"Bulvarları, meydanları ən bahalı daşlarla bəzəyən Şəhər İcra Hakimiyyəti bircə dəfə də nəzərini o müqəddəs məkana salsa nə olar ki?!"
Şəhidə, şəhid ailəsinə münasibət torpağa, dövlətə münasibətin göstəricisidir. Bu qədər biganəlik hardandır? Təsəvvür edə bilməzsiniz, qonşu İran İslam Respublikasında hərbçi şəhid ailəsinin təqaüdü hərbi rütbəyə görə mütəmadi olaraq artırılır. Yəni, deyək ki, hərbçi şəhid olanda rütbəsi leytenant olub. Hər neçə ildən bir onun rütbəsi artırılır və bu da ailənin aldığı təqaüdün artmasına səbəb olur. Hətta general rütbəsinə qədər yüksəlirlər. Sanki o hərbçi şəhid olmayıb, sağdır və vəzifəsini yerinə yetirir. Biz niyə bu nümunədən yararlanmayaq?! Bizim laqeyidliyimiz belə vacib məsələdə də özünü göstərir. Millət olaraq mövcudluğumuzu qorumaq üçün bu mənfi tendensiyadan qurtulmağımızın zamanıdır. Mənəviyyatımızı çulğamış biganəlik sindromundan kütləvi şəkildə, loru dillə desək, ellilikcə azad olmalıyıq! Biganəliyin anatomiyası... Bəşər yaranandan indiyə kimi bütün bəlalarımızın ən azından yüzdə yetmişinin-səksəninin səbəbi biganəlikdir. Zaman-zaman işlətdiyimiz: "məndən ötdü, qardaşıma dəydi", "mənə nə?", "təki mən sali olum", "əşşi, nə vecimə, mənə dəyməsinlər" və s. deyimlər bu biganəliyin bariz nümunəsidir. Təsəvvür edin, 1993-cü ilin martıdır və Kəlbəcərin son günləridir, düşmən-erməni-rus hərbi birləşmələri dörd istiqamətdən Kəlbəcərə od yağdırır, televiziyada "Xəbərlər" proqramında laqeyidcəsinə səslənən "Ağdamda nisbi sakitlikdir" xəbəri qulaqlarımızı deşir. Yadımdadır, bizə dəstək olaraq hər gün qərargahımıza gələn dəyərli ziyalımız Aqil Abbas dözmədi, dövlət telefonuyla Ağdamın o vaxtkı icra başçısına qışqırdı ki, bu nə biganəlikdir, niyə nisbi sakitlik yaradırsınız, heç olmasa, Paprəvənddən, Sırxavənddən ermənilərə güllə atın ki, başları bura qarışsın. Yəni, demirəm ki, Ağdam yatırdı, əksinə, özünü yaxşı qoruyurdu, amma axı Kəlbəcəri də unutmaq olmazdı... Azərbaycana qarşı 1988 -ci ilin fevralında başlayan təcavüzün cücərməsinin bir səbəbi də bəhs etdiyimiz biganəliyimiz oldu. Təəssüf ki, hər bölgə özünü qorumağa üstünlük verdi və sonu da məlum faciəvi hadisələrə getirib çıxartdı. Cəmiyyəti də, dövləti də, ailə dayaqlarını da sarsıdan biganəlikdən qurtarmağın tek yolu - milli maraqları öz şəxsi maraqlarından üstün tutmaqdır. Ziyalılıq da bu kateqoriyayla ölçülür. Tarixdə şərəfli yer tutan dahilərimiz məhz bu ali keyfiyyətlərinə görə həm də insanların qəlbində əbədi yaşayırlar. Küçədə, işde, təhsil ocaqlarında, ümumiyyətlə müxtəlif yerlərde hər gün qarşılaşdığımız biganəliklərə göz yummaq daha faciəvi sonluqlara gətirib çıxarır. Son vaxtlar baş verən intiharlar, cinayətlər də bu qebildəndir. Qonşunun, iş yoldaşının, lap ele sadəcə, küçədə rastlaşdiğın insanların dərdinə-sərinə biganə qalmaq insan mənəviyyatının tənəzzülə uğramasının nəticəsidir. Bəlkə ele son addımı atmağa hazirlaşan adamla bir-iki xoş kəlmə kəsmək həmin adamı intihardan, cinayətden yayındıra bilər. Cəmiyyətdəki mənfi hallar məmur özbaşinalıqlarının, məmur biganəliyinin