Ağdabanın işğalı həm də mənəviyyatımızın işğalı oldu...
Minillərin sınağından çıxmış bir atalar sözü var: ot kökü üstə bitər. Nəhəng dağlar da öz kökü üstə göylərə ucalır, başı buludlara dəyir. Xalqımızın ləyaqətli oğlu, millət vəkili Cavid Qurbanov Dədə Şəmşirin müqəddəs ocağının işığını yaşadan, sözü uca tutan ziyalılarımızdan, dövlət xadimlərimizdən biridir. Kəlbəcər həsrəti, Qarabağ dərdi ilə yaşayan Cavid müəllim həmişə insanlar arasındadır. O, hər bir kəlbəcərlini sabaha ümidli olmağa çağırır. Cavid müəllimin hər bir kəlbəcərlinin yarasına məlhəm qoyan sözlərini bu yazının sərlövhəsinə çıxarmağımız da nahaqdan deyil. “Şiş ucları buludlarla döyüşən” dağların gözü yollardadır. Yolları, cığırları ot basıb. Bir vaxt bu yollarla köç arandan dağa, dağdan arana enərdi. Zınqırovlu dəvələrin belindəki xurcunların gözündən qotazlı bənövüş quzular boylanardı. Yazın gəlişiylə quluncu tərləmiş təpələr, dağlar sehrli çiçəklərin kəməndinə düşərdi. Güllərin, çiçəklərin ətrinə bələnmiş, çırtma vursan yanağından qan daman oğlanların, qızların nəğməsi eşidilərdi. Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər işğal altındadır. Uzun illərdir ki, altı-üstü qızıl olan, yer üzünün cənnət guşəsi Kəlbəcərsiz yaşayırıq. Yerindən-yurdundan didərgin düşmüş, Kəlbəcər həsrəti ilə yaşayan neçə-neçə insanımız artıq haqq dünyasına qovuşub. Öz təbii sərvətləri ilə dünyada tayı-bərabəri olmayan Kəlbəcərdə nələr yox idi?! Bazalt daşı, süngər daşı, əhəngdaşı yataqları, mərmər, qızıl, obsidian, xrom yataqları, civə ehtiyatları, 77 növ mineral daşlar, 400-dən çox mineral su ehtiyatları, tayı-bərabəri olmayan şəfa otları, daha nələr, nələr... Kəlbəcər açıq səma altında canlı muzey idi. Kəlbəcəri itirməklə həm də respublikamızın qoyunçuluq təsərrüfatına ağır zərbə vuruldu. Bu qədim tarixi ərazimizdə neçə-neçə nadir abidə erməni vandalları tərəfindən məhv edildi. Ermitaj muzeyi ilə müqayisə ediləcək bənzərsiz Kəlbəcər muzeyi düşmən əlinə keçdi. Kəlbəcər yuxu içindəydi. Bu ucalıq, bu saflıq, bu gözəllik səltənətində yaşayanlar sanki özlərini cənnətin qoynunda hiss edirdilər. Dağların qoynundan alpinist kəndirləri kimi sallanan cığırların, yolların biri də Ağdabana gedirdi. O Ağdabana ki, göy yerlə, yer göylə güzgülənirdi. Təbiətin bu gözəllik səltənətinə baxanlar heyran qalırdılar. Kəlbəcərin, Azərbaycanın fəxri olan, aşıq şeirimizin minillik köklü çinarı Dədə Şəmşir burada at oynadırdı, çiçəklərin boyunu oxşayırdı, Azərbaycanı vəsf edir, gözəllərə gözəlləmələr yazırdı. Aşıq Şəmşir aşıq şeirimizin sonuncu minillik çinarı kimi ustadların, bu torpaq altında uyuyan nəhənglərin xatirəsini, səsini, sözünü yaşadırdı bu dağlarda. Dağlar ona, o, dağlara yaraşırdı. Kim nə deyir-desin, böyük oğullarsız torpaq yetim görünür. Dədə Şəmşirin məzarı da elə bir səngər idi, qala idi Kəlbəcərə. Bulaqların pıçıltısına güllər açılırdı. Arılar pətəklərinə bal, qarışqalar yuvalarına dən daşıyırdılar. Quşlar bəlkə də dünyanın heç yerində olmayıbmış kimi azad, bəxtəvər-bəxtəvər ötürdülər. Başıçalmalı biçinçilər ot çalırdılar. Biçilmiş otların, çiçəklərin ətri adamı bihuş edirdi. Uşaqlar arxası üstə göy otların üstə sərələnib, ulduzları sayırdılar. Qoyun-quzu mələşməsi, çoban tütəyinin səsi bir-birinə qarışırdı. Ağdabanın qoynunda doğulan uşaqdan-böyüyə hər kəs hazırcavablığı, sinədəftər olması ilə seçilirdi. İxtiyar babaların, gümüşbirçək nənələrin