Düşsün sevdasının oduna,getsin, Aldansın bir dönük qadına,getsin, Verin, yalanların badına getsin, Aldatmaq asandı yazar adamı.
Tanınmış el şairi Əlövsət Saldaş 1957-ci ildə Kəlbəcər rayonunun Çərəkdar kəndində anadan olub. Ali təhsilli riyaziyyat müəllimdir. Şeirləri 1980-ci ildən mətbuatda çap olunmağa başlayıb. 3 kitabın müəllifidir. Şeirləri bir-birindən gözəl olan şairin aşağıdakı şeirlərini təqdim edirik:
GEDİM
Yol azmağım, nə dumanlıq,çənlik deyil,
Bu keşməkeş çözəcəyim tənlik deyil. Bu vurhavur, bu dolaşıq mənlik deyil, Yola salın, bu dünyadan çıxım gedim. Görürsünüz dözümsüzəm, xəstəhalam, Nə müddətdi kirimişəm, daha lalam. Yalvarıram, əyləməyin, Atam, Balam, Yola salın, bu dünyadan çıxım gedim. Neçə əziz sirdaş gedib, qohum gedib. Qovrulmuşam, ərşə çıxıb ahım gedib. Gördüyünüz quru candı, ruhum gedib, Yola salın, bu dünyadan çıxım gedim. Gücüm çatan nə vardısa, dedim,vallah! Acı- şirin nə verdisə, yedim, vallah! İstəyirəm, üzüsulu gedim, vallah! Yola salın, bu dünyadan çıxım gedim. Əlövsətəm, qarımamış, yaşdaşmamış, Ağlım- huşum dürüst ikən,çaşdaşmamış, Dəli könlüm, sevən qəlbim daşdaşmamış, Yola salın, bu dünyadan çıxım gedim.
İLAHİ
Çəkdikləri naxışlanıb telində, Dinə bilmir həsrətinin dilində. Tək qalıbdı dərdlərinin əlində,
Bu gözəlin nisgili var,İlahi! Yalan olub ölüm-itim, ağlayır, Bilməm necə dada yetim,ağlayır. Boynuburuq, yetim-yetim ağlayır, Bu gözəlin nisgili var, İlahi! Kimsə yoxdu, yarasını sarısın, Rəvadımı lal-dinməzcə qarısın. Bir gün ağla, taleyindən yarısın, Bu gözəlin nisgili var, İlahi! Sevgisinın tutub yasın,danışır, Havalanıb, qulaq asın, danışır... Öz- özünə xısın-xısın danışır, Bu gözəlin nisgili var, İlahi! Gözlərindən ümidsizlik saçır bu, Adamlardan dəli kimi qaçır bu, Ürəyini dağa - daşa açır bu, Bu gözəlin nisgili var, İlahi! Əlövsətəm, saçlarında dənəmsə, Çəkilərəm, yollarında çənəmsə, Öldür məni, günahkarı mənəmsə, Bu gözəlin nisgili var, İlahi!
ÇƏKİM BAŞIMA
Yenə sancılandı andır ürəyim, Bacarsan ovundur, qandır ürəyi.
Bu haxsız divanda yandı ürəyim, Bir udum su gətir çəkim başıma. Verim günlərini heçə, yaşıyım, Ağır taylarımı necə daşıyım, Harda yuvalanım, necə yaşıyım, Haranın daşını töküm başıma?! Qisməti yeyindi, yəqin var, yağır... Xalxın tapəsindən gündə var yağır. Dəyəm salamatdı...çöldə qar yağır, Köhnə yorğanı ver, çəkim başıma.
OĞUL İDİ, GETDİ
Ümidim qərq oldu ümman içində, Körpə arzularım boğuldu, getdi. Bir payız nəfəsi dəydi ömrümə, Yaşıl yarpaqlarım sovuldu, getdi. Mənim sevgi adlı balam var idi, Bir lalə yanaqlı Lalam var idi. Mənim Ürək adlı qalam var idi, Dərdim topa tutdu, dağıldı, getdi. İndi sevənlərim naləmi dinlər, Köksümdə göynəyir çarpaz düyünlər. Gəldi bəbəyimdən- gördüyüm günlər Nənəm danışdığı nağıldı, getdi... Bilirsən, məndəki olan key nədi ?! Qəmnəndi,bilmirəm badə,mey nədi. Həsrətim tərpətdi, içim göynədi, Gözündən qanlı yaş sağıldı, getdi. Baxıb yad edərsiz uçuq binəsin. Bir də yetirərmi zaman beləsin?! Tufana, borana gərdi sinəsin, Deyərsiz, Əlövsət oğuldu, getdi...
GEDƏCƏM
Yolum Səmayadır, Göylər çağırır, Yerlərin əlini sıxıb, gedəcəm. Mənə gəl-gəl deyən işığa tərəf- Qaranlıq dünyadan çıxıb gedəcəm. Boynumda silinməz günahlar qalsın... Açılmaq bilməyən sabahlar qalsın... O ağlar baxışlar, o, ahlar qalsın... Dilimi dişimlə sıxıb, gedəcəm. Saxla, qaragünlük olsun lələyim, Olmadı... mehrimlə səni bələyim. Dayan yolum üstə,mənim mələyim, Son dəfə gözünə baxıb, gedəcəm. Mən ruham, bir quru bədən deyiləm, Bilməm, adilərdən nədən deyiləm ?! Gedəndə səssizcə gedən deyiləm, Sellərə qarışıb, axıb gedəcəm. Gedəsi yolum var, sıldırım kimi, Oynayan mən özüm,çaldırım kimi? Son dəfə gurlayıb ildırım kimi, Son dəfə dünyanı yaxıb, gedəcəm. ****
Niyə bir bu qədər uzaq elədin Yolumu Vətənnən Vətənə kimi. Allahım,çox görmə mənə bu dili Sonuncu nəğməmi ötənə kimi. Nə qədər taleyin dözüm daşına, Qanım qarışıbdı gözüm yaşına. Çəkim karvanımı mənzil başına, Əymə dizlərimi yetənə kimi.
Gözləncim var idi mənim,gəlmədi, Ola dərdlərimə qənim, gəlmədi... Zəmim zaya getdi, dənim gəlmədi, Qovruldum sac ustdə çətənə kimi. Günlər birrəng olur bəxti kəm üçün, Qəm dərman kimidi əhliqəm üçün. Yanasım qalmayıb cəhənnəm üçün, Yanmışam, bələkdən kəfənə kimi.
****
Düşsün sevdasının oduna,getsin, Aldansın bir dönük qadına,getsin, Verin, yalanların badına getsin, Aldatmaq asandı yazar adamı. Samandan yapışar gəmisi batan, Tapılmaz dəryada dadına çatan. Bu qədər alan var,bu qədər satan, Mən ola bilmədim bazar adamı. Axşamdan sabaha çəkir,öldürür, Didir ürəyini, sökür, öldürür, Ay qardaş,adamı fikir öldürür, Öldürmür dünyada azar adamı. Qəmli dastanımı bitirim,gedim, Köçümü mənzilə yetirim,gedim, Əyri-donqarımı götürüm gedim, Deyirlər düzəldir məzar adamı... Gedirəm,təzədən qayıdıb gələm, Bəlkə mən gələnə dəyişdi aləm. İşdi,birdən çaşar sahibi - qələm, Əlövsət, yuxarı yazar adamı.
Comments