top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

''Bütün itirdiklərimə rəğmən son nəfəsimi orada vermək və torpağıma qovuşmaq üçün...dönüm"-MÜSAHİBƏ


Namiq Dəlidağlı: “Şeirlərimi dərc etdirmək üçün Kəlbəcərin cökə balını, nehrə yağını redaksiyalara daşımamışam”


Özünəməxsus düşüncələri, yazı üslubu, yanaşması olan qələm adamlarını başqalarından fərqləndirən xüsusiyyət təkcə yazmaq bacarığı deyil. İlk kim deyib bilmirəm, belə bir ifadə var ki, şairlər Tanrının seçdiyi bəndələrdir. Boşuna deyilməmiş bu ifadənin başqa bir variantı da şairlərin Tanrının yerdəki elçiləri olmasıdır. Bu da var ki, hər iki ifadə eyni zamanda peyğəmbərlərə şamil olunub. Demək, Tanrı şairləri söz elçiləri kimi yer üzünə bəxş edib... Haqqında söhbət açdığım və suallarımı cavablandıracağına ümid etdiyim şəxs də məhz Yaradanın seçdiyi elçilərdəndir. O yalnız bir türkçü deyil, türkdür, türkün özüdür. Türk olmanın qürurverici böyüklüyünə sadiqliyi, amalı, əqidəsilə bütöv Azərbaycan, Türk dünyası xilqətinə bağlılığı, sevgisi şəxsiyyətinin, xarakterinin sərgilədiyi hər halından bəllidir. Necə ki, deyir:” İçimdə Türk sevdası var, bütün sevdalardan öndə...” Ruhundan doğan poeziya nümunələrində də əbədi yola cığır salan işıq seli kimidi o möhtəşəm TÜRK adı:

Çəkmədiyim zillət yox, daha öndə zülmət yox. Türkdən böyük millət yox, Tanrı Türkü qorusun!

Beləliklə, həmsöhbətimiz uzaq məsafələri bir sevgidə birləşdirən, yaxın edən, ruhun danışdığı, duyğuların dilləndiyi, hisslərin ayrıca bir havada rəqs etdiyi SÖZ adlı dünyanın sakini, şair, jurnalist Namiq Dəlidağlıdır. - Salam, Namiq müəllim! Söhbətimizin maraqlı alınacağına ümidliyəm. Siz necə?

- Əleykümsalam. Mən də çalışacam ki, sizin ümidinizi doğruldum.

- “Dəlidağlı” təxəllüsünü başqaları da seçib. Ancaq “Dəlidağlı” deyəndə ilk siz yada düşürsünüz.

- Dəlidağı bir neçə yaradıcı adam özünə təxəllüs götürüb. Hətta, onların arasında aşıq da var. Bu da normal haldı. Ancaq onu da qeyd edim ki, “Dəlidağlıların” əksəriyyəti bu təxəllüsü Kəlbəcər işğal olunandan -Dəlidağ yağı əlinə keçəndən sonra özünə təxəllüs seçib. Mətbuatda isə bu imzayla ilk dəfə mən çap olunmuşam. Bu da 80-ci illərin ortalarına təsadüf edir. Yetər ki, adı doğruldasan…

- Şairlik bir vergidi desəm, təkrarlanmış bir fikri ifadə etmiş olacam bəlkə də. Ancaq bu bir həqiqətdir. Vergili olduğunuzu nə vaxt hiss etdiniz?

