Bu, mənim işğaldan azad olunmuş bölgələrə beşinci səfərim idi. Bu gün Ağdamda olduq. Hər addımda, hər qarışda erməni vəhşiliyi, erməni iyrəncliyi ilə qarşılaşdıq. XX əsrdə bu vəhşiliyi yalnız ermənilər edə bilərlər. Dünya tarixində çox müharibələr olub. Amma ermənilərin törətdikləri vəhşiliklər heç bir yerdə görünməyib. Şəhərlər, kəndlər yer üzündən silinib, evlər, tarixi abidələr, qəbiristanlıqlar dağıdılıb, yaşılıqlar məhv edilib. Gördüklərimiz bizdə çox təəssüf hissi doğurur.
Bu sözləri ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin qalıqları ilə tanış olan Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
O, gördüklərindən nə qədər təəssüflənsə də, eyni zamanda, sevinc, qürur hissi də yaşadığını bildirib: "Azərbaycan Ordusu işğalda olan torpaqlarımızı 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə azad etdi. Artıq 30 illik həsrət sona çatıb. Hələ də buna inana bilmirik. Biz əminik ki, azad edilmiş şəhər və kəndlərimiz yenidən qurulacaq. İllərdir məcburi köçkünlük həyatı yaşamağa məcbur olmuş insanlar öz doğma torpaqlarına qayıdacaqlar".
Comments