ŞAİR ƏNVƏR RZANIN DA 25 İLDƏN BƏRİ RUHU NARAHAT, MƏZARI QƏRİBDİR - DƏDƏ ŞƏMŞİR KİMİ...
Kəlbəcər Azərbaycan ədəbi-mədəni mühitinə böyük imzalar, şəxsiyyətlər qazandırıb. Belə imzalardan biri də mərhum şair, alim və tərcüməçi, filologiya elmləri namizədi Ənvər Rza idi. Ənvər Rza 1939-cu ildə Kəlbəcər rayonunun Aşağı Ayrım (Binə) kəndində anadan olub. Orta məktəbi gümüş medalla bitirən gələcək şair Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində təhsil alıb (1957-1962). Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda İngilis dili leksikası kafedrasında müəllim (1962-1967), baş müəllim (1967-1972), kafedra müdiri (1972-1979), dosent (1979-1987) işləyib. Ədəbi yaradıcılığının başlanğıcı hesab olunan "Göz işığı" adlı ilk şeiri 1962-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc edilib. O vaxtdan başlayaraq dövri mətbuatda şeirlər və bədii tərcümələrilə çıxış etməyə başlayıb. Tərcümə yaradıcılığının şah əsərləri Corc Bayron və Uilyam Şekspirin poemaları hesab olunur. Oxucular ana dilimizdə Bayronun "Şilyon məhbusu", "Mazepa", "Parizina" poemalarıyla məhz Ənvər Rzanın usta qələmi vasitəsilə tanış olublar. Vaxtsız ölüm Ə.Rzanın Səməd Vurğunun "Vaqif" dramını ingilis dilinə, Bayronun "Çayıld Haroldun səyahəti" poemasını Azərbaycan dilinə tam tərcümə etməsinə imkan verməyib. Hər iki iş yarımçıq qalıb. Ədib "İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bütün yaradıcılığında, şeirlərində, poemalarında oxucularına Kəlbəcərin gözəl təbiətini, şaqraq çaylarını, buz bulaqlarını, uca dağlarını gəzdirir Ənvər Rza. Şeirlərində təbiət təsvirləri elə parlaq boyalarla təsvir edilib ki, oxuduqca o mühitdəymişsən kimi hiss yaranır. Oxucu misraları içinə hopdurur, misralar da süngər kimi oxucunu özünə çəkir, vaxtdan-zamandan, olduğu məkandan qoparır, şeir vaxtına, Ənvər Rza məkanına götürür: Dağlar elsiz, çöl tütəksiz, çəmən lal, Mən bu dərdi oxlamağa gəlmişəm. Yazda nə var, yaylaqların payızda, Vəfasını yoxlamağa gəlmişəm. Susuz yurdum tək məcməyi, tək sini, Şair kimi sözlə hörüb köksünü. Gözlə çəkib bu dağların əksini, Ürəyimdə saxlamağa gəlmişəm. Göy təpələr sarı örpək bürünür, Duman, çiskin ayağıma sürünür. Ata yurdu, qardaş yeri görünür, - Bir doyunca ağlamağa gəlmişəm. Naxış olur biçinçinin hər vəri, Qızıl payız ilhamımın sərvəri. Xəzan vaxtı bahar bilin Ənvəri, - Dağ çayıyam, çağlamağa gəlmişəm. Ədibin təbiət təsvirləri təkcə peyzaj deyil, ətraf aləmin, mühitin fəlsəfəsini açmağa çalışmaqdır. Təbiət-insan münasibətlərini açığa çıxarmaq, ona yeni don geydirmək, yeni məna çalarları qazandırmaqdır. Bundan başqa, Ənvər Rza yaradıcılığı nə qədər incə işçilik olsa da, xalq yaradıcılığından xali deyil, hətta folklorla, gündəlik həyat məişətlə iç-içədir. Ənvər Rza özü, yaradıcılığı boyda Azərbaycandır: Deyəsən, canımda buz qızır, dayan! Deyəsən, oduma buz sızır, dayan. Sinəmdə arıtək bu sızıldayan Bilirmi, görəsən, nə simdi Tərtər?.. Yaxud bu bayatı dadında misrlara nəzər salaq: Arxaca, Sürüm dönməz arxaca. Arxımı sel aparıb, Arxam yoxdu arx aça. Açarı, Kirpiyin bəxt