- Deyildiyi kimi, “gərək anadan şair doğulasan”. Bu “doğuluşun” “fəsadlarını” orta məktəbin aşağı siniflərində oxuyanda hiss etdim. Məni narahat edən hissin adını dəqiq deyə bilmərəm: vergiydi, təbiydi, nəydi, bilmədim… Ancaq narahat olduqca cızmaqaralar eləməyə başladım və hər dəfə bu hal şeir doğuluşundan sonra rahatçılığıma səbəb oldu. Və sonralar belə bir şeir yarandı:

- Şeir yazanda istəmirəm kimsə məni görsün. Sözləri mızıldaya-mızıldaya təkrarlayanda kimsə eşitsin. Mən təbimlə macəra dolu eşq yaşayıram şeir yazanda. Hamıdan gizlənirəm, hamıdan utanıram o an... Sonra şeir doğulur. Şeirin də xoşbəxti, bədbəxti olur, yaşayanı da var, öləni də.

- “Kəlbəcərli olasan, şeir yazmayasan?!.” Bir az sual, bir az xitab, bir az da təsdiq var bu ifadədə. Artıq el deyiminə çevrilmiş bu yanaşmaya münasibətiniz necədi?

- “Xalqımız şair xalqdı” deyimi də var. Ancaq bu fikrin rişxənd, lağ-lağı kimi təqdim edilməsini qəbul etmirəm. Dilimizin şirinliyi, genişliyi, axıcılığı və bir çox məziyyətləri ürəyimizdən keçənləri şeir, bayatı, şəklində çatdırmağa imkan verir. Ancaq yazılan və deyilənlərin hamısını ciddi poeziya nümunəsi kimi xalqa sırımağın da əleyhinəyəm. Qanında şairlik “virusu” olmayan kəslərin şairlik iddası - bax, bu, şair xalqıq düşüncəsini gözdən salır. Kəlbəcərlilər də bu xalqın bir parçasıdı və bu camaatın hamısına şair demək doğru deyil. Kəlbəcərlilərin dili şirin, yüyrək ola bilər. Ancaq hamısı şeir yazmır. Bir çox bölgələrimizlə müqayisədə bəlkə də əsl şair adlandırılacaqlar daha azdı. Şeir qoşan, şeir əzbər bilən, ümumiyyətlə, poeziyaya marağı olanlar çoxdu. Əsl ədəbiyyatla, ciddi poeziya ilə məşğul olanlar barmaqla sayılacaq qədərdi. Məni həmişə bir məsələ narahat edir: Kəlbəcərliləri bir çox hallarda dilə yatımlı, yaddaqalan, gəlişigözəl şeirlər, nəğmələr qoşan kimi təqdim edirlər. Əslində bu doğru deyil. Şəxsən bu gün bu yanlış düşüncəni kökündən dəyişmək üçün mən öz üzərimə düşən missiyanı yerinə yetirməyə çalışıram. Kəlbəcərlilərin yaradıcılıq potensialı ona imkan verir ki, biz ciddi ədəbiyyat yaradaq, əsl poeziya ilə məşğul olaq. Kimlərisə əyləndirmək, onlara xoş gəlmək üçün yüngülayaq söz yığınının vaxtı arxada qaldı. Elə bölgələrimiz var ki, orada səs Tanrı vergisidi, Kəlbəcərdə isə əsasən SÖZ… Ancaq bu “qonşudan geridə qalma” ənənəsinə çevriləndə ”Kəlbəcərli olasan, şeir yazmayasan?!.” fikri dəyərini itirir. Təəssüflər olsun ki, bu hal mövcuddu və Kəlbəcər ədəbi mühitinə daxil olanların (olmaq istəyənlərin) arasında qaragüruhçular çoxluq təşkil edir. Bunu da zamanın ixtiyarına buraxaq…

- Əsrarəngiz təbiəti, əzəmətli dağları, saymaqla bitməyən gözəllikləri ilə hər görəni valeh edən Kəlbəcər illərdir yağı nəfəsindən iyrənir. Bu baharı da Kəlbəcərsiz qarşıladıq. Artıq 27 -ə çatdı ağrımızın yaşı...

