28 il əvvəl ötən gecə. Doğma kəndimizi, ev-eşiyimizi tərk etdiyimiz 3-cü gecə idi. Əvvəlki üç gün iki gecəni Kəlbəