Kalbajar.com əməkdar artist, muğam ifaçısı Babək Niftəliyevin AzNews.az-a müsahibəsin təqdim edir. - Yeni mövsümün açılışına bir aydan da az vaxt qalır. Payızda tamaşaçılarınıza nə vəd edirsiniz? - Hazırda yeni mahnılar üzərində çalışıram. Bundan əlavə yeni bir layihə var, solo konsert vermək istəyirəm. Hələki konsertin baş tutacağı məkanı dəqiqləşdirməmişəm. Amma nəzərimdə iki məkan var, birincisi Muğam Mərkəzi, ikincisi Azərbaycan Dövlət Filarmoniyası. Əslində bu layihə çoxdan fikirimdədir. Sadəcə hər dəfə bir iş çıxırdı deyə uzanırdı. - Konsertdə həmkarlarınızdan kimlər olacaq? - Nəzərimdə bir xanım tutmuşam. Adını açıqlamayacam. Birdən alınmaz, odur ki, bunu gizlin saxlayaq. - Son vaxtlar muğam ifaçılarının təqdim etdikləri konsert layihələri anşlaqla keçir. Hətta tamaşaçılar bəzilərinə bilet tapa bilmir... Konsertinizdən nə gözləyirsiniz? - Buna tamaşaçı qərar verə bilər. İnanıram ki, tamaşaçım var və onlar məni konsertdə tək qoymayacaq. Yaxın günlərdə konsertlə bağlı reklam kampaniyası başlayacaq. Bu konsertdən çox şey gözləyirəm. - Bu gün muğam sənətinə maraq necədir? - Muğama böyük diqqət və qayğı var. Dövlətimiz sağ olsun, Azərbaycan muğamına diqqət ayırıb. O diqqətin sayəsində muğam yenidən sevildi. Bundan əlavə Bakıda və rayonlarda Muğam Mərkəzləri inşa olundu. Artıq Azərbaycan muğama ev sahibliyi edir. Mən özüm 4 ildir muğamdan dərs deyirəm. Orada da bu sənətə olan diqqəti görürəm. Hər kəs istəyir ki, övladını muğam sənətinə qoysun. - Hansı teatrın solistisiniz? - Heç bir teatrın solisti deyiləm. Amma indi fikirim var ki, Opera və Balet Teatrına üz tutam. “Leyli və Məcnun”da oynayacam. Artıq teatrın baş rejissoru Hafiz Quliyevdən dəvət almışam. Gələn mövsümdə Məcnun rolunda tamaşaçıların ixtiyarında olacam. - Leylin kim olacaq? - Hələ dəqiq bilmirəm. Cavan Leylilərimiz var, ancaq kiminlə səhnə bölüşəcəyimə qərar verməmişəm. - Babək Niftəliyev kimisə öyrədir, yoxsa özü öyrənir? - Bu sənət belədir ki, ömrünün sonuna kimi öyrənməlisən. Hər dəfə ortaya yeni nəsə çıxır, çox geniş və şaxəlidir. Özü də ciddi sənətdir. Tanınmış sənətkarlarımız var ki, onlar bu gün də öyrənir. Düzdür, bu gün mən özüm də müəlliməm, tələbələrim var, kimlərisə öyrədirəm. Onları öyrədə-oyrədə sən özün də öyrənirsən. Amma böyük sənətkarlarımız var ki, onlara hər zaman ehtiyac duyuruq. - Muğamda bəzi ifaçılar var ki, tanınmış xanəndələri yamsılayır. Buna necə baxırsınız? - Lazımsız bir yoldur. Hər kəsin bir yolu olmalı və o xətlə getməlidir. Müəllimin, ustadın yolu ilə bir müddət getmək, muğamları öyrənmək lazımdır. Belə bir məsəl var, izdən gedənin izi qalmaz. Kimsə bu sənətdə kimisə yamsılayacaqsa gec-tez izi silinəcək. İfaçının yolu olmalıdır. Səsin varsa sənə zaval yoxdur. Mənim də səsim, istedadım var. Öz əziyyətimin bəhrəsini görmüşəm. Gərək ifaçı öz üzərində işləsin. Görün “Muğam” müsabiqəsi nə qədər ifaçı təqdim edib. Amma onlardan üzdə olan barmaqla sayılır. Kim öz üzərində işləyirsə bu sənətdə qalır və qalacaq da. - Sizin Babək Niftəliyev kimi tanınmağınızda mərhum xanəndə, xalq artisti Səfa Qəhrəmanovun böyük dəstəyi olub. Mərhum sizinlə bağlı münsiflər heyətinin əksəriyyəti ilə mübahisə də edib. Bunun qarşılığında onun qəbrini, yaxud da ailəsini yad etmisiniz? - Allah ona rəhmət eləsin, onun mənə dəstəyi böyük olub. Düzdür, müəllimim deyildi, ancaq məsləhətlərini əsirgəmirdi. Evini, ailəsini tanımıram. Sağlığında ancaq onun özü ilə ünsiyyətim olub. Qəbrini ziyarət etməmişəm, o tərəflərə yolum düşməyib. Nə vaxtsa yolum onun dəfn olunduğu bölgəyə düşsə mütləq onu ziyarət edəcəm. - Toya gedirsiniz? - Əlbəttə. Bəzən bütöv, bəzən də yarım saatlıq toya gedirəm. Dəvət aldığım el şənliklərinin qiymətləri toy sahibinin imkanından asılıdır. Bəzən tanışlar da olur. Toy qiymətlərim stabil deyil, oynayır. - Kasıb, imkanı olmayan elə bəy var ki, toyunda sizin oxumağınızı istəyir...Həmin bəyin atasına da qiymət oxuyursunuz? - Yox, kasıbların toyunda pulsuz oxuyuram. Bu da məndən o ailəyə toy hədiyyəsi olur. AzNews.az
Comentarios