- 27 il bir igidin ömrüdü. Doğma yurd -yuvadan ayrıldığımız bu illər ərzində nələri itirmədik: o yerlərə bağlı olan əzizlərimizi, gəncliyimizi, bütövlükdə bütün dəyərlərimizi. Böyük bir boşluq, dərin bir uçurum ağuşunda, ifadə edə bilməyəcəyim sıxıntı və psixoloji gərginlik içindəyəm. Artıq xatırlayıb ovunduğum yerlərin adı yaddaşımdan silindikcə içimdə dəhşətli qorxu hissi baş qaldırır, sanki hər şeyin sonudu düşünürəm. Bundan belə ömrümün 27 illik boşluğunu dolduracaq heç nə olmayacaq. Günü sabah Kəlbəcərə dönsəm belə... Ancaq dönüm, bütün itirdiklərimə rəğmən son nəfəsimi orada vermək və torpağıma qovuşmaq üçün...dönüm.

- ”Yolları, izləri qar bağlayıbdı, bu fəsil bir kəndin qışı üşüyür...” O kənd bizim kəndimizdi… əlçatmaz, ünyetməz, doğma nəfəslərdən uzaq … Göynəyən yaramız, inləyən ruhumuzdu o kənd. İllərdir yurd ağrısıyla qovrulduğumuzdan bilirəm ki, bu yara qaysaq tutmur, hər gün təzələnir və bu göynəyi sözlə ifadə etmək çox çətindi...

- Artıq 27 ildi O kənd bütün fəsillərdə üşüyür. Ancaq bu “üşümələr”in sazağı, soyuğu hələ də bizim canımıza çatmayıb, ruhumuzu üşütmür. Üşüsəydik, yurd-yuvamızın isti qucağına getməyə can atardıq. Heç nəyə baxmadan şirin vədlərə, pafoslu çıxışlara bəsdir, deyərdik. Burda oturub bulaqların-yaylaqların şəninə şeir-zad qoşmazdıq. “Lazım gələndə” kimi sərsəm ifadələr işlətməz, gülüş obyektinə çevrilməzdik…

- Bildiyim qədər məktəb illərindən dərc olunmağa başlamısınız. O illərdə şeirlə yanaşı məqalə və müxtəlif yazılarla da mətbuatda görünmüsünüz. Sizi ilk kim “kəşf etdi” və yaxud ilk şeirinizi kimə oxumusunuz?

