əsas şərtidir. Eldar müəllimdə bu xüsusiyyətlər özünü daha qabarıq şəkildə göstərirdi. Bir hadisəni nəql etmək istəyirəm. 1992-ci ildə Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bütün ölkə üzrə gücləri çatan qədər kütləvi kadr dəyişikliyi etdilər. 1993-cü ildə Xalq Cəbhəsi hakimiyyətdən getdikdə bütün rayonlarda əks proses -cəbhəçilərin hakimiyyətdən uzaqlaşdırılması başladı. Zaqatalada bir çox cəbhəçilərin vəzifədə qalaraq rayonun ictimai-siyasi həyatında iştirak etməsinə şərait yaradıldı. Həmin dövrdə demək olar ki, hər gün Kütləvi İnformasiya Vasitələrində bu və ya digər rayonda cəbhəçilərdən silah-sursat yığılması, evlərdə axtarış aparılması barədə xəbərlər yayılırdı. Bəlkə də yeganə rayon idi ki, Zaqataladan belə məlumatlar yayınlanmırdı. Bu o demək deyil ki, Zaqatalada qanunsuz silah gəzdirən və saxlayanlara qarşı mübarizə aparılmırdı. Əsla! Bu sahədə Zaqatala hüquq-mühafizə orqanları daha ciddi mübarizə aparırdılar. Sadəcə olaraq biz gördüyümüz işləri gözə soxmur və “siyasiləşdirmirdik”. Mənim Zaqatalada ictimai-siyasi vəziyyətə fərqli münasibətim hətta rayonun özündə bir çoxlarını qıcıqlandırırdı. 1995-ci ilin aprel ayında rayona yeni təyin edilmiş polis rəisi Hamlet Salahov yanıma gələrək dedi:

- Ələmdar müəllim, mən Prezident Aparatında söhbətdən keçərkən tapşırdılar Sizə deyim ki, prokurorun cəbhəçiləri müdafiə etməsinin aqibəti onun üçün pis qurtarar. Özünü yığışdırsın!…

Bu xəbərdarlığı böyük ədalətsizlik hesab etdiyimdən heç cür həzm edə bilmirdim.Prokuror işlədiyim müddətdə 4-cü dəfə idi vəzifədən getmək fikrinə düşmüşdüm. Avqust ayında Prezident Aparatının məsul işçilərinin iştirak etdiyi altı aylığın yekunu ilə əlaqədar keçirilən kollegiya iclasında çıxışımı qurtardıqdan sonra Eldar müəllim dedi:

- Məlümatlar var ki, Zaqatalada müxalifət hakimiyyət strukturlarına yeriyib…

Bu replikanı gözləsəm də, cavabım sərt alındı:

- Əgər bir rayonda müxalifət hakimiyyət strukturlarına yeriyibsə, deməli həmin rayonda prokuror yoxdur!

Hamı Eldar müəllimin ciddi tədbir görəcəyini gözlədiyi halda o, müdriklik göstərərək, sakit tərzdə dedi:

- Kollegiyadan sonra mənim yanıma gələrsiniz.

Kollegiyadan sonra görüşümüzdə Zaqatalanın problemlərini və özəlliklərini Eldar müəllimə çatdırdım və sonrakı hadisələrdə o? həmişə mənə dəstək oldu. Ümumiyyətlə, Eldar müəllim bir çox məsələlərdə humanistlik nümunəsi göstərirdi. 1995-ci ilin mart hadisələri ilə əlaqədar televiziya ilə yayımlanan çıxışlarının birində təxminən aşağıdakı fikirləri səsləndirdi:

- Omonçular (XTPD) arasında cinayət edənlərlə yanaşı dövləti, xalqı üçün canından, qanından keçənlər də çox olub. Aldanmış, necə deyərlər, əmr qulu olmuş insanlara güzəşt etmək lazımdır.

Onun bu sözləri ilə onlarca “omonçu” məhkum olmaqdan qurtulmuş oldu.

Adını çəkmək istəmədiyim, ölkədə tanınmış bir ailənin iki üzvü həbs olunmuşdu. Dövlətçilik havası oynayan bəzi şou həvəskarları ailənin 3-cü, hətta 4-cü üzvünün həbs olunmasını istəyirdilər. Təsadüfən Eldar müəllimin yanında idim. Eldar müəllim bir nəfərlə telefonla danışaraq deyirdi: “Bizim vəzifəmiz cinayəti məhv etməkdir, cinayətkarı yox! Digər ailə üzvlərinin həbs edilməsi ictimai rəyə pis təsir etməklə, dövlətimizin imicinə kölgə salar”. Sonradan Eldar müəllim bu məsələnin ən düzgün həllini tapdı.