açarı. Dodağın ballı pətək Dodaqlarım - ac arı. Yastığında, Xəncərin yastı qında. Xəyalıma yer elə, Uyusun yastığında. Bütün bunlarla yanaşı, şair sanki gələcəkdə baş verəcək faciələri də görür, onlarla bağlı xəbərdarlıq etməyə çalışırmış: Dağlar oğlu, dağa qoyma yağını, Aldatdılar uzqaq sandıq yaxını. Əritmişəm ürəyimin yağını - Ay batanda çıraq olum dağlara. Ənvərin torpağına, xüsusən, Kəlbəcərə bağlılığını mərhum şair Məmməd Aslan belə xatırlayır: "Onun üçün Amerika da Kəlbəcərdi, London da, elə Bakının özü də. Bir dəfə mənə həsr etdiyi şeirində doğma yurdundan min ildi ayrılmış kimi necə inləyirdi: "Müxtəsəri Kəlbəcərsən. Bu şəhərdə mənim üçün, - "deyirdi". Ənvər Rzanın özünəməxsusluğunun daha bir nümunəsi sözə "xəsis" yanaşmasıdır. Uzun-uzadılıqdan qaçır, qamçı effekti verən misralarıyla gedişatı tənzimləyir, az qala hər şeirini novellavari sonluqla tamamlayır. Ənvər Rzanın poeziyası bütövlükdə Kəlbəcər deməkdir. Hər misrası, hər bəndindən Kəlbəcərin ətri gəlir. Oxuduqca anlaşılır ki, bu misraların sahibi dediklərini yaşamasa, görməsə bu qədər canlı, koloritli qələmə ala bilməz. Ölümündən 25 il sonra çap olunmuş "Kəlbəcərə gedən yollar" kitabında şairin sağlığında nəşr edilməyən bütün şeir, poema və ingilis dilindən tərcümələri toplanıb. Bəzi şeirlərində qanlı-qadalı illəri, müharibə dövrünü xatırladır. O günlərin ağrılı işarələrini qələmə alır: Kəndimizdə ev də var - Kəndimin kədəridir. Kəndimizdə ev də var Neçə ildən bəridir Bacaları tüstüsüz, Qapıları bağlıdır Çalın-çarpaz dağlıdır. Hərbin uğursuz yeli, Üzərindən əsibdir, Cəbhələrdə partlayan Bombaların tüstüsü Tüstüsünü kəsibdir... Ənvər Rzanın indiyədək "Sənsiz" (1969), "Könlümə bahar düşüb" (1970), "Nə yaxşı görüşdük" (1985), "Bəxtəvər dustaq" (şeirlər və poemalar, 1994) və "Kəlbəcərə gedən yollar" (2010) nəşr edilib. Sözügedən kitabların son ikisini görmək şairə qismət olmayıb. Ənvər Rzanın yaradıcılığında ana obrazı xüsusi yer tutur. Şair anasını itirməkdən, onun ölümündən çox qorxurmuş. Ömrünün son illərində də Kəlbəcərə tez-tez gedirmiş. Anası ağır xəstə olduğundan hər kəlməbaşı deyirmiş ki, oğlumun çiynində qəbrə getsəm, dərdim olmaz. Amma tale bu istəyi onun gözündə qoydu. Ənvər Rza daha əvvəl o dünyaya üz tutdu. Tanınmış şair-tərcüməçi Kəlbəcər ədəbi mühitiylə yaxından maraqlanır, yaradıcılıqlarını dərindən öyrənirdi. Xüsusən, Dədə Şəmşir kimi tanınan Aşıq Şəmşirin yaradıcılığının heyranı idi. Kəlbəcərə hər səfərində görkəmli sənətkarla görüşür, ondan nələrsə əxz etməyə çalışırdı. Hətta Dədə Şəmşir haqqında bir neçə şeir də qələmə alıb: Fərhad olub (Aşıq Şəmşirə) Çətin olur nəğmə qoşmaq nəğməyə Bir nəğmədir, el qəlbındən qopub o. Bəxtəvərlər bəxtəvəri-ustadı, Düz yolunu çoxdan seçib, tapıb o. Ürək cavan, yaş əl atıb səksənə, Dağlar deyir: "Sinəm üstə səksənə!" Qıy vuranda lal qayalar səksənər Fərhad olub, söz dağını çapıb o. Səksənində saqqal qara, qaş qara; Tay-tuş olub Dəlidağa, Qoşqara. Söz atını vurub selə, daşqıra, Tapdaq yoldan üz döndərib, sapıb o. Qoşmaları həm mənalı, həm şirin, Ləhcəsində fərəh şirin, qəm