- Anam şeirə-sözə bağlı adam idi, poeziyanı çox sevirdi. Yaddaşında xeyli söz saxlancı var idi. Sonradan biləcəydim ki, atam da ara-sıra şeir yazıb. Və anam yaddaşında qalan həmin şeirlərin bəzi bəndlərini söyləyirdi. Əvvəl bu “sirri” gizli saxlamağa çalışdım. Və cızma - qaralarımı başqa müəllifin adına bağlayıb “yaxşıdı”, “halaldı” kimi ürəkləndirici, xoş sözlər eşidəndən bir müddət sonra həmin yazıları üzə çıxarmağa başladım. Atamı erkən itirdiyim üçün həmkarım anam oldu və ilk yazılarımı ona oxudum. Məni şair doğan da, şeirlərimi ilk dinləyib sevinən də anam olub. İlk “uğurlu yol”u ondan aldım. Bir məqama da toxunum: orta məktəbdə oxuyurdum. Bir gün Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində belə bir elana rast gəldim: ““Dəlidağın nəğmələri ” Ədəbi Birliyinin növbəti yığıncağı (məşğələsi) filan vaxtı redaksiyanın binasında keçiriləcəkdir. Maraqlananlar iştirak edə bilər". Həmin gün müəllimim, həm də doğma əmim oğlu Hümbət müəllimlə bir yerdə getdik rayon mərkəzinə. O da şeir yazırdı. Yolda redaksiyaya gedəcəyini dedi, ancaq mən məqsədimi bildirmədim. Rayonun mərkəzində avtobusdan düşəndən sonra aradan çıxdım. Bir az düşünəndən sonra redaksiyaya getməyi qətiləşdirdim. Həyəcanlı halda redaksiyanın ikinci mərtəbəsinə, tədbirin keçiriləcəyi otağa yaxınlaşdım. Çəkinə-çəkinə qapını döydüm, “buyur” kəlməsindən ürəklənib içəri daxil oldum. İlk dillənən əmim oğlu oldu: “Gəl, gəl. Şeir həvəskarıdı, yəqin qulaq asmağa gəlib”, - dedi. Şövkət adlı xanım şair bir az qırağa çəkilib yanında mənə yer elədi. Köynəyimin altında gizlətdiyim şabalıdı rəngli ümumi dəftərimi çıxarıb indi də dizimin üstündə daldaladım. Şairlər növbə ilə şeir oxuyur, ardınca müzakirələr edilirdi. Bəyənilən şeirlər ““Dəlidağın nəğmələri ” Ədəbi Birliyi təqdim edir” adı altında “Yenilik” qəzetinin bütöv bir səhifəsində oxucuların ixtiyarına veriləcəkdi. Mənim yanımda əyləşən şairin ağzından sonuncu misra çıxan kimi “mən də şeir oxumaq istəyirəm”, dedim və kiminsə “oxu” sözündən sonra təbiətə aid 2 bəndlik şeirimi udquna-udquna oxudum. “Hardansa köçürməmisən, ədəbiyyat müəllimin baxıbmı?..." kimi bir neçə sualdan sonra həmin şeiri yazıb verməyimi dedilər. Barmaqlarım titrəyə-titrəyə şeiri kağıza köçürüb verdim. Qısa bir zamanda şeir qəzetin səhifəsində dərc edildi. Və sonralar bir vaxtlar əlçatmaz saydığım qəzet və jurnallarda şeirlərim dərc edildi. Ancaq “Yenilik” qəzetinin səhifəsində yer alan həmin şeirin sevincini təkrar yaşamadım. Qeyd edim ki, həmin məclisdə şeirlərini sevə-sevə oxuduğum Yaqub Cabbarov, Şamil Əsgərov, Əlqəmə, Mirsəyyaf Zamanlı və başqaları ilə tanış oldum. Onu da vurğulayım ki, elə o vaxtdan qəzetlə sıx əməkdaşlıq etdim. Şeir və məqalələrim mütəmadi olaraq "Yenilik" qəzetində dərc edildi. Xeyli vaxt həmin qəzetin ştatdankənar müxbiri kimi fəaliyyət göstərdim. Jurnalistlik fəaliyyətimdə bu redaksiyanın çox böyük təsiri oldu. O günləri və qəzetin baş redaktoru Zimistan Həsənov, əməkdaşlardan Məhəmməd Nərimanoğlu, Amil Novruzov, Qəhrəman Nağıyev, Qənifə Səmədova və digərlərini hər zaman ehtiramla xatırlayıram. Dünyasını dəyişənlərə rəhmət, qalanlara can sağlığı diləyirəm.

- Həm şair, həm də jurnalist kimi hələ gənc yaşlarınızdan imzanızı tanıtmağa müyəssər olmusunuz. İstedadla yanaşı çalışqanlığınızın da rolu var yəqin ki, tanınmağınızda?

- Tanınmaq, populyar olmaq əslində ciddi yaradıcılığa mane olur. Çünki dediyimin hər ikisində fikir və düşüncəndə hər yerdə, hər an görünmək məramı (şakəri) var. Bu da yaradıcılığa öz mənfi təsirini göstərməklə yanaşı, insanı ucuz şöhrətə sürükləyir. Ancaq zaman keçdikcə imzanın tanınması da təbii haldı. Oxucun çoxalır, müəyyən dairədə qəbul olunursan. Jurnalistlik bir ictimai peşə kimi işləməyi, çalışmağı sevir. Şairlik isə, axtarışı, mütaliəni, özündən narazılığı tələb edir… Əslində ikisi də axtarışı sevir…

- Deyəsən, nə o illərdə, nə də indi dərc olunmaq problemi ilə üzləşməmisiniz.

