Axşam da qəribdi, mən də qəribəm, Ürəyimdən nələr keçdi, darıxdım. Zalım ayrılığın kamil ovçusu Ox atdı, sinəmi deşdi, darıxdım.
Axşam da qəribdi, mən də qəribəm,
Ürəyimdən nələr keçdi, darıxdım.
Zalım ayrılığın kamil ovçusu
Ox atdı, sinəmi deşdi, darıxdım.
Nə kövrək zamandı, nə kövrək andı Nəfəsim təngidi, ürəyim yandı. Kəpəzdən bir çəngə bulud boylandı Xəyal uzaqlara uçdu, darıxdım.
Qoy yazım varağı, qalmasın ağı Kim çəkər həsrəti Bəhmənsayağı?! Çox da müqəddəsdir Gəncə torpağı Kəlbəcər yadıma düşdü, darıxdım.
Bəhmən Vətənoğlu Gəncə, 1992 Qardaş, bilirəm, indi sən də Bəhmənin ovqatını yaşayırsan… Elə mən də! Yanlış yazdım, 1993-cü ildən… Kəlbəcərə, ümumən işğalda olan torpaqlara həsrətik. Azərbaycanın qüdrətli Ordusu Ali Baş Komandanımızın qətiyyəti və mahir diplomatik gedişi ilə bizi bu 27 illik həsrətə qovuşdurmaqdadır! Bilirəm - vəkillərinin dediyinə görə, Ordumuzun hər bir qələbəsinə necə sevinirsən! Deməsələr də, sənin Qarabağın, Kəlbəcərin, işğal altında olan bütün torpaqlarımızın azadlığı uğrundakı mübarizənə (əvvəllər hərbi, sonralar diplomatik müstəvidə) bələdəm. Üç ay qabaq telefon danışığımızda dediyin sözlərin reallığını indi Ordumuz Kəlbəcəri azad etmək ərəfəsində dərk etdim: qardaş, ürəyimə damıb ki, bu il hökmən Kəlbəcər azad olunacaq. Elə qətiyyətlə dedin ki, inanmamağa haqqım olmadı. İndi təsəvvür edirəm hər qələbə xəbərini eşidəndə necə sevinməyini! İnşallah, ümid edirəm ki, Qarabağı tam azad edəndən sonra birlikdə oraları ziyarət edib Kəlbəcərimizdə xarabazarlığa çevrilmiş kəndlərimizdəki ata evimizi yenidən tikəcəyik. Onda Hümmət müəllimlə İbrahim Ağalaroğlunun ruhları da şad olacaqdır... Əziz qardaşım, bu gün sənin çox arzuladığın gündür. Çox arzu edirdin torpaqlarımızın mənfur düşməndən azad olunmasını... Həm də 65 yaşının tamamında möhtərəm Prezidentimizin icazəsi və xeyir-duası ilə təqaüdə çıxıb elmi-pedaqoji fəaliyyətini davam etdirməyi... Birincisi Azərbaycan Ordusunun və Ali Baş Komandanımızın qüdrəti ilə həll olunur, yubiley yaşın isə ulu yaradanın hökmü ilə! Bu yubileyinə xüsusi yazı hazırlamağı planlaşdırmışdım, amma heç nə yaza bilmədim... Yaza bilmirəm... Bağışla məni, qardaş! Bir tərəfdən Qarabağdakı uğurlu döyüş əməliyyatları nəticəsindəki Qələbənin sevinci, sevinc göz yaşları, digər tərəfdən… İndi sadəcə, böyük şairimiz Bəhmən Vətənoğlunun 1992-ci ildə Gəncədə yaşadığı dövrdə sənə həsr etdiyi şeirin təsiri altındayam. DARIXDIM... Kəlbəcər üçün necə darıxıramsa, səndən ötrü də o qədər darıxdım… Nə az, nə çox! 65 illik yubileyini təbrik edirəm! Sücaətin bu misralarını hələlik keçirə bilmədiyimiz yubileyinə ünvanlayıram: Qəm eləmə, ağrın alım Kişi bərkə-boşa düşər… Mavi gözlərindən öpürəm, əziz və əvəzedilməz qardaşım! Tezliklə görüşmək arzusu ilə...
Əlövsət Ağalarov
Comments