təzahürüdür. Təsevvür edin, şikayətə gedir, ərizə verir ki, kömək etsinlər, həmin ərizə həftələrlə dolanıb şikayət edilən adamın özünə qayıdır. Bu zavallı neyləsin? Belə başdansovdu məmur münasibəti minlərlə insanı hakimiyyətdən də narazı salır, insanlıqdan da... Biganəlik olan yerdə insanlıq bitir. Biganəlik olan yerdə inam itir. Biganəlik olan yerdə bəşər çökür. İnsanlığın xilas yolu bir-birimizi başa düşmək, dərdini dinləmək, əlindən gəlen köməyi əsirgəməməkdir! Torpaqlarımız işğalda, Dilqəm Əsgərovla Şahbaz Quliyev kimi igid oğullarımız düşmən caynağında olan bir vaxtda niyə bu faciələrə laqeyidik? Kim bizə mane olur? Özümüz! Özümüz, bir də özümüz! Xeyli vaxtdır hamımızı narahat edən bir məsələni bir neçe dəfə səsləndirmişəm. Şəhidlər Xiyabanı müqəddəs and yerimizə çevrilibmi? Əsla! Ən azından, ora gedən insanlar görür ki, cavan canlarını torpaq uğrunda fəda edən ərənlərimizin uyuduğu məkan hamımızın laqeyidliyindən nə gündədir. İllərdir yazırıq, deyirik, amma səsimizi eşidən varmı? Bulvarları, meydanları ən bahalı daşlarla bəzəyən Şəhər İcra hakimiyyəti bircə dəfə də nəzərini o müqəddəs məkana salsa nə olar ki?! Yaxşi ki, rəsmi protokola salınan 20 Yanvar şehidlərinin qəbirüstü abidələri, ətrafı abadlaşdırılıb. Lap yaxşı! Bəs bir metr o yandakı Qarabağ şəhidlərimizin uyuduğu əraziyə niyə biganəlik göstərilir? Torpaq uğrunda vuruşduqlarına görəmi? Torpağımıza təcavüz edən erməni döyüşçülərini öldürdüklərinə görəmi?.. Ayrı-seçkilik salıb bir terefi abadlaşdıran, digər tərəfi taleyin ümidinə buraxan insanlar bizdən deyilmi? Əlbəttə bizdəndir. Yaxşı, bes bu biganəlik nədəndir? Hətta bir az da irəli gedərək bu iki müqəddəs məkaıi az qala Çin səddi kimi sədd çəkərək ayırıblar. Əvvəldən sonadək sıx ağac əkərək sanki bir divar çəkiblər. Nədən, niyə? Bu barədə xahiş edirəm cəmiyyətimizin bütün üzvləri münasibətini bildirsin. Hər gün ora gələn şəhid ailələrinin ən böyük narazılığı budur. Bir məsələni də qeyd etməyi özümə borc bilirəm. Xahiş edirəm "Moderator"çular bunu ya müzakirəyə çıxarsınlar, ya da hər gün saytın səhifəsinin manşetinə qoysunlar. Hər gün məscidlərimizdən azan səsi eşidirik. Bu səs təkce namaza çağırış deyil. İndi hamı namazının vaxtını dəqiq bilir. Texnologiya əsridir. İslamın yaraniş dövründə saat-filan olmadığı üçün məscidlərdən azan verilirdi ki, hamı namazın vaxtını bilə bilsin. İndi bu gözəl ənənə davam edir. Azan həm də ona görə verilir ki, insanlar Allahın evinə tərəf baxsınlar, bu möcüzəvi səsdən mənəvi zövq alsınlar, mənəvi qida alsınlar. İndi nolar ki, gündə üç dəfə-səhər, günorta və axşam Şəhidlər Xiyabanından böyük sənətkarımız Kamil Cəlilovun möcüzəvi "Zəminxarə"si səslənəndə! Həm eşidən adamlar dönüb müqəddəs məkana baxar, şəhidlərimizi xatırlayar, ruhlarına bir dua oxuyar, həm də bayaq dediyim kimi, mənəvi qida alarlar. Onda Şəhidlər Xiyabanımıza biganə qalanlar da ayılar, yadlarına düşer ki, bu gün oturduqları kreslolar bu igid oğullarımızın qanı bahasına qorunub. Əlövsət Ağalarov
publisist-jurnalist, keçmiş millət vəkili
Moderator.az
Comentarios