- Dərc olunmağın tapşırıq və tanışlıq, 40 yaşa kimi “gənclik” dövrünü yaşamamışam. Yuxarıda vurğuladığım kimi, ilk şeirlərim və məqalələrim orta məktəbin aşağı sinfində oxuyanda rayonda çıxan “Yenilik” qəzetində mütəmadi olaraq dərc edilib. Sonrakı illər isə müstəqillik dövrünə təsadüf etdiyi üçün qarşıma heç bir problem çıxmayıb. Qədərincə çap edilmək imkanım olub. Bir sözlə, şeirlərimin dərci üçün Kəlbəcərin cökə balını, nehrə yağını və axtarma motal pendirini də redaksiyalara daşımamışam.

- Maşallah, qısa tanıtmayla, yəni tərcümeyi-halınızla tanış olanda məlum oldu ki, özünüzün təsis etdiyiniz, redaktoru olduğunuz, müxbir kimi çalışdığınız qəzet və dərgilərin sayı- hesabı yoxdu.

- Müxtəlif dövlət və müstəqil mətbuat orqanlarında çalışmışam. Bu yol Kəlbəcərdə fəaliyyət göstərən “Yenilik” qəzetində ştatdankənar müxbirlikdən başlayıb. Sonralar müxbir, parlament müxbiri, şöbə müdiri, baş redaktor olaraq davam edib. Hazırda bu sahədə fəaliyyətimi davam etdirirəm və təsisçisi olduğum saytlar var.

- Ötkəm və açıq sözlüsünüz. Kəskin, bəzən də satirik ifadə və ya statuslarla hədəfi nişan alırsınız, deyim ki, istədiyinizə nail olursunuz da. Xarakterdən irəli gələn bir amil olduğunu, bir az da peşənizlə bağlılığını düşünürəm.

- Adamın xarakterində elə məqamlar var ki, özü onu hiss etmir. Kənardan daha yaxşı dəyərləndirmək olur. Müşahidələrinizdəki müsbət tərəflər mənə xoş gəldi. Buna görə sağ olun. Sosial şəbəkənin verdiyi imkanlar ürəyimizi boşaltmaq üçün yaxşı fürsətdi (gülür). Bir çox hallarda hansısa qəzetə, jurnala uzun-uzadı yazmağa ehtiyac qalmır. Fikirlərimizi bir-iki cümlə ilə də ifadə edə bilirik. Buna nə dərəcədə nail olmuşam, deyə bilmərəm.

- Bir az söz dünyanıza səyahət edəkmi? Yaddaşınızın üst qatında “cilvələnən” misraların nazını çəkin bir zəhmət...

- Son duamı oxudum ayrılıqlar üzünə. Ayrılıqlar qibləsinə dayanıb. Bütün ayrılıqların səmti birdi, ahı ürəkdən qopur. ...Ayrılıqlar oxudum, bu aylı gecənin səssiz xatirəsinə... Ayrılıq duaları dəli sevdaların ruhuna bağışlanır. Bütün ayrılıqların qibləsi eynidi:ağrısı soldan başlanır.

- Çağdaş ədəbiyyatımızın halından məmnunsunuz?

- Ədəbiyyatın “halını” müəyyənləşdirmək və durumunu analiz etmək təbii ki, mənim işim deyil. Ancaq göz yumduğumuz, yer göstərdiyimiz şair və yazıçılar var ki, bu gün oxucu zövqünü korlamaqla məşğul olurlar. Nə qədər soyuqqanlı olsam da, etiraf edim ki, bu məsələ məni son vaxtlar çox narahat edir. Bütün söz qoşanlar “tanınmış”, “böyük”, “istedadlı şair”, yazıçı adı altında oxucuya təqdim edilir və həmin cəfəngiyatçılar cızmaqaralarını oxucuya sırıyırlar. Və onların növbənöv titulları, rəngarəng fəxri fərmanları, diplomları oxucunu çaşdırır. Bu onların aləmində bir şair obrazı formalaşdırır... Sonda söz ölür. Uzun söhbətdi, yazmaqla, danışmaqla bitən deyil…

