top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Ağdaban Faciəsi 26 il


Ağdabanın birinci faciəsi: 8 aprel 1992-ci il


“Bahar fəsli, yaz ayları gələndə süsənli-sünbüllü, lalalı dağlar” kəlbəcərlilərin gözlərində dumana-çənə bürünür. Çünki 25 ildir, deyirlər, Kəlbəcərə yaz gəlmir. Sazın-sözün beşiyi olmuş Kəlbəcərdə özgə dilində danışırlar. Çal-çağırlı günlərini də itirib bu ulu yurd doğma kəlbəcərliləri kimi... O baharda da beləcə qan-yaş axıtdı dağ-daşlarımız, bacı-qardaşlarımız. O baharda da çəməndəki gül-çiçəklərimiz şəhid qanına bələndi, inlədi... ...Ağdaban - 8 aprel 1992-ci il. Ağdabanın tarixinə həmin gün qara hərflərlə yazılıb, əslində isə qan qırmızı rənglə. Ağdabanın dəhşətlərindən danışmaq olmur. Necə deyəsən ki, tarix boyu sazlı-sözlü olan Ağdaban o gün odlara qalandı?! Hansı mənəvi haqla bunu dilimizə gətirək? Necə deyək ki, Dədə Şəmşirin, atası şair Ağdabanlı Qurbanın işıq üzü görməyən əlyazmaları yandırılıb, külü göylərə sovrulub? Ağdabana aprelin 8-də səhər tezdən çatmışdıq. Yağılar kəndi tar-mar edib dağıtdıqdan sonra baxmaq olmurdu bu yerlərə. Gecədən od vurulmuş evlərdən hələ də burum-burum qara tüstü qalxırdı. Ağdərənin Çapar kəndi istiqamətindən atılan toplar bizdən o yana düşüb “salamat” qalmış bir neçə evi də dağıtdı. Kəndin köməyinə gəlmiş müdafiəçilər düşməni susdurmağa çalışsalar da, heç bir əhəmiyyəti yox idi. Ağdaban qan içində boğulur, “tüstüsü başından çıxırdı” Ağdabanla Çayqovuşanın arasında bir təpə var. Bura qədimlərdən uşaq qəbiristanlığı olub. Kəlbəcərin əksər kəndlərində körpələrin və uşaqların ayrıca qəbiristanlığı var idi. Dədə Şəmşirin də son mənzili burada, uşaq qəbiristanlığında idi. Təsadüfən, möcüzədənmi, ya nədənsə, salamat qalmış məzar daşları sanki yandırılmış hər iki kəndə ağı deyirdi. Yığışmışdıq Dədə Şəmşirin məzarı başına. Hamı günahkar-günahkar başını aşağı dikib Dədəyə başsağlığı verirdi. Yandırılmış kənddən cəsədləri çıxarmaq üçün qrup ayrılmışdı. Güllə yağışının altında kəndə girmək qorxulu olsa da, heç kim ehtiyat etmirdi. Saya bilmirdik yandırılmış, işgəncələrlə divan tutulmuş kənd camaatının meyitlərini. Birdən kimsə qışqırır: “Vay, qardaş, can, ay qardaş. Səni də, kəndimiz kimi, qoruya bilmədim... “Dedilər ki, şair Əlqəmənin oğludur, Dədə Şəmşirin nəslindəndir. Bu fəryad bəlkə də Murovun qarlı zirvəsinə qədər gedib çatmışdı. Dağlarda da bu haray var idi... Ağdabanın o dəhşətli günlərini gözlərimizə köçürüb üzü geri qayıdırdıq. Kəlbəcərin milisləri, özünümüdafiə dəstələri isə hələ də soraqları olmayan ağdabanlıları axtarırdılar. Ağdabanda qanlı ayaq izləri və bir də ara-sıra güllə səsləri qalırdı. O gün Kəlbəcər gözləri baxa-baxa şəhid olmuş ağdabanlılara qara geyinmişdi. Kəlbəcər özünün ilk şəhid balalarını sinəsinə basıb oxşamaq istəyirdi. Kəlbəcərin Yolaşan adlanan yerində bir Şəhidlər xiyabanı salınırdı. Bu xiyabana ilk şəhid karvanı yol başlamışdı. Bu qara karvan ağdabanlıların idi... “Dəmir qanadlı quş”un qanlı caynaqları və 8 fidan


