Hidayət ELVÜSAL
Vətən həsrətiylə can verənləri Soyuqməzarlaradüzürük, eydost Bir ailənin sonuncu yadigarını, nişanəsini də itirdik. İnqilabı deyirəm. Əminəvəsini, bacıoğlunu. Atası Nurəddin mühəndis idi. Hələ Kəlbəcərdə ikən avtomobil qəzasında dünyasını dəyişdi. Bir körpə uşaq yetim, bir qadın dul qaldı. Sonra müharibə başlandı. Qarabağ müharibəsi. Ömrünü, gününü tək balasını böyütməyə, oxutmağa sərf edən Zərifə o zaman Kəlbəcər Mərkəzi Xəstəxanasında təsərrüfat üzrə tibb bacısı işləyirdi. Hamı ona hörmətlə yanaşardı, o da hamıya. Müharibə artıq yaşlanmış o qadının olan-qalan xəyallarını, arzularını da puç elədi. Yaralı əsgərlərimizə analıq elədi. Şəhidlərimizə ağı dedi, ağa bələdi. Orada çalışan həkimlər indi də Zərifədən hörmətlə, ehtiramla danışırlar. Xəstəxanada yer qalmayanda o, yaralı əsgərlərə öz evində qulluq edər, yaralarını sarıyar, təsəlli verər, ovundurar, analıq edərdi. Heç birini öz övladından ayırmırdı. Bu fədakar qadın çoxlarına bir örnək, bir nümunə idi. Kəlbəcər işğal olundu. Zərifə də Bakıya gəldi. Amma keçirdiyi həyəcanlar, streslər, ağrılar, acılar öz işini görmüşdü. Başında şiş əmələ gəlmişdi. Onu ən yaxşı həkimlərə göstərdik. Cərrahi əməliyyat keçirdi. Bir qədər yaxşılaşsa da uzun sürmədi. Şəhid oldu. Bəli! ŞƏHİD oldu! İnqilab həm də anasız qaldı. Onu bir neçə dəfə uyğun işə düzəldə bildik. Amma o ağır illərin ağırlığı çiyinlərimizi əydi. Dözmədi. Özünə bir həyat qurmaq ümidi ilə çoxları kimi Rusiyaya getdi. Orada yerlilərimiz, qohumlarımız da vardı. Amma bu ailənin üzləşdiyi əzab-əziyyət onun da yaxasını buraxmadı. Ürəyində cərrahi əməliyyat aparıldı. Bu yaxınlarda isə… Onunla çalışan yerlilərimiz Bakıya gətirdilər. İqbal adlı bir dostu əsil fədakarlıq göstərdi. Unutmarıq. İnqilabı elə Bakıda dəfn elədik. Dost-tanışlar, həmkarlar sağ olsunlar. Başsağlığı verdilər, qədirbilən Kəlbəcər camaatı yanımızda oldu. Kəlbəcərdən seçilmiş sabiq millət vəkili Əlövsət Ağalarov, həkim Adil Şükürov, eloğlumuz Xəqani Kazımov da… Amma o ailənin, o şəhid qadının fədakarlığını bilən vəzifə sabilərimz yada salmadılar. Yenə sağ olsunlar. Əlbəttə: Yarımız vaylarda donub qalmışıq, Yarımız toylarda süzürük, ey dost. Mən də belə düşünürəm. Yəqin toyda olublar. Yoxsa ya o ailənin, ya da elə bizim xətrimizə telefonla da olsa başsağlığı verərdilər. Qınamıram! Heç incimirəm də! Amma bir sözü xatırlatmaqdan da vaz keçə bilmərəm: - Heç kim unudulmayacaq, Heç nə yaddan çıxmayacaq! Kimisə unutmaq olar, cənablar, bəylər, yoldaşlar! Amma… heç nəyin yaddan çıxmayacağını yadınıza salıram! Dünyasını dəyişən İnqilab Nağıyev, yaralı əsgərlərə, ŞƏHİD əsgərlərə analıq edən ŞƏHİD bir qadının övladı, bir ailənin yeganə nişanəsi idi..
Comments