- Düşünürəm ki, ənənəvi, standart, çərçivəli şeirdən postmodern üsluba keçid ruhunuzun tələbi idi. Eyni zamanda müasir oxucunun zövqünü oxşamaq, düşüncələrinə yaxın olmaq da var. Ancaq bu yeniliklə qəbul olunmamaq, qınanılmaq “təhlükə”si də qaçılmazdı. Bütün bunların fonunda siz yenilikçi oldunuz.

- Yenliyə can atmaq, təzə nəsə söyləmək çabası dünəni qamçılamaq, pisləmək kimi başa düşülməməlidi. Ölkəmiz müstəqillik qazanandan sonra Azərbaycan poeziyasında yeniləşmə meyillərinin artması qabarıq hiss olunmağa başladı. Postmodern poeziya çağdaş Azərbaycan ədəbiyyatında daha çox özünü göstərməyə başladı. Və həmin dövr gənclik illərimə təsadüf etdiyi üçün postmodern şeir üslubunda mən də qələmimi sınamağa cəhd etdim. Demək olar ki, bu gün müasir oxucunun zövqünü oxşamaq, istədiyini ona vermək üçün sərbəstliyi, azadlığı qazana bildim. Postmodern üslubda qələmə alınan qafiyəsiz poetik nümunələr bu gün çağdaş Azərbaycan poeziyasını qafiyə “virusundan” təmizləməkdədi. Və bu, müasir Azərbaycan ədəbiyyatının dünya ədəbi düşüncəsinə, tələbinə uyğunlaşma prosesinə bir başlanğıcdı. Mən də bu uğurlu yolda olduğum qənaətindəyəm.

- Qələminizi nəsrdə sınamısınız və nə vaxtsa iri həcmli bir əsər yazmaq istəyiniz varmı?

- Sınamaq deməzdim. Sadəcə 2-3 kiçik hekayə yazdım və üzə çıxarmadım. Belə bir fikrim yoxdu, ancaq ola da bilər...

- Ağ dəvələr ağ gecədə ağ yollarla yön almışdı üzü Qərbə. Ağ yuxular, ağ arzular çin olmuşdu bu ağ gecə. Bir ağ karvan yol gedirdi ağ günlərin işığına… ...Ağ ümidlər, ağ gümanlar ağ dağlara aparırdı ağ karvanı. Bu gecənin ağ həsrəti, ağ hicranı əriyəcək. Ağ vüsala qovuşacaq, bu ağ karvan. ...Bu bir ağ nağılıydı, bu nağılda ağ elədim, buna heç kim inanmaz.

”Ağ gecənin nağılı”nı danışıb sonda da ağ elədiyinizi deyirsiz.Yəni bu qədər ümidsiz?

- Bu qədər “ağlar”dan sonra indi gərək mən Kəlbəcərdə olaydım. Bu ağ yalanıma görə üzr istəmək durumuna düşərdim, yaxşı ki, sonda özüm öz yalanıma inanmadığımı anlamışam və oxucuya doğrunu demişəm. Belə demək mümkünsə, özüm-özümü “sığortaladım”. 27 ildi ağ dəvələr ağ yollarla üzü Qərbə yön almadı.. “Ümid sonda ölür”ü nəzrdə tutursunuzsa, mən hələ yaşayıram…

- Kəpənəklərin sevgisini də müşahidə etməyə macal tapmısınız. Müşahidə və duyumunuzdan bir möhtəşəmlik yaranıb:

...Sənin sevgin dünyada ən ilahi bir eşqdir! və ya ...Ən ağrılı ölüm belə ağlatmır kəpənəkləri. Kəpənəklər güllərin sevdasından özləri ölür!