1989-cu il iyulun 11-də tütün sahəsində çalışan ağdabanlı qadınlar onları girov götürmək istəyən 7 erməni silahlı quldurunu tutmuşdular. Rayon prokurorluğu istintaqa başlamışdı. Respublika Prokurorluğu isə işin Dağlıq Qarabağ Muxtar Vilayəti hərbi komendantının sərəncamına göndərilməsinə əmr vermişdi. İyulun 14-də həmin erməni quldurlarını Xankəndiyə guya istintaqa aparmaq üçün rus hərbçilərinin müşayiəti ilə Kəlbəcərə 2 hərbi vertolyot gəldi. Nədənsə vertolyotlar nəzərdə tutulmuş meydançaya deyil, şəhər stadionuna endi. Erməni quldurlarını götürüb qalxarkən vertolyotlardan birinin pərləri elektrik dirəyinə toxundu. Vertolyot müvazinətini itirərək stadionun yanındakı divarın dibinə düşdü. Bu zaman vertolyotun pərləri burada futbol oynayan, həmin vahiməli “dəmir qanadlı quşa”a baxmağa toplaşmış uşaqları biçib-tökdü. O gün Kəlbəcər 8 azyaşlı məktəblinin qanında boğuldu. Kim idi onlar: ermənilərə güllə atanmı?! Başqa xalqın torpağına göz dikənmi?! Bəs nə idi onların günahsız axan qanına bais?! Həmin hadisəyədək (aprelin 7-dən 8-nə keçən gecə) isə ermənilər gecə ikən hücum edərək Dədə Şəmşirin yurdunu - Ağdabanı ikinci Xocalıya çevirdilər. Hücumdan xəbərsiz kənd əhalisi başaçıq-ayaqyalın, qarlı meşələrə, dağlara çəkildi. Kəndi müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən, əhali müdafiəsiz qalmışdı. Bu qanlı faciə zamanı 32 ağdabanlı - qoca, qadın, uşaq həlak oldu, iki nəfər evdə diri-diri yandırıldı, 7-si isə girov aparıldı. Kənd bütünlüklə odlara qalandı. Səhər tezdən köməyə gələn yerli özünümüdafiə batalyonunun 6 döyüşçüsü də pusquya düşərək həlak oldu. Kəndə köməyə gedən hərbçilər və mülki adamlar yolda gülləbarana tutuldular. Ağdaban faciəsi ermənilərin Kəlbəcərə qarşı başladığı böyük müharibənin siqnalı idi. Ağdabanın ermənilərin əlində qalması görünməz fəlakətlərə gətirib çıxarar, digər kəndlərin işğalını asanlaşdırar, Murov yolunun quldurlar tərəfindən tutulmasına və beləliklə də 52 min nəfərlik əhalinin tamamilə məhvinə gətirib çıxarardı. Xocalı soyqırımı kimi, Ağdabanın birinci faciəsi də o zaman respublikada dərk olunmadı. Neçə illər keçsə də, hələ o faciə beynəlxalq miqyasda müzakirəyə çıxarılmayıb. Sonrakı hadisələr bir daha təsdiqlədi ki, Kəlbəcərin işğalı, əslində, hələ 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdabanın darmadağın olunmasından başlanmışdı. Qarabağın dağlıq hissəsinə vaxtilə qonaq qismində gəlmiş erməni daşnakları 1988-ci il fevral ayının 13-də Əli ilə Bəxtiyarı (iki günahsız yeniyetməni) qətlə yetirdikdən sonra xalqımızın tarixində yeni şəhidlik dövrü başladı. İlk şəhidlərimiz torpaq uğrunda əbədiyyətə qovuşdu. Sonra qədim İrəvanda, Zəngibasar və Göyçədə, Hamamlı və Gümrüdə... şəhid verdik. Düşmən mühasirə halqasını daraltdıqca şəhidlərimizin sayı da artdı. Nəinki Qərbi Azərbaycanda, Dağlıq Qarabağda da türksoylular doğma torpaqlarında didərginə, qaçqın-köçkünə və girova çevrildilər. Həmin günlərdən sonra Kəlbəcərin də ayrı-ayrı kəndlərinin dinc sakinləri gülləbarana tutuldu, Dikyurd yaylağından yeniyetmə yaşlarında olan Hidayət Cəfərov 500 başdan artıq mal-qara ilə birlikdə Basarkeçərə (Vardenisə) oğurlanıb aparıldı. Kəlbəcərin müsibətli günlərində qan çanağında boğulan kəndlərindən biri, əslində isə birincisi Ağdabanla Çayqovuşan idi. Otaqqaya, qanlı karvan və bir də...



