Kərimov Ülfət Ələkbər oğlu 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmış və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olmuşdur. 1992-ci ilin sentyabrından qanlı döyüş meydanlarında yağılara qan udduran Ülfət 1993-cü il mart ayının 27-də Kəlbəcərin Ağdaban kəndi uğrunda gedən vuruşlarda qəhrəmancasına həlak olmuşdur. «Azərbaycan Bayrağı» ordeni ilə təltif olunub. Subay idi…
Adını eşidib, üzünü görmədiyim igid Yuxudan dik atılan Xuraman key-key ətrafına baxdı. Gözlərinə inanımadı: «Necə yəni məni eşitmədi? Niyə eşitmədi məni? Onu bir də buraxdım əlimdən? Axı zorla tapmışdım…» Ülfəti itirəndən səsi, harayı dağlarda, dərələrdə qalan Xuraman o gecə də yuxuda görmüşdü Ülfəti. Belə yuxuları tez-tez görürdü: Tərtər boyunca aşağı-yuxarı, ayaqyalın-başıaçıq o qədər axtarmışdı ki, yorulub bir daşın üstündə oturub hönkür-hönkür ağlamağa başladı. Dodaqlarından qopan «Ay qardaş, ay Ülfət, hardasan?» kəlmələri Tərtər çayının qıjıltısında daşlara dəyib yox oldu. Birdən çay daşdı. Xuraman Ülfətin səsini eşidib qalxmaq istəyirdi ki, sürüşüb çaya düşdü. Tərtər Xuramanın harayını udaraq onu daşlara çırpa-çırpa üzüaşağı apardı. Xuraman Ülfətin səsini eşidirdi. Amma harada olmasını ayırd edə bilmirdi. Ülfət özünü ona çatdıranda Xuraman huşunu itirmiş halda çayın sahilində üzüqoylu qalmışdı. Ülfət onu qaldırdı. Xuraman üz-gözündən axan qanlı yaşa məhəl qoymayıb Ülfətin boynuna sarıldı. Gözləri ağlamaqdan qan çanağına dönən bacı qardaşının üz-gözünü seçə bilmədi. Elə bil ki, Ülfəti dumanlı havada görürdü. Ülfətin beləcə lal-dinməz dayanması Xuramanın ağlını başından çıxartdı: - Eşitmirsən? Hardasan indiyə kimi? Bilmirdin ki, səni axtara-axtara qalmışıq? Niyə vaxtında gəlmirdin? Niyə dillənmirsən, ay qağa? Gec gəldiyinə görə utanırsan? Bizi ləlik-giriyan elədiyinəmi görə xəcalətlənirsən, canın sağ olsun, təki salamat gəl, canımız çıxmadı ha, amma… Ülfət, Ağdabanı qoruyurdun ki, Kəlbəcərin qapısıdır, oranı ermənilər tutsa Kədbəcəri itirə bilərik, düz deyirmişsən. Ağdaban da getdi, Kəlbəcər də… Ülfətin belə soyuqqanlılığı Xuramanı bir az da kövrəltdi: - Müharibə səni dəyişdirib, qardaş, əvvəllər belə deyildin. Yamanca dəyişmisən. Heç belə də zülm olar: bircə kəlmə dillənmirsən. Kimdən küsmüsən, niyə demirsən? Mənim günahım nədi? Saçımın birini ağ, o birini qara hörməyimmi? Sənsiz dünyanın mənə puç olmağımı? Dillən, Ülfət! Ülfət necə gəlmişdisə, eləcə də üz tutdu Ağdabana tərəf. Xuraman öz səsinə oyandı. Yuxularında qardaşını dadar-doymaz görən Xuramanın ürəyi dərddən yara bağlamış, saçları vaxtından əvvəl ağappaq olmuşdu. Hər dəfə Ülfət yuxusuna girəndə bir həftə gözlərinin önündən getmirdi. Elə bilirdi ki, Ülfət qayıdacaq, axı hər dəfə «gözləri yol çəkəndə» Ülfət evə gələrdi… Ülfətin qəhrəmancasına şəhid olması onu ağlatmırdı. Çox qardaşlar qurban gedib torpağa. Ülfət də qeyrətli oğullarımızdan biri kimi canını əsirgəmədi. Amma onun meyidinin çıxarılmaması (mümkün olmaması) Xuramanın dərdini qat-qat artırırdı. Dilində ağı