İyunun 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbir keçirilib.
Kalbajar.com Lent.az-a istinadən məlumat verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə assambleya üzvləri, beynəlxalq insan haqları təşkilatlarının nümayəndələri, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyətinin üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadları barədə söz açıb, azərbaycanlı qaçqın və məcburi köçkünlər haqqında danışıb və azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin 5 ildir erməni girovluğunda olduqlarını diqqətə çatdırıb.
Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov azərbaycanlı girovlarla bağlı Avropa İnsan Haqları Məhkəməsində davam edən kommunikasiya prosesi barədə məlumat verib.
Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov azərbaycanlı qaçqın və məcburi köçkünlərin 30 ildir öz dədə-baba torpaqlarından didərgin düşdüklərini və Ermənistanın işğalçı siyasətinin bölgədə humanitar fəlakətə səbəb olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının qorunması istiqamətində görülən işlərdən söz açıb.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov AŞPA üzvlərinə müraciət edərək, atasının 5 ildir davamlı işgəncələr altında olduğunu və 1 il 8 aydır atasından heç bir məlumat almadıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Avropa institutlarında mövcud ikili standartlardan söz açıb, azərbaycanlı girovlarla bağlı beynəlxalq insan haqları institutlarının səssiz qalmalarını anlamadığını bildirib.
Tədbirin sonunda azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin qeyri-şərtsiz azadlığa buraxılması ilə bağlı qətnamə qəbul olunub və AŞPA üzvləri həmin qətnaməni yekdilliklə imzalayıblar.
Lent.az
Comments