Ağdaban növbəti dəfə erməni quldur dəstələri tərəfindən darmadağın edildi. Beləliklə, 8 aprel 1992-ci il və 26 mart 1993-cü il Ağdabanın işğal tarixləri kimi yaddaşlara yazıldı. Kəlbəcərin ilk şəhidliyi məhz bu kənddən başladı. Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində, Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə almışdılar. Çünki bu kəndin yetirdiyi Ağdabanlı Qurban böyük sərkərdə Şah İsmayıl Xətainin silahdaşı olan Miskin Abdal ocağının nəsil davamçısı idi. Bu ocaq mənəviyyatımızın beşiyi kimi erməniləri olduqca ciddi narahat edirdi. Məhz ona görə də hələ 1990-cı il iyul ayının 11-də Ağdərənin Otaqqaya ərazisində Tərtər-Kəlbəcər marşrutu ilə gedən (150-yə yaxın maşından ibarət) karvanın qarşısını kəsərək Dədə Şəmşirin qızı Çimnaz xanımı, milis mayoru, Zərdab rayon milis rəisinin müavini Şahlar Şükürovu (Azərbaycanın Milli Qəhrəmanı), Aslan Xıdırovu, İttifaq miqyaslı “İstisu” sanatoriyasında müalicəyə gedən dinc sakinləri (əksəriyyəti isə xəstə və qocalardan iba-rət) terror nəticəsində qətlə yetirmişdilər. Bu, ermənilərin əsas və çirkin niyyətlərinin həyata keçirilməsi planının ilkin şərtlərindən biri idi. Min təəssüf ki, Ağdaban faciələrinə rəsmi olaraq siyasi və hüquqi qiymət verilmədi. Miqyası geniş olmayan neçə-neçə belə faciələrimizin üstündən sükutla keçməyimiz isə nəticədə Ermənistanın torpaq iştahasını bir az da artırırdı... Ağdabanın ikinci faciəsi: 26 mart 1993-cü il ...Həm Ağdərə, həm də Ermənistanın Basarkeçər rayonu istiqamətindən hücuma məruz qalan, müdafiə olunmayan, şayiələr və təxribatlar nəticəsində vahiməyə düşən Kəlbəcər əhalisi qarlı-çovğunlu günlərdə öz dədə-baba yurdlarından ayaqyalın-başaçıq, bütün əmlakını ataraq, dəniz səviyyəsindən 3400 metr yüksəklikdə olan Murovdağ aşırımından qaçmağa məcbur edilmişdi. Siyasi oyunların, daxili çəkişmələrin, qeyrətsiz və satqın hərbçilərin xəyanətindən 52 min nəfərlik əhali qısa vaxt ərzində doğma yurdundan qovuldu. Azərbaycanın ən gözəl, öz təbii ehtiyatlarına görə zəngin bölgəsi olan Kəlbəcər təkləndi və düşmənin əlinə keçdi. Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq, 1993-cü il mart ayının 31-dən aprelin 2-dək tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Kəlbəcərin işğalı ermənilər üçün sanki göydəndüşmə idi. Əvvəla, nə qədər ki Kəlbəcər işğal olunmamışdı, Dağlıq Qarabağı ələ keçirmək sual altında idi. Bir əsrdə dəfələrlə buraya edilmiş hücum və təcavüzlərin qarşısını alan kəlbəcərlilər imkan vermirdilər ki, ermənilər Dağlıq Qarabağı Ermənistana bir-ləşdirib planlarını həyata keçirsinlər. İkincisi, Kəlbəcərin işğalı hərbi üstünlüyün ermənilərin tərəfinə keçməsinə və bununla da Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli kimi bir-birindən zəngin təbii resurslara malik rayonlarımızın işğalına şərait yaradırdı. ...Hər zülmət gecənin bir işıqlı sabahı olur. Azərbaycanın işıqlı sabahlarının birində işğal altında inləyən yurdlarımızın, eləcə də Ağdabanın üstünə gün doğacaq. Səmamız da məqsədimiz, məramımız və amalımız kimi aydındır, işıqlıdır, nurludur. Kəlbəcərə gedən yol Ağdabandan başlayır. Yazda əriş-arğac olan Kəlbəcər yolları haçalanacaq yenə neçə kəndə, neçə bərə-bəndə, düşməni azdıracaq dumanda-çəndə... Həmin Qələbəyə biz Lələtəpə zəfərindən, Böyük qayıdışa isə Cocuq Mərcanlıdan başlamışıq... Məhəmməd NƏRİMANOĞLU, “Azərbaycan”

コメント


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page