şirin; Hər ürəkdə məskəni var Şəmşirin - El canına, el qanına hopub o. 1980-ci ildə Dədə Şəmşirin vəfatı Ənvər Rzaya ağır təsir etmiş, bu hadisə yaradıcılığından da yan keçməmişdi. Dədə Şəmşirsiz Bu sinə dağlarda sinəmin dağı Dünyaya sığmayan bir dağ kimidir. Əcəl girələdi Dədə Şəmşiri, Ölümün caynağı qarmaq kimidir. Qocalmaq bilmədi eşqi, həvəsi; Qaldı qartallara zil zənguləsi, Getməz bu dağlardan aşığın səsi, O coşub çağlayan irmaq kimidir. Həsrətdən dağların zirvəsi bəyaz, Üşüdür gül üstə arını ayaz. O Dədə Şəmşirsiz Kəlbəcər bu yaz Bülbülü gəlməyən bir bağ kimidir. Dəlidağ çəkidə, qəlbilikdə o. Həm canda yaşayır, həm ilikdə o. Paklıqda, hörmətdə, ülvilikdə o Bu vətən kimidir, torpaq kimidir. Getməsin dumanı Murovun, dursun. Ay ovçu, bəri gəl, qoy ovun dursun. Ənvəri Şəmşirsiz kim ovundursun? - Şairdir, ürəyi yarpaq kimidir. 1981
Heç əllicə il də yaşaya bilməyən ədib öz xəstəliyindən xəbər tutanda: Bel bükən bu xəbəri Kaş yalana yozalar - yazmışdı. Ənvər Rzanın Moskvada onkoloji xəstəxanada yazdığı son şeirində bu misralar da vardı: Yanğın düşmüş gur meşəyəm, Çiliklənmiş bir şüşəyəm. Boynubükük bənövşəyəm - Gödək oldu ömrüm mənim. Müalicə üçün getdiyi xəstəxanadan cəmi bir ay sonra tabutu vətəninə yola salındı. Vəsiyyətinə uyğun olaraq doğma kəndi - Kəlbəcərin Aşağı Ayrım (Binə) kəndində torpağa tapşırıldı. 6 il sonrasa erməni silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olundu. Mərhum şairin yaradıcılığında həmişə boy göstərən intizarı daha da artdı. İndi Ənvər Rzanın məzarı düşmən işğalındadır. O böyük günü - məzarının da, torpaqlarımızı da azad ediləcəyi günü gözləyir. Kəlbəcərə gedən yollar Kəlbəcərə gedən yollar Yazda əriş-arğac olur Kəlbəcərə gedə yollar. Köçdə örüş, arxac olur Cürət yeyib, tər üyüdür; Dağ nənnisi, yürüyüdür. Dəlidağın hörüyüdür Kəlbəcərə gedən yollar. Tələsəni salar bəndə, Haçalanar neçə kəndə. Düşməni azdırar çəndə Kəlbəcərə gedən yollar. Bu nə əsrar, bu nə fənddir? Göy üzündə daş kəmənddir. Şəmşir yazan qıfılbənddir Kəlbəcərə gedən yollar. Min bulaqdan içib gedir, Qayaları biçib gedir. Ürəyimdən keçib gedir Kəlbəcərə gedən yollar. lll Karvan-karvan boz buludlar axında, Yaşıl xal var zirvələrin ağında. Dəlidağın yayın qızmar çağında Yazına bax, yazına bax, yazına! Bayatımı o tütəkdən qopan ün? Ünvanını ürəyimdə tapan ün. Yumaq kimi çözələnən sürünün Tozuna bax, tozuna bax, tozuna! O babanın nuru boldur gözünün, O babanın ağ tükü var dizinin. Yüzü keçib, söhbətinin, sözünün Duzuna bax, duzuna bax, duzuna. Dağlar ötüb buludları boyda ki! Öz səsindən xumarlanıb çay da ki! Baldırğanlı bulaqların yaydakı Buzuna bax, buzuna bax, buzuna. Bəxti vurub bura meyl salanın, Ay oğlanlar, gəlin oda qalanın O acıqlı qaşqabaqlı xalanın Qızına bax, qızına bax, qızına. Yalayaram bu daşları duz kimi, Yanar qəlbim sərinləyər buz kimi. Qantəpərin, gülxətminin qız kimi Nazına bax, nazına bax, nazına. Gözəllikdən ağlım çaşıb bu yerdə, Səyyar xəyal çox dolaşıb bu yerdə. Dədə Şəmşir qayalaşıb bu yerdə Şəlalədən sazına bax, sazına!
Karabakhmedia.az
Commentaires