nağılları, laylaları, bayatıları, yanıltmacları, sayaçı sözləri, nazlamaları gəlib-gedənləri heyran edirdi. Bəlkə bu ona görəydi ki, burada söz, saz sərrafı, nəhəngi, münsifi Dədə Şəmşir yaşayırdı. Burada, dağların qoynunda dədə-babalarımızın yüzillər boyu oxuduqları, indi unudulmaqda olan əkinçi, biçinçi, çölçü, çoban nəğmələri, holavarları bulaqların zümzüməsinə, quşların nəğməsinə qoşulurdu. Təbiətlə bağır-badaş olan bu insanlar kindən-küdurətdən, paxıllıqdan, namərdlikdən min ağac uzaq idilər. Bu saflığın qoynunda, bu ucalığın ağuşunda, bu çiçəklər selinin içində insan pislik, yamanlıq haqqında düşünə bilərdimi? Kimin ağlına gələrdi ki, bu cənnətin, bu gözəlliyin üstünə od-alov yağdıracaqlar?! Pusquda yatmış, fürsət gözləyən, qanımıza yerikləyən düşmənimiz ermənilər həmişə olduğu kimi, indi də xəyanətkar xislətlərini göstərdilər. Bizi kürəyimizdən vurdular. O vaxt amazonkalara bənzəyən igid, cəsur, qorxmaz ağdabanlı qadınlar təpədən-dırnağacan silahlanmış 11 erməni quldurunu tərksilah etdilər. 1991-ci ildə tərksilah edilmiş erməni quldurlarını aparan vertolyot “qəzaya uğrayaraq” meydançada oynayan 8 azyaşlı günahsız uşağın ölümünə səbəb oldu. Beləcə, Kəlbəcər ilk şəhidlərini torpağa tapşırdı. Ermənilərin gözü çoxdan idi ki, Azərbaycanın alınmaz qala qapısı olan Kəlbəcərdə idi. Altı-üstü qızıl olan, mineral suları, səfalı təbiəti ilə yer üzündə misli-bərabəri görünməyən bu torpaq riyakar və hiyləgər erməniyə çox lazım idi. sən demə, biz yaşadığımız torpağın qədir-qiymətini bilmirmişik. Kəlbəcərin böyüklüyünü, çəkisini, qiymətini indi yaralarımız soyuyandan sonra hiss edib, duyuruq. Dəlidağın, Murovun, Keytinin əzəmətindən güc alan Kəlbəcəri işğal etmək üçün ermənilərin ardıcıl olaraq iki dəfə Ağdabana hücum etməsinin, kəndi vəhşicəsinə yandırmasının, adamları diri-diri oda atmasının, qadına, uşağa, qocaya belə rəhm etməməsinin səbəbini ermənilər yaxşı bilirdilər. Vətənin ağrısını, acısını ürəyində, qəlbində gəzdirən millət vəkilimiz Cavid Qurbanov yana-yana danışır ki, sonuncu dəfə Kəlbəcərdən, Ağdabandan çəkilən lent yazısını görəndə dərdimin üstünə bir dərd də gəldi. Və nələri itirdiyimizin, bu itkinin miqyasının, ölçüsünün nə qədər ağır olduğunun fərqinə vardım. Bizim yaramız soyuyan yara deyil, qövr edən, göynəyən yaradır. Bu yaranın ocağı, alınmaz qalamız Ağdaban faciəsi gözlərimiz qarşısında baş verib. Ağdabana hücum zamanı 130 evdən ibarət olan kənd yandırıldı, yer üzündən silindi. Kəndin 779 nəfərdən ibarət dinc sakininə bəşəriyyət tarixində görünməmiş qeyri-insani işgəncələr verildi. Onlarla insan amansızlıqla qətlə yetirildi, 8 nəfər 90-100 yaşlarında qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Dünyanın gözünün kor, qulağının kar olması fonunda baş verən bu qanlı olaylar, qətliamlar bir həqiqəti qulaqlarımıza pıçıldayır: “Türkün türkdən başqa kimsəsi yoxdur”. “Ağdaban bina olandan belə dəhşət görməmişdi. Tüstüsü başından çıxırdı. Yağı hücuma keçmişdi. Bundan xəbərsiz kənd camaatı heç yana çıxa bilmirdi. Düşmənə əsir düşməmək üçün meşələrə, dərə-təpələrə səpələnmişdi. Körpələrin sızıltısından, anaların vay-şivənindən yer-göy qan ağlayırdı. Bir gecənin içində 39, ümumilikdə 67 nəfər qətlə yetirilmiş, onlarca ağdabanlı girov götürülmüşdü. Ağdaban təklənmişdi. Çünki onda beçə balı ilə sarı qaymaq yox, kənddə zəhər yeyilirdi. Körpələrin ağzı yumulurdu ki, fəryadı eşidilməsin”. Məhəmməd Nərimanoğlunun “Yurd