Eldar müəllim işçilərinə önəm verir və qoruyurdu. İki hadisə danışmaq istəyirəm. Goranboyda işlədiyim ikinci ayda Respublikanın ən təcrübəli rayon prokurorlarından olsam da, bir məsələnin həllində tələsikliyə yol verərək, nisbətən yüngül cinayət törətmələrinə baxmayaraq, kolxoz sədri və İH-nin yerli nümayəndəsinin barəsində həbs qəti-imkan tədbiri seçmişdim. Bu hadisə rayonda güclü rezonans yaratmış və RİH-nin başçısı Ağa Əkbərovun haqlı narazılığına səbəb olmuşdu. Aramızda ciddi söhbət də baş vermişdi (Həmin tələsikliyin nəticələrini 15 gün ərzində aradan qaldıra bilmişdim.). Bu hadisədən bir neçə gün sonra Ağa kişi ilə görüşərkən dedi:

- Ələmdar müəllim, dünən Bakıda hüzr yerində güc strukturları rəhbərlərinin və Prezident Aparatının məsul işçilərinin yanında Eldar müəllimə Sizdən şikayət edərək bildirdim ki, təriflədiyiniz prokuror tələsik qərarlar qəbul edərək, yüngül xətaya görə kolxoz sədri və İH-nin kənd nümayəndəliyinin başçısını həbsə alıb. Eldar müəllim cavabında dedi ki, Ağa kişi, Ələmdar müəllim bizim ən təcrübəli və savadlı prokurorlarımızdan biridir. Əgər səhvə yol veribsə, özü mütləq düzəldəcək.

Maraqlı burasıdır ki, Eldar müəllim bu məsələni mənim üzümə vurmadı.

Gədəbəy rayon prokuroru Əli Eyvazov Goranboy rayonu ərazisində qohumunun idarə etdiyi maşında qəzaya düşərək xəsarət almış və Gəncə xəstəxanalarının birinə yerləşdirilmişdi. Bir neçə rayon prokuroru ilə onu yoluxmağa getmişdik. Eldar müəllim telefonla əvvəlcə Əli Eyvazovla danışıb, səhhəti ilə maraqlandı. Sonra mənimlə danışaraq dedi ki, sən ağsaqqal kimi Əliyə lazım olan bütün köməkliyi göstər. Eldar müəllim prokurorluğu bir ailə kimi görmək istəyirdi. 1998-ci ildə prokurorluğun ləyaqətli işçisi, hamının sevimlisi, Bərdə rayon prokuroru Nizami Alıkişiyev 49 yaşında qəflətən vəfat etdi. Eldar müəllimin təşəbbüsü ilə dəfn mərasimində və sonrakı günlərdə Baş prokurorun müavini Nazim Allahverdiyev və respublikanın demək olar ki, bütün rayon prokurorları iştirak etdilər. Mənə şəxsən özü zəng edərək, məclisdə ağsaqqal kimi iştirak etməyi tapşırdı. Bu həmin dövr üçün bir yenilik idi. Rəhbərlik etmək bacarığının vacib şərtlərindən biri də nə qədər öfkəli olsan da, qarşı tərəfi dinləyib, sonra qərar verə bilmək bacarığıdır.

Gənclik illərindən həmişə hörmətim keçən, bütün ağrı-acılarına şərik olduğum prokuror yoldaşlarımızdan biri vəzifəcə boyüyüb idarə rəisi olandan sonra hər addımda mənə badalaq gəlir, müxtəlif yoxlamalar göndərir, arayış və məktubların yazıldığı kağızların keyfiyyətinə belə irad tutur, bütün vasitələrlə məni gözdən salmaq istəyirdi. Aramızda baş vermiş ciddi söhbət zamanı onun “müəyyən etdiyi qaydalara” boyun əyməyəcəyimi bəyan etmişdim. Bir dəfə “rəis” zəng edərək dedi:

- Ələmdar, Baş Prokurorun tapşırığı var, kağız-qələm götür yaz! Filan kq un, yağ, qənd, çay və.s. sabah Tərtər şəhərində yerləşən qaçqın düşərgəsinə aparıb təhvil verib, nəticəsini mənə məruzə edərsən.

Cavabında dedim ki, mən bu tapşırığı icra edə bilməyəcəyəm, ona görə ki… “Rəis” sözümü bitirməyə imkan vermədən dəstəyi asdı. Heç üç dəqiqə keçməmiş Eldar müəllim özü zəng etdi. Qaçqın və köçkünlərin problemi Eldar müəllimin, necə deyərlər, ağrılı yeri idi. O, yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımızın problemlərinə xüsusi həssaslıqla yanaşır və tabe prokurorlardan da bunu tələb edirdi. Odur ki, bir qədər əsəbi şəkildə “Bu nə deməkdir, Siz mənim tapşırıqlarımı icra etmək istəmirsiniz?”- deyə, sual etdikdə cavab verdim ki, Eldar müəllim, Goranboy rayonunda 8 min nəfər qaçqın və köçkün var. Onların 6 mini Kəlbəcərli, onun da yarısı Geşdəklidir. Mən Tərtərə yardım göstərsəm, onlara kim yardım edəcək?