- Kəpənəklərin dayanmadan güldən-gülə, çiçəkdən-çiçəyə qonmalarını müşahidə eləmək çox maraqlıdı. Onların sevgisi bir çimdik çanlarından dəfələrlə böyükdü. Və bu qansız bədəndə bu qədər sevgi, eşq hardandı görəsən?.. Şeirdə deyildiyi kimi, axı qansızda sevgi olmaz…

- Zamanla ayaqlaşmaq, zamanın tələbinə uyğunlaşmaq, peşənizdən irəli gələn operativlik və hərəkətlilik, üstəlik, məişət qayğıları, problemlər... daimi məşğulsunuz. Bəs nə vaxt dincəlirsiniz, ümumiyyətlə, dincəlirsinizmi?

- Yəni asudə vaxtımı necə keçirirəm?(gülür). Bunu çox plansız vəziyyətdə həyata keçirirəm. Siz dediyiniz kimi, məişət qayğıları, maddi sıxıntılar və qeyri-sabit iş rejimi… Bütün bunların fonunda istirahət etmək, dincəlmək mümkün deyil. Ömrüm-günüm qaçhaqaç, qovhaqovda, qayğı və problemlər girdabında sıxılmaqda, məhv olmaqda davam edir.

- İllər öncə, daha dəqiq desək, 23 yaşınızda yazdığınız bir şeir var:

...Dərd qalaqdı, eh, ürəyim boş deyil, Necə axı, mən doluya boş deyim? İyirmi üç il, bu azacıq yaş deyil- Nə etmişəm bu yaşacan, axı, mən! İtirmişəm mən özümü özümdə, Axtarıram mən özümü özüm də! Bu suala cavab alım özümdən, Nə etmişəm bu yaşacan, axı, mən!

Şikayətlənmək üçün erkən yaş deyildimi? Cavab ala bildinizmi? İllər sonra, yəni indi bu yaşınızda da o sualı verirsinizmi özünüzə?

- Yenə o fikirdəyəm. Nə dəyişdi ki?… Yurd-yuva işğalda, can xəstə, maddi-mənəvi sıxıntılar… Çox danışmayım deyə, bu sualın ardını bir neçə il öncə yazdığım bir cavabla tamamlamaq istəyirəm:

“Yaman basıb-bağlayırdın, bağ belə, bostan belə”… Bostanın uralandı, bağını da aldılar. Dağ üstə dağ qoyacaqdın, bu istəyin cəhənnəmə, torpağın paralandı, dağını da aldılar. …Özgələrə vəd vermədin, sən özünü aldatdın, nə qazandın, nə uddun?! ”Ağzın isti yerdəydi”, yerə-göyə sığmırdın, öz içinə sığışdın, taleyinlə barışdın. …Bu qədər yalan olmaz, çox şeyləri demirəm. ...Bilmirdin ki, qarşına namərd-nadan çıxacaq, zalım dövran çıxacaq?!... “Özü yıxılan ağlamaz”, dur, çırp üstünü-başını, sil gözlərinin yaşını. Yaşamağa “öyrənginən”, bu dövran sevmir “naşını”

- Çox gözəl sevgi şeirləriniz var, həsrət örtüklü, ayrılıq libaslı, nisgil dolu... Ruhunuzun biçimi budu, ya həsrət çəkdirənin dönüklüyü şeirlərinizə qəm yükü gətirib?

- Sevgi adı ilə başlayan hər şey gözəl olur... Elə onun həsrəti, hicranı da… Sualı o qədər gözəl qurmusunuz ki, dönüklük də, vəfasızlıq da, cəfa da mənə çox gözəl göründü…

Əzizinəm, şirin dil, Şirin söhbət, şirin dil. Çəkdikcə ləzzət verir Zülmün baldan şirindir.