bitmişdi Xuramanın. KƏLBƏCƏRİN mühasirədə qalan günlərindən biri idi. Bakıdan gəlmiş qonaqlar Ələkbər kişinin geniş açdığı süfrə ətrafında oturub dünyanın bu qarmaqarışıqlığından danışırdılar. Birdən həyətdən səs gəldi: - Ay aman, maşınlar yenə yaralı gətirdi! Deyirlər ki, qonşu Qənaətin oğlu Şahini də vurublar! Qozlu Körpünü ermənilər yenə də tutmağa çalışır! Şahinlə Ülfət bir sinifdə oxumuşdular. Möhkəm dost idilər. Doğrudur, Ülfət Bakıda – institutda oxuduğundan son vaxtlar çox az-az görüşürdülər. Bu dəhşətli xəbər Ülfəti qəzəbləndirdi: «Onların anasını ağlatmaq mənə borc olsun! Qoy görsünlər analar necə oğul doğub». Gətirilmiş meyidlərə baxmaq olmurdu. Vəhşi düşmən onların başına min cür oyun açmışdı. Ülfət hirsindən dodaqlarını çeynədi. İntiqam, qana-qan hissi onu silahlandırdı. Birbaşa döyüş gedən yerə yollandı. …1992-ci ilin sentyabr ayı idi. Ağdərənin Vəng kəndindən hücuma keçən düşmən güclü texnika ilə Qozluya doğru irəliləyirdi. Döyüşlər getdikcə şiddətlənir, qan su yerinə axırdı. Ülfət qorxu bilmədən hədəf seçdiyi quldurları bir-bir biçir, sanki düşmənlə «gizlənpaç oynayırdı. Bir göz qırpımında yerini dəyişərək düşmənin başına od ələyib, yenidən «qeybə» çəkilirdi». Bir neçə düşmən texnikası yolda tozu dumana qataraq hücuma keçmişdi. Məsafə əlverişli deyildi. Ülfət əlində hazır tutduğu qumbaraların birini lap yaxına buraxdığı tankın tırtılları altına tulladı. Dərələri vahiməyə salan tank ilan vurmuş kimi yerində fırlandı. İkinci tank sol cinahdan Ülfətə tərəf irəlilədi. Ülfət bir andaca yerini dəyişib tankı bir az da yaxına buraxdı. Beş-altı metrlikdən tankın üstünə atdığı qumbara öz işini gördü: arxadan gələn texnika üz tutdu geriyə. Ülfətin bu qorxmazlığı və çevikliyi tabor komandirinin gözündən yayınmamışdı. İlk addımlarını uğurla atan Ülfət elə buradaca təşəkkürə layiq görüldü. Ülfətgilin taboru həmin il oktyabr ayının 11-də Laçın rayonunun Hoçaz dağına gedəndə artıq Ülfət bölük komandiri idi. O, əməliyyatın ilkin mərhələsini öz üzərinə götürərək on bir nəfər döyüşçü dostu ilə «tülkü yuvası»na doğru irəlilədi. Əlverişli imkandan istifadə edən komandir düşmən postlarındakı quldurları səhərin ala-toranında elə aradan götürdü ki, «ruhları da incimədi». Hələ bundan xəbərsiz düşmən qüvvələri onlara tərəf irəliləyəndə əks-həmləyə tab gətirməyib iki tankı da qoyub qaçmağa məcbur oldu. İlk uğurlar Ülfəti ancaq irəliyə doğru aparırdı. İkinci hücum da pis nəticə vermədi. Təkbaşına on beş qulduru məhv edən Ülfət iki «dil» də qənimət götürdü. Bunlardan biri kapitan rütbəli komandir, o birisi isə sıravi idi. 1992-ci il dekabrın 3-də Laçın yolunu bağlamış düşmən qüvvələrini dağığmaq üçün başlanmış döyüşlərdə Ülfət üzərinə götürdüyü vəzifəni layiqincə yerinə yetirdi. Və özü də bilmədi ki, bu barədə snralar daha çox danışılacaqdır. Məhz Ülfət kimi oğulların silaha sarılması hesabına idi ki, Kəlbəcər düşmən qüvvələrinin azğınlaşmış hərəkətlərini dəf edir, qəddarlara qarşı barışmaz mövqe tuturdu. 