göynərtisi” kitabından sitat gətirdiyimiz bu sətirlərdəki mənzərəni eynilə Xocalı dəhşətlərində də görmüşdük. Ana öz əlləri ilə körpəsini boğmuşdu ki, səsi çıxmasın, pərən-pərən düşmüş günahsız körpələr düşmən əlinə keçməsin. Bəs bu zavallı körpənin günahı nə idi, İlahi? Tanrı sanki bu səsi eşitmiş, ananı bala qatili olmaqdan xilas etmişdi. Yer üzündə belə dəhşət saçan zülmlər, sitəmlər hansı millətin başına gətirilmişdir? Burada düşmənin əlinə keçməmək üçün özünü Qamışlı qayasından axar çaya atmış Milli kənd sakini, yaxın qohumum, namus, qeyrət qalasına çevrilmiş Zərnişan Kazım qızı Camalova yadıma düşür. Kəlbəcərin belə qeyrət mücəssəməsinə çevrilmiş qızları şərəfli ölümləriylə sübut etdilər ki, bu yurd müqəddəsdir, toxunulmazdır. Ağdabanın işğalı həm də mənəviyyatımızın işğalı oldu. Dədə Şəmşirin, Ağdabanlı şair Qurbanın qızıldan qiymətli nə qədər əlyazması yandırıldı... Xalq şairi sabir Rüstəmxanlının “Ömür kitabı”nda Kəlbəcərin möcüzələri haqqında oxuduğum bir parça yadıma düşür: “Dünyanın bəlkə də möcüzəli, qeyri-adi yerlərindən birində – kəlbəcərlilərin Qayabaşbaşadəyən yer adlandırdıqları qəribə dərədə dayanmışıq. Qayalar adamın başı üstündən neçə yüz metr yuxarıda, doğrudan da, az qala baş-başa dəyir. Qayaları yarıb keçən çayın qırağıyla üzü yuxarı neçə-neçə kəndə gedən yeganə yol qıvrılır. Nə qədər irəliləyirsənsə, baxırsansa bax, hər yerdə başının üstündən nəhəng qayalar asılıb. Yuxarıda ən uca qayanın heç bir vəchlə insan ayağı dəyməsi təsəvvürə gəlməyən döşündə isə mağara kor göz kimi qaralır. Onun qabağında əllə hörülmüş divar zorla seçilir. O göz min ildir ki, beləcə baxır. Tək-tənha bir qartal üz-üzə dayanmış nəhəng qaya sütunlarının arasında asta-asta süzür. Mənə elə gəlir ki, o, nə vaxtsa bu mağaraya sığınmış bir igidin ruhudur. İndi də öz ocağının keşiyini çəkir”. Bu qeyri-adi, bənzərsiz səhnə Hollivud filmlərində gördüyümüz səhnələri xatırladır. Tanrının yaratdığı təbii dekorasiyalarla insanı heyrətə gətirən bu möcüzə qədim insan məskənləri bizim Kəlbəcərdədir. Kəlbəcər dərdini sözlə ifadə etmək mümkün deyil. İtkilərimiz böyükdür. Amma bu itkilərin, faciələrin qoynundan sıyrılıb vətənimizin, yurdumuzun azadlığını düşünməliyik. – Kəlbəcərə, onun başına qara bağlamış qapısı Ağdabana Novruz gəldi. Yetim qalmış yurd yerlərimizdə bir vaxtlar ilin axır çərşənbəsi, Novruz bayramı zamanı dağlar yerindən oynardı. Şamlar yanar, damarda qan çağlayar, Dədə Şəmşirin sazı, avazı yeri-göyü əsir edərdi. İndi isə o yerlər həsrətlə yolumuzu gözləyir. Elə bil doğmalarımızın ruhudu, Kəlbəcərin, Ağdabanın ruhudu bizi çağıran. Son sözümü hörmətli millət vəkilimiz Cavid Qurbanovdan vaxtıilə aldığım müsahibədəki sözləri ilə bitirmək istəyirəm: “Belə bir söz var: haqq nazilər, üzülməz. Vaxtın, zamanın işığa, aydınlığa doğru işləməsi bizə haqq verir ki, sabahlarımıza ümidlə baxaq. Azərbaycanımızın günü-gündən artan qüdrəti, oğullarımızın yurd həsrəti ilə qovrulması, ordumuzun qələbəyə olan inamı, möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin torpaqların azad edilməsi istiqamətində gördüyü işlər bizə əminliklə deməyə əsas verir ki, biz Kəlbəcərə, Ağdabana dönəcəyik! Ruh bədənə döndüyü kimi dönəcəyik. Mütləq dönəcəyik. Çünki bu vətən bizim vətənimizdir. Ana südü, dağ çiçəyi kimi halal olan vətənimizdir!” Cəmilə ÇİÇƏK (İsbəndiyarova) Filologiya üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü
Comentarios