22:30 | 05.10.2018
Tunisdə UNESCO ilə rəsmi tərəfdaşlıq edən Qeyri - Hökumət Təşkilatlarının (QHT) beynəlxalq forumu keçirilib. Moderator.az xəbər verir ki, “Miqrasiyaya fərqli baxış” mövzusunda keçirilən forumda Azərbaycanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Fazil Qasımov təmsil edib.
UNESCO ilə rəsmi tərəfdaşlıq edən QHT rəhbərləri, BMT və UNESCO ekspertləri, Tunisin hökumət rəsmiləri və insan haqları fəallarının iştirakı, Tunis hökumətinin himayəsində və İnsan Haqları üzrə Ərəb İnstitutunun ev sahibliyi ilə reallaşan forumda miqrasiyanı doğuran amillər, miqrantları göndərən və qəbul edən ölkələrdə miqrasiyanın nəticələri sosial, iqtisadi, mədəni aspektlərdən müzakirə olunub. UNESCO baş direktorunun müavini Nada Naşif forumun açılışında çıxış edərək, miqrantların sosial-iqtisadi inkişaf üçün vacib amil olduğunu bildirib. Aparılan müzakirələrdə Suriya böhranı, Afrika ölkələrindən Avropaya yollanan qanunsuz miqrantların Aralıq dənizində üzləşdiyi faciələr və digər humanitar məsələlərdə QHT-lərin vəzifələri qeyd edilib.
Ölkəmizi forumda təmsil edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Fazil Qasımov çıxış edərək, Azərbaycanın beynəlxalq səviyyədə tanınan, işğal altındakı ərazilərində maddi mədəniyyət abidələrimizin, o cümlədən İslam mədəniyyətini əks etdirən dini-mədəni abidələrimizin erməni təcavüzünə məruz qaldığını, 63 məscidin tamamilə məhv edildiyini UNESCO ilə rəsmi tərəfdaşlıq edən QHT rəhbərlərinin diqqətinə çatdırıb. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin həyata keçirdiyi layihələr ilə, məcburi köçkünlərin qeyri-maddi mədəni irsinin mühafizəsi istiqamətində sistemli iş aparıldığını qeyd edən QHT rəsmisi, işğal altında qalan mədəniyyət abidələrimizin taleyindən narahatlığını ifadə edib və münaqişə zonalarında maddi mədəniyyət abidələrinin monitorinqini təmin edən beynəlxalq mexanizmlərin qurulmasının vacibliyini vurğulayıb.
Fazil Qasımov, ölkəmizdə dini tolerantlığın yüksək səviyyədə olduğunu, qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə sosial layihələrin icra edildiyini vurğulayıb. Qeyd edək ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə həsr olunmuş forumda 58 ölkəni təmsil edən 100-dən çox QHT rəsmisi iştirak edib.
Comments