“Niyyətin hara, mənzilin ora” deyiblər… Deməli, qədərim “ruhumun biçiminə” uyğundu…

- Şeirlərdə etiraflarınız da az deyil. Realda necə, etiraf etməyi bacarırsınız?

- Bir çox məqamlarda etiraf adama yüngüllük gətirir. Həm də qarşıdakını “sındırmaq” üçün bir qılıq vasitəsi, xoş niyyətlə atılan addımdı… Məsələ etiraflıqdırsa, reallıqda da bunu edirəm…

- ”Ağ gecənin nağılı”, “Otel otağından reportaj” adlı iki şeirlər toplusunun, bir neçə publisistik kitabın müəllifi və həmmüəllifisiniz. Yəqin ki, bunlarla kifayətlənmək fikriniz yoxdu. “Evsiz” şeirlərinizin sevincinə şahid olacağımız günü gözləyək?

- Kitab çap etdirmək hər bir yaradıcı adamın istəyidi, o cümlədən də mənim. Bu il seçilmiş şeirlərimdən ibarət bir kitab çap etdirmək fikrindəyəm. Tanrı möhlət versin və pul yetirsin.

- Sosial şəbəkələr sirr saxlamır, bir bacarığınızı da oradan aşkarladım. Sən demə siz həm də yaxşı ovçuymuşsunuz, daha dəqiq desək balıqçı...

- Yaxşı deməzdim, mənim kimi adamların dədə-babadan adı var-“həvəskar”. Balıq ovlamağı sevirəm və az-çox bcarıram. Yayda bir müddət Qəbələdə oluruq. Ötən il daha çox balığa getmək imkanım oldu. Bunu istirahət, həm də elə əsəb və gərginliklə silələnən beynimin bir dincliyi kimi qəbul edirəm.

- Robot adamlar, məddah şairlər sizi o dərəcədə hiddətləndirdi ki, sözlə çəkdiniz onların şəklini?

- Bütün dövrlərdə məddahlar, yaltaqlar meydan sulayır, hər şeyin yaxşısını-yağlısını qapırlar. Bu cəhənnəmə, cəmiyyətdə ikrah hissi yaradan, nifrətlə qarşılanan yaltaq zümrə həm də vicdanlı, əqidəli adamların yolunu kəsir, bir çox hallarda onlara mane olmağı bacarırlar. Təəssüflər olsun ki, onlara “yaşıl işıq” yandıranlar daha çox olur. Beləliklə, cəmiyyətdə mənəvi axsamalar, nadanlıq, alçaqlıq baş alıb getməkdədi. Yaradıcı adamların isə məddahlığı, yaltaqlığı, yarınmağı mənə daha çox təsir edir. Belə tiplərə qarşı mübarizə aparmaq hər vicdanlı adamın işidi. Belələri mənim də qarşıma tez-tez çıxır və əməllərinə, atdıqları addımlara biganə qala bilmirəm…

- İllər əvvəl demisiniz:

Keçdim dünyanın içindən, boşca qəfəsmiş demə. Qulaqları batıran, quruca səsmiş demə. İllər sonra yenə o düşüncədəsiniz?

- Dünya həmən dünyadı…

- Düşünürəm ki, çox səmimi, həm də maraqlı söhbətimiz alındı. Boş olmayan vaxtınızdan bizə zaman ayırdığınıza və içdənliyinizə görə sizə təşəkkür edirəm...

- Bu sualı “Evdəqal” kampaniyasından əvvəl yəqin ki, düşünmüsünüz. Ev "dustaqlığı"ndan sonra kifayət qədər vaxtım var. Düzdür, saytların işi, informasiya ovu, bütün bunlar vaxtımı alır, darıxmağa macal vermir. Ancaq yenə də evdə vaxt keçmir, gün çox uzun gəlir adama. Mən də söhbətimizin maraqlı alındığı fikrindəyəm. Sağ olun! /manevr.az/

コメント


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page