1992-ci ilin qanlı vuruşları zamanı Kəlbəcər özünümüdafiə qüvvələri 50 nəfər şəhid versə də rayonun bir neçə yaşayış məntəqəsi düşmən caynağından xilas edildi. Ülfətin cəsur bir döyüşçü kimi yaddaşlara yazılan xatirələri dostlarının, komandirlərinin dilindən düşmür. – Sən demə, onun özü yox, qəhrəmanlığı yoldaşımız olacaqmış, - deyə «N» hərbi hissəsinin zabiti, Ülfətin döyüş yoldaşı Çingiz Əliyev Ülfəti sanki yenidən kəşf edir: - Adam var ki, uzun müddət onunla dostluq edirsən, amma ülfət bağlaya bilmirsən. Ülfət isə adamla tez isinişən, doğmalaşan igidlərimizdən idi. Təkcə qəhrəmanlığı yox, eyni zamanda onun bütün insani keyfiyyətləri də xalqa çatdırılmalıdır. Biz onu sağlığında ikən qəhrəman bir oğul kimi tanıyırdıq. Dəfələrlə təkbaşına döyüşə atılsa da qorxmazlığı onu təhlükədən sovuşdurmuşdu. Bircə sözü vardı: «Əgər düşmən məni vursa onda Kəlbəcərdən əlinizi üzün! Neçə ki, mən sağam, ermənilər Kəlbəcər üzü görməyəcək, buna əmin olun». Onlar dörd dost idilər... Ülfət, Natiq, Fəxrəddin və bir də Azər. Bir torpaq üstündə doğulub, bir məktəbdə, bir sinifdə oxuyub və bir torpaq üstündə… Ülfətin uşaqlıq dostlarının adlarını elə-belə yerə sadalamadım. Dostu çox olub, amma adlarını çəkdiyim uşaqlıq dostlarını ayrı cür sevirdi. Ürəkləri, sirləri bir olub. Bunları Ülfətin bacısı Xuraman və qardaşı Zöhrab üçün yazdım. Onların bundan xəbərləri yox idi. Azər ilin axır çərşənbə axşamı qəfil gülləyə tuş gəldi. Fəxrəddin iki qohum arasına qan düşməsin deyə özünü ər kim, kişi kimi araya verəndə yaralandı. Yaralı-yaralı Ülfəti soraqladı, Natiqi axtartdırdı. Hiss etdi ki, onlar da… Yataqda qan ağladı. Ağlatdı hamını. Eşitmişdi ki, Murovda qanlı döyüşlər gedir. Bilsə ki, Ülfət Murovu aşmayıb, elə yaralı-yaralı Murovu aşıb Ülfəti haraylayar, Xuramana toxtaqlıq verərdi. Ürəyində hələ bir Ülfətdən küsdü də. Və bir gün… Didərginlik günləri başlanandan sapanda qoyulub atılmış daş kimi hərənin «köçü» bir səmtə düşmüşdü. Təzəgül xala da Fəxrəddini xəstəxanadan vertolyotla Bakıya çatdıra bildi. Yarası dərin idi. Dəfələrlə bıçaq altına gedən oğlunun rəngi ananın sifəti kimi sapsarı saralmışdı. Eləcə nəfəsi gedib-gəlirdi. Qardaşı Nizami, bacıları Adilə, Şölə, Əfruz, Sevil hər gecə Fəxrəddinin keşiyini çəkəndə o, ağrılarını unudub, için-için sızıldayır, nə vaxta kimi bu vəziyyətdə yaşayacağını düşünür və sarsılırdı. İkinci cərrahiyyə əməliyyatından sonra Fəxrəddin bir balaca özünə gəlmişdi. Xəstəxananın cansıxıcı havasından uzaqlaşmaq, baş götürüb qaçmaq istəyirdi. Ona görə də bir-iki günlüyə onu evə (ev haradaydı, fəhlə yataqxanasına sığınmış ailənin güzəranının necə keçdiyindən xəbərsiz idi) aparmalarını xahiş etdi. Həkim razı olmasa da, amma sözünü də yerə sala bilmədi. …O gecə Fəxrəddinin qol götürüb oynamasını görənlər sevincdən axan göz yaşlarını saxlaya bilmədi. Doyunca oynadı Fəxrəddin. Həşim saz çalırdı, Fəxrəddinin xahişi ilə. Qardaşı Nizaminin toyunda qol-boyun olub oynadığı dostlarını xatırladı. Bir əli sinəsindəki yaranın üstündə «Həşim, bir «Yanıq