"NƏ YAXŞI GÖRÜŞDÜK, NƏ YAXŞI, YENƏ" Bütün varlığı ilə vətənə, elə, yurda, insanlara bağlı olduğu kimi, gülə-çiçəyə, təbiətə ürəkdən bağlı bir şair var idi. Onun ömrü çox insanlara örnək idi. Qayğısını və köməyini heç kimdən əsirgəməyən, adı gələndə, böyükdən-kiçiyə hamının məhəbbət bəslədiyi bir şair. Kimin ağlına gələrdi ki, ən ucqar bir rayonun, ən ucqar bir kəndində bir vaxtlar uşaqlığı qoyun-quzu arxasında keçən bu uşaq sonralar öz biliyi və bacarığı sayəsində Azərbaycanın ən böyük universitetlərinin birində, ingilis dilinin tədrisi sahəsində alimlik dərəcəsinə layiq görünəcək qüdrətli bir dilçi alim olacaqdır. Bəli, haqqında danışacağımız şair-tərcüməçi, dilçi-alim Ənvər Rzadır. Tərcümeyi halından qısa sətirlər: Ənvər İsmayıl oğlu Rzayev 1939 cu ildə, Kəlbəcər rayonunun Aşağı Binə kəndində dünyaya gəlmişdir. Uşaqlıq dövrü 1941-1945 ci illərə, müharıbə dövrünə təsadüf edən Ənvər ailədə ən kiçik uşaq idi. Atası müharıbədən qayıtmamışdı. Sağlığında iki, ölümündən sonra isə bir kitabı nəşr olunub. Şellini, Bayronu, Lonq Sellonu, Şeksprin bəzi əsərlərini orjinaldan Azərbaycan dilinə çevirən yeganə Azərbaycanlı şair. Yeri gəlimişkən onu da xatırladım ki, Xalq şairi Səməd Vurğunun Azərbaycan şerini də ingilis dilinə məhz şair-tərcüməçi Ənvər Rza çevirmiş və bütün dünyaya yaymışdır. Nə yazıq ki, alimlik dərəcəsini müdafiə etmiş, hətda doktorluq dissertasiyasını tam yazıb qurtarandan sonra amansız ölüm onu aramızdan vaxtsız apardı. 48 yaş nə yaşdır ki?! 1987 ci ildə haqq dünyasına qovuşdu. Kəlbəcər rayonunda doğma kəndlərinin qəbristanlığında uyuyur. Ruhu şad olsun. Amma çox işlər gördü.. Bu günkü söhbətimiz də şair Ənvər Rza poeziyasından olduğu üçün, onun yaradıcılığı və tərcümələr dünyasına kiçik səyyahət edəcəyik. Yeri gəlmişkən onu da deyim ki, hamımızın illərlə sevə-sevə qulaq asdığımız “Elə baxma, gözlərinə göz dəyər” məhşur mahnının sözləri də məhz Ənvər Rzaya məxsusdur. (Bəstəkarı Ələkbər Tağıyev). Ənvər Rzanın hər hansı bir şerinə nəzər salsaq görərik ki, bir şair kimi hər cümləsinin, hər bir sözünün məhsuliyyətini daşıyır, san ki, dahi bir rəssam kətan üzərində heyrətli bir əsər yaradıb. Onun şerlərində hər bir hadisəni qədərincə dərk edirsən. Bu şerlərdə çəmənlərin ətrini, gül-çiçəklərin rayihəsini, torpağın qoxusunu duyursan. Şair dərddən danışdığı şerlərində də dərdin özünü, rəngini, iniltisini açıq aşkar sənə yaşadır. Elə gözəl şairlik də budur. Buna misal olaraq, “Yaralı misralar” adlı şerinə diqqət yetirsək, dediklərim daha da aydın görünər. Müharibələrin ağrı-acılarını olduğu kimi bizə yenidən yaşadır:- Yadımdan çıxmır heç, Bənövşə qarı, Onun dağdan ağır nisgili vardı. Dəhlizin küncündə həmişə qarı Arı pətəyi tək sızıldayardı. Yaşlı gözlərinin yuxusu perik, Naləsi gəzirdi obada onun. Təsəlli verməyə cürət etməzdik, Üç oğlu ölmüşdü davada onun. O, ağlar bir tütək, o, həzin bir ud, Bayatı deyərdi, ağı deyərdi. Hərdən qəzəblənib, bu gücsüz vücud, Dəhlizdə Hitleri xirtdəkləyərdi. Suya gedəndə də gözünün yaşı, Çayların suyunu bulandırardı. Beləcə olardı qalı, savaşı, Birçəyi düm ağdı, saçları qardı. Qoynundan çıxanda çəlik qolları, Cəhrəni gününə yamaq edərdi. Bir vaxt oğulları gedən yolları, O, dükcə edərdi, yumaq edərdi. Axırda bir sümük, bir dəri qaldı, Qaxaca döndərdi həsrət qarını. İllər saçlarında “Kərəmi” çaldı, Düydü göy əysiyə damarlarını. Yollara baxardı, yollara elə, Bir ana yanında yollar xəcildi. Öldü, dəfn eylədik, el adətiylə, Yox, onun kəfəni dərddən biçildi. Qarının naləsi buludlarla tən, Dağları dağıyla dağlayırdı o. Mən, qəbir üstünə getmişdim dünən, Eşitdim qəbirdə ağlayırdı o. Budur müharibələrin bizə göstərdiyi fəlakətlər. Ənvər Rza yaradıcılığı hərtərəfli gözəldi. Dərdi dərd kimi, sevinci sevinc kimi duyursan. İstər şerlərində, istər poemalarında, artıq sözə, dolaşıq fikrə rast gəlməzsən. Ənvər Rza poeziyasında şer cilalanmış şəkildə oxucuya təqdim olunur.Və elə ona görə də özünə oxucu qəlbində daima yer tapır. Şairin “Qaranquş şəhərinə bir saatlıq səyyahət” şerini oxuyanda bəzən insanlar arasında yaşadığına peşiman olursan: ....Bu şəhərin sakinləri qaranquşlar, Qış gələndə bu evlərdə, Külək yatar, boran qışlar. Bu şəhərdə bu nə adət, nə qaydadır?! Evlər hamı birotaqlı, Evlər hamı bir boydadır. Bu şəhərin havası xoş, Bu şəhərdə əsəblər mum, Nə bir əyyaş, nə bir sərxoş... Burda öncə axarında gediş-gəliş;- Nə polis var, nə müfəttiş... ...Bu şəhərdə yaşayanın gözü toxdu. Bir dəni on qiymətinə Qonşusuna satan yoxdu... Bax budur şair təxəyyülünün lakonik məhsulu. Şair insanlara öz poeziyasının qüdrətinə sığınıb deyir ki:-Gəlin gözəl yaşamağın sirlərini, yolunu bu dilsiz-ağızsız quşlardan öyrənək barı. “Lal haqqında ballada” şerində dilsiz ağızsız lal səninlə sanki dil açıb danışır. Budur şair poeziyasının qüdrəti. Qafiyələr sanballı, şerin misra düzümləri bulaq axarında san ki, sənə layla deyir. Açıq deməliyəm ki, şair Ənvər Rza hər bir poeziya sevərin qəlbində özünə möhtəşəm bir saray qurub. Uzun illərdi ki, şerləri məclislərdə qiraətçilərin, aşıqların dilinin əzbəri olan şairin şerlərində elə, vətənə, yurda bağlılıq , evinə bağlılıq özünü daha aydın şəkildə biruzə verir. Evindən ayrı bir ayın həsrətinə dözməyən şairin hər misrası səni ailəyə bağlı olmağa səsləyir:- Burda nə sirr, nə hikmət var?! Nisgil qəlbdə düşür düyün. Yanımda min naz-nemət var, Fəqət sənin bişirdiyin Umac üçün, biti üçün darıxmışam. Görmüsənmi, həsrət dinə?! Dindi, bir söz deyəmmədim. Paltarına dönə-dönə Sığal çəkdim, bəyənmədim. Sən çəkdiyin ütü üçün darıxmışam. Yorulub yoldan sapanda, Su içimmi tərli-tərli?! Ürəyimi qoy sapanda, At dağlara. O dağların Gülxətmili, Qantəpərli Otu üçün darıxmışam. Boylanıram dan yerinə, Gecə uzun, gündüz uzun. Bir söz deyim, gülmə mənə, O, qapıbir qonşumuzun Zəhlə tökən iti üçün darıxmışam... Allah, Allah!..Yurdunu sevən bir insan hətda nə vaxtsa hürməsindən zəhləsi gedən qonşu itinin səsindən də ötrü darıxarmış?!
Allah qəni-qəni rəhmət eləsin. Bu şerdə ailə sevgisi, qonşuya olan istək, evə bağlılıq nə gözəl, yurd-yuvaya məhəbbət aydın bir şəkildə deyilib.
Ana haqqında Cəfər Cabbarlıdan sonra çox-çox şerlər yazılıb. Özü də çox mənalı, məzmunlu. Analar haqqında nə qədər yazılsa da yenə azdır. Lakin mən deyərdim ki, Ənvər Rzanın “Ana” şerləri başqa bir dünyadır və elə ona görə də dillər əzbəridir:- Bağım, baxçam anamsız Yetimləşər, sozalar. Çəmən onun naxışı, Yad əl dəysə, pozular. Səpələdi su pəri, Sındı qayğı sipəri. Bu bel bükən xəbəri Kaş, yalana yozalar. Ürək, dərdə güc elə, Döy başına, gic elə. Əcələ bax, əcələ, Əcəldə də naz olar?! Qızıl inək neçə gün. Mələyir için-için. Onu ovutmaq üçün Yanağımda duz olar. Quzeydə qar sulandı, Ürəyim qarsılandı. Yaz gəlməyib, yalandı, Anamsızda yaz olar?! Şairin bayatıları klassik səviyyədə cinaslarla bəzənib: ....Arxaca, Sürüm gəlməz arxaca. Arxımı sel aparıb, Arxam yoxdu arx aça. Bir bənd dörd sətirdi. Amma bu dörd sətirdə beş dəfə arx sözü o qədər yerində, o qədər mənalı işlənib ki, oxuyanda şairin Haqq aşığı olduğunu aydın hiss edirsən. Mən o xoşbəxtlərdən idim ki, Ənvər Rza ilə çox-çox həmsöhbət olurdum. Xüsusən səksəninci illərdə. Onda mən maşın ustası idim. Düzdü, ali təhsilli mühəndis idim, şerlərim qəzet səhifələrində işıqlanırdı. Arada Azərbaycan Radiosunun “ Bulaq” verilişində sözlərim səslənirdi. Amma rayonumuzda maşın ustasına ehtiyac olduğundan bu işi çox həvəslə görürdüm. Bakıda mənə biganə qalanların çoxunun işinə Kəlbəcərdə yaramışam. Və bu gün də peşiman deyiləm. Elə Şair Ənvər Rzanın da sarı rəngli jiquli markalı maşınına da mən baxardım. Deyəsən mövzudan kənara çıxdım. Bağışlayın. Yenə də Ənvər Rzanın poeziyasına qayıdaq. Bu poeziyanın ədəbi təhlilə və təbliğə çox ehtiyacı var ki, bu da gələcək gənc nəsillərin vətənpərvər böyüməsi üçün qüdrətli bir əyani vasitə ola bilər. Mən bunu niyə deyirəm?! Artıq iyirmi beş ilə yaxındır ki, şair Ənvər Rza ruhən bizimlə olsa da cismən aramızda yoxdur. Bu illər ərzində yalnız bir dəfə, o da mənim təklifimlə İctimai Televiziyada yaradıcılığını əks edən veriliş yayımlanıb. 2014 cü ildə isə rayonumuzun tanınmış ziyalıları şairin bütün əsərlərini bir kitabda yenidən nəşr etdilər. O da ki Hörmətli ziyalımız Eldar Həsənovun təşəbbüsü və maliyyəsi hesabına. Sağ olusun Nəşriyyatı direktoru Əlövsət Ağalarov. 500 tirajla “Kəlbəcərə gedən yollar” adlı kitabını oxuculara çatdırdı. Allah rəhmət eləsin! Mən bu yazıma hələ neçə illər qabaq, 2002 ci ildə böyük şairimiz Ənvər Rzanın ruhuna hörmətlə yazdığım bir şerimlə sonluq vermək istəyirəm. Ruhu şad olsun! Ənvər Rza.. Xəyal məni dolandırdı Neçə qışa, neçə yaza?! Oxuyuram, hər misranın, Mənasını duya-duya, Yaza-yaza Ənvər Rza.. Bir nur oldun yolumuza. Çox el oğlum “şəhərliydi”, Ara-sıra gəlirdilər Kəlbəcərə. Hamı üçün əziz idi, O bulaqlar, o dağ-dərə. Amma di gəl, Salamı da salam kimi vermirdilər. Kəlamı da kəlam kimi demirdilər. Yox, özgəydi, Ənvər Rza. O, min qəlblə bağlı idi, yurdumuza. Vallah onun gəlişi də özgə idi, İnsanlarla, təbiətlə, Görüşü də özgə idi. Lap adicə yerişi də özgə idi. Yox, unutmaq olarmı heç, O qüdrəti, o təmkini?! Sən, biryolluq yox etmişdin, İnsanlığa qarşı kini. Böyüklərlə böyük iddin, Kiçiklərlə- həmdəm, sirdaş. Ata yurdu, qardaş dərdi, Çətin oldu sənə, qardaş. Ənvər Rza... İnsanlığın yol yoldaşı. Yox, bir azca həlim dedim; İnsanlığın məhək daşı! Səmimiyyət təcəssümü, Yaddaşıma həkk olunub, Doğmalığın təbəssümü. Ənvər Rza.. Vaxt oldu ki, Çoxlarına gərək oldun. Kimlərəsə, ehtiyacda- Çörək oldun. Kimlərinsə üz tutduğu. Ümid yeri, örnək oldun. Sən əlçatmaz bir zirvəsən, İnsanlığı duyan üçün, Niyə belə tez tələsdi, Ömür yolun, “Karvan-köçün”?! Çevirmisən doğma dilə, Şellini sən, Bayronu sən. Çoxumuza tanıtmısan, Bu mücərrət dünyanı sən! Bu dilbilməz dünyanı, sən! Sən adi bir qələminlə, Nələr dedin, duya-duya, yaza-yaza?! İndi isə “Əsir yurdda”,-doğma yurdda, Ulu, doğma ruhlarımın həyanısan, Ənvər Rza...Ənvər Rza.... YUSİF HÜSEYN
ŞAİR-TƏDQİQATÇI
"Qızıl Qələm" mükafatı laureatı....
Comments