Eldar müəllim dərhal danışıq tərzini dəyişərək güldü və dedi: “Sən Goranboydakı qaçqın və köçkünlərə gücün çatan qədər kömək et və sənə bu mövzuda daha tapşırıq verilməyəcək”.

İdarəçilik mənafeyi bütün dövrlərdə olub və olacaqdır. Ümumi istiqamət dövlətə, xalqa xidmət etmək olsa da, prokurorluq, DİO, Xüsusi Xidmət orqanlarının öz idarəçilik mənafelərinin olmasında heç bir qeyri-adilik yoxdur. Ona görə də, hər bir şəxsin rəhbərlik etdiyi təşkilatın dövlət üçün daha önəmli olmasını göstərmək cəhdi başadüşüləndir. Eldar müəllim prokurorluqla əlaqədar qanunların (“Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keşmə haqqında”) hazırlanmasında və qəbul edilməsində xüsusi fəallıq göstərir, prokurorluq işçiləri üçün mümkün olan bütün təminatları əldə etmək istəyirdi. Xatirimdədir, qanunların ilkin layihəsində prokurorluq işçilərinin məzuniyyəti 45 təqvim günü nəzərdə tutulmuşdu. Bir sözlə, “Prokurorluq haqqında” qanunun sivil qaydada Avropa standartlarına uyğun qəbul edilməsi üçün, Eldar müəllim bütün gücünü və bacarığını ortaya qoyurdu. Tutduğu vəzifəni hansı şəkildə icra etməsindən asılı olmayaraq, rəhbərin dəyəri ilk öncə onun mənəvi keyfiyyətləri ilə ölçülür.

“Şah öldü, yaşasın Padişah!”. Fransada əmələ gəlmiş bu aforizm bir çox ölkələrdə, o cümlədən sovet cəmiyyətində az qala həyat normasına çevrilmişdi. Yadımdadır, 1972-ci ildə N.Podqornı və P.Şelest Sov.İKP MK-nin Siyasi Büro üzvlüyündən xaric ediləndə əmək kollektivlərində bu qərar müzakirə edilərək alqışlanır, rəhbərliyin “düzgün mövqeyi” dəstəklənirdi. Təbii ki, belə yanaşma tərzi idarə, müəssisə, nazirliklər səviyyəsində davam edir, yeni gələn rəhbər təriflənir, sabiqlər “söyülürdü”.

Bu ənənə prokurorluq orqanlarında da mövcud idi. İlyas İsmayılov Respublika Prokuroru təyin ediləndən sonra ilk kollegiya iclasında əvvəlki Respublika Prokuroru A.Zamanovun ünvanına danışmaq istəyən nüfuzlu prokurorluq işçisinin sözünü yarımçıq kəsərək “Nöqsanları üzə demək lazımdır ki, cəmiyyətə xeyri olsun. Olub keçənləri yada salmaqla irəliləmək mümkün deyil”, – deyə, bu iyrənc ənənəyə son qoydu… Taleyin işinə bax! İlyas İsmayılov Respublika Prokuroru vəzifəsindən çıxandan sonra SSRİ Baş Prokurorunun 1-ci müavininin iştirak etdiyi ilk kollegiya iclasında bir dəstə yaşlı-başlı adam əlində “şpaqalka” keçmiş prokuror haqqında cəfəngiyyat danışmaq üçün, növbəyə düzülərək, əvvəlki ənənəni bərpa etsələr də, zaman adlı həyat sınağından üzü qara çıxdılar. Eldar müəllim bəzilərindən fərqli olaraq heç bir vaxt öz sələfləri haqqında mənfi fikir söyləmədi və başqalarına da imkan vermədi. Bu azmış kimi yaxınlarda 80 yaşı tamam olan keçmiş Respublika Prokuroru İlyas İsmayılov haqqında olduqca məzmunli və dəyərli yazı çap etdirdi. O, İlyas İsmayılovla bir gün də olsun birlikdə işləməsə də, İlyas müəllim haqqında belə yüksək səviyyədə yazı yazması Eldar Həsənov şəxsiyyətinin bütövlüyünün göstəricisi olmaqla bərabər, yazının xüsusi çəkisini daha da artırmış oldu.

Eldar müəllim zəngin və mənalı həyatının 14 ilini DİO-da, 6 ilini prokurorluqda, 17 ilini diplomatiya səhəsində fəaliyyət göstərib. Əgər müsahibə götürən jurnalist ondan soruşsa ki, “Eldar Həsənov, Siz kimsiniz – polis rəisi, prokuror, yoxsa diplomat?” – mənə belə gəlir ki, o, düşünmədən cavab verər:

- Mən prokuroram!

Çünki, O, həqiqətən də prokuror idi! Ələmdar MƏMMƏDOV, keçmiş prokuror AzPolitika.info

Commentaires


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page