Kərəmi» çal» - dedi. Yaralı-yaralı ona oynamaq olmazdı. Özü də bilirdi ki, oynamaq olmaz, amma oynamaq, özü də yorulana kimi oynamaq istəyirdi, ağrılarını bir anlıq unutmaq, ötənləri qaytarmaq üçün oynayırdı. Sən demə, bu, Fəxrəddinin sazlı-sözlü gecələrinə vida nəğməsi oxunan gecə imiş. Doymaq bilmirdi oynamaqdan. Ağlatdı o gecə hamını, indikindən də betər. Bircə özü ağlamadı. Sazı da ağlatdı, sözü də… …Torpağın üzü nə yaman soyuq imiş, Allah. Fəxrəddin də dünyasını dəyişdi. Budur, bir ildən artıqdır ki, Təzəgül xala qızları ilə Müşfiqabad qəbristanlığının yollarını yorğun edib. Qəriblik dərdini sinəsinə oğul əvəzi sıxan ana bir il ərzində bir ömürlük qocalıb. Onlar dörd dost idilər. Dördünün də ömrü yarıyolda qırıldı. Fəxrəddin bilmədi ki, Natiq Siyavuş oğlu da torpaq uğrunda canından keçərək ürəklərdə heykəlləşdi. Ülfətin torpaqla ülfəti …1993-cü il mart ayının ortaları idi. Dağlarda hələ qış cövlan edirdi. Novruz bayramı yaxınlaşsa da bahardan əsər-əlamət yox idi. Təbiət kimi, insanların da baharı, yazı gecikir, ürəklərini qış boranı, tufanı alırdı. Kəlbəcər hər tərəfdən mühasirəyə alınırdı. Oğullar soyuq səngərlərdə, anaların əlləri göylərə uzanılı qalmışdı. Vəziyyət yamanca ağırlaşmışdı. Ağdərə tərəfdən hücuma keçən düşmən qüvvələri müqavimətə rast gəlmədən irəliləyirdi. Basarkeçər tərəfdən Barmanbinə, Dərəqışlaq, Aşağıayrım, Otaqlı, Kəlbəcər qrad yağışı altına düşmüşdü. Görülən tədbirlərin heç bir səmərəsi yox idi. Yerli taborun döyüşçüləri ayın 27-də Ağdabanı tərk etmək məcburiyyətində qaldı. Ülfət dözə bilməyib qaçan əsgərlərin qabağını kəsdi: - Ay bədbəxtlər, hara kimi qaçacaqsınız? Kişi deyilsiniz?! Kişi kimi ölmək yurdsuz yaşamaqdan yaxşıdır… Artıq gec idi. Üstünə irəliləyən düşmən tankını əlindəki qumbaraatanla vurub sıradan çıxartdı. İkinci tank Ülfətin səngərinin üstünə yeridi. O, özünü itirmədən səngərə yatdı. Tank səngərdən keçən kimi arxadan tullanaraq tankın üst qapağını açanda düşmən PDM-i onu haqladı. Bu da Ülfətin torpaqda ülfəti və Vətənə olan məhəbbəti. Torpağı Vətən, Vətəni Ana bilən igid döyüşçümüzün son döyüşü, son dəqiqələri də bax beləcə qəhrəmanlıqla keçdi. Qeyrətini odlu silahdan güclü bilən həmvətənimizin adı kimi, qəhrəmanlığı da yaddaşlara yazıldı. Ömrünün iyirmi üçüncü baharı açılmadı. Qışla baharın qovuşuğunda borana, tufana düşdü… «Azərbaycan Ordusu» qəzetinin əməkdaşı Bahəddin Cəmiyyətoğlu da Ülfətin igidliyi barədə danışır: - Ülfət barədə dönə-dönə eşitmişəm. Haqqında material hazırlayarkən bir neçə mənbələrə üz tutdum. Ağdərə bölgəsində gedən qanlı döyüşlərin videolentinə operator Nizami Abbasla birlikdə baxdıq. Budur, Qozlunun yaşıl yamacları görünür. Ülfət idarə etdiyi «KamAz»-ın sükanı arxasından düşüb məğrur-məğrur ətrafına baxır. Yanında dayanmış zabit onu təqdim edir: - Baxın, adını eşidib, üzünü görmədiyiniz Ülfətdir. Bir az əvvəl düşmən mövqeyinə qalxıb, quldurlarla savaşa girərək, onlara ağır zərbələr endirib. Biz bundan istifadə edərək sol cinahdan hücuma keçib Qozlu yüksəkliyini quldurlardan azad edək. Operator: - Sən nə demək istərdin, Ülfət? - Mən Azərbaycan oğullarını bura – torpaqlarımızın müdafiəsinə çağırıram. Namusu oğullar qoruyar, biz namusuzu qoruyuruq… Qəhrəmanın adına layiq hörmət və… İgidliyi, qorxmazlığı, vətənpərvərliyi, nəhayət qəhrəmanlığı ilə adını tarixə həkk etdirən Ülfət Kərimovun «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adına təqdim olunmasıbarədə sənədlər qovluğuna baxırıq. Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir: Böyük serjant Kərimov Ülfət Ələkbər oğlu 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd «PK» pulemyotunu, üç ədəd «RPQ-7»-ni qənimət kimi ələ keçirmiş və 60 qulduru məhv etmişdir. 2 oktyabr 1992-ci il tarixdə Laçın rayonunun Hoçaz dağında Ülfət 2 ədəd tank, 2 ədəd «PDM-2», 2»AQS-17», 2 ədəd minaatan (120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir. 27 mart 1993-cü il tarixdə Kəlbəcər rayonunun Ağdaban kəndində qanlı döyüşə atılaraq düşmənni iki tankını qumbara ilə partlatmış və özü də qəhrəmancasına həlak olmuşdur. Briqada komandirinin, hərbi hissənin zabitlərinin verdikləri təqdimata əsaslanan «N» hərbi hissəsinin komandiri polkovnik-leytenant R.A.Cəfərov Azərbaycan Respublikasının müdafiəsində göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrini nəzərə alaraq ÜLFƏT ƏLƏKBƏR OĞLU KƏRİMOVun «Azərbaycanın MİLLİ QƏHRƏMANI» fəxri adı ilə təltif olunmasını təklif edib. Respublika müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini polkovnik Y.Əydəmirov isə həmin təqdimata əsasən vəsatət qaldırıb. Bəs sonra?.. XATIRLATMA: Birinci dəfə 23 noyabr 1992-ci il tarixdə «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adına, ikinci dəfə 14 sentyabr 1993-cü il tarixdə «Azərbaycan Bayrağı» ordeninə, üçüncü dəfə yenidən «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adına təqdim edilməsi barədə toplanmış sənədlər qovluğu doğrudan da qəhrəmanlıqla dolu bir ömrün aynasıdır. Vətənin qeyrətini çəkən, uğrunda canını əsirgəməyən igid oğullarımızı unutmaq bu günümüzü, sabahımızı yaddan çıxarmaq deməkdir. Bu sətirlərdə qalan, yaddaşlara yazılan qəhrəman Ülfətimizin nə tarix unudacaq, nə də gələcək nəsillər. Ağlama, Xuraman… Xuramanın nigaran baxışları Ülfətin şəklinə dikilib. Qəlbinin dərinliklərindən qalxan ah göz yaşlarına dönüb, çöhrəsinə çökmüş kədəri yuyub aparmaq istəyir, bu isə mümkün deyil. Gizlicə ağlayır ki, Ülfət bilməsin. Axı, Ülfəti\ hələ də gözləyən bacı ağlamamalıdır. Niyə ağlayırsan, Xuraman? Bəs özün demirdin ki, Ülfət Ağdabanda döyüşür? Ağdaban azad olunandan sonra qayıdacaq Ülfət. Ülfət təkbaşına döyüşə atılıb. Darıxma bacım, hər zülmət gecənin işıqlı bir səhəri də var. Amma bircə xahişim var: hər gün Ülfət oxuduğu institutun dörd yanını dolaşıb, özünü əsir-yesir eləmə. Ülfət o binada imtahan vermir. Tələbə qardaşın, igid qardaşın, qəhrəman qardaşın atdı oxumağın daşını. Atdı qohum-qardaşını. Vətən adlı bir göhələ könül verdi. Ulu dağlarla ülfət bağladı, Ülfət. Məhəmməd Sadiq NƏRİMANOĞLU
Comments