Azərbaycan Parlament Jurnalistlər Birliyi (PJB) Kəlbəcərin işğalının 27-ci ildönümündə Ermənistan jurnalistlərinə müraciət edib.
Müraciətdə deyilir: “Jurnalistika elə bir sahədir ki, burada fəaliyyətin təməl prinsipi obyektivlikdir. Jurnalistlik bütün zamanlarda həqiqətin üzünə dik baxmaq, doğrunu yazmaq, yayınlamaq olub, bunsuz əsl jurnalist olmaq mümkün deyil. Əsl jurnalistlərin öz peşə prinsiplərinə sadiq qalmalarına söykənərək sizə müraciət edirik. Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 27-ci ildönümü tamam oldu. 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edildi,60 minə yaxın azərbaycanlı öz evindən köçkün düşdü, yüzlərlə mülkü şəxs ya girov götürüldü, ya da öz evində öldürüldü. Məhz BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair ilk qətnaməsi (1993-cü il aprelin 30-da qəbul edilən 822 saylı qətnamə) Kəlbəcər rayonunun işğalını qəti şəkildə pisləyir, ərazinin işğalçı qüvvələr tərəfindən dərhal azad olunmasını tələb edirdi. Təəssüf ki, Ermənistan bu sülh çağırışlarına məhəl qoymadı və nəticə göz önündədir…”
PJB-nin müraciətində daha sonra bildirilir: “Ermənistan tək Kəlbəcəri deyil, Azərbaycanın Xankəndi, Ağdərə, Şuşa, Xocalı, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd kimi bölgələrini, Qazaxda, Naxçıvanda isə xeyli yaşayış məntəqələrini işğal edib. Nəticədə günahsız insanlar evlərindən didərgin salınıb, girov götürülüb, qətlə yetirilib. Xocalıda azərbaycanlılara qarşı Ermənistan tərəfindən soyqırımı aktı törədilib. Bütün bunlar danılmaz faktlardır.
Sizə müraciət edirik, aranızda 40, 50 yaşlarında suşalı, xocalılı, kəlbəcərli, laçınlı, ağdamlı, füzulili, cəbrayıllı, qubadlılı, zəngilanlı jurnalist varmı?
Yalnız bizim təşkilatda həmin bölgələrdən olan onlarla jurnalist var. Biz də, siz də Cənubi Qafqazada yaşayırıq, burada insanlar nədən dostluq mühitində yaşamasınlar? Ermənistanın yürütdüyü siyasət regionda insanların əmin-amanlığını pozub, bölgə on illərdir qan içindədir”.
Müraciətdə daha sonra deyilir: “Sülhün bərqərar olmasında biz jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Siz də sülh istəyirsinizsə, Ermənistanda analara çatdırın ki, öz övladlarının Azərbaycan ərazilərinə hərbi xidmətə göndərilməsinlə qarşı çıxsınlar, onların özgə torpağında ölməsinə imkan verməsinlər. Ermənistan hakimiyyətinə çatdırın ki, işğal altındakı torpaqları azad etsin, yürütdükləri siyasət tək özlərini deyil, erməni cəmiyyətini fəlakətə aparır. Cəbhədə hər yeni insident, hər yeni ölüm xəbəri bizi sülhdən daha da uzaqlaşdırır, yeni nəsillərin belə öhdəsindən gələ bilməyəcəyi dalana aparır. Onsuz da indi bütün dünya, insanlıq koronavirus təhlükəsi ilə üz-üzə qalıb…”
Azərbaycan jurnalistləri erməni media mənsublarına istinadən çağırış ediblər: “Gəlin birlikdə Ermənistanın işğalçılıq siyasətinə görə Cənubi Qafqazda silahlardan istifadə edilməsinə qarşı çıxaq! Bunun üçün biz jurnalistlərdən tək bir şey tələb olunur: Obyektivlik! Yalançı tarixçilər, hiyləgər siyasətçilər mövsümidir, gəlin, Cənubi Qafqazı mövsümilərin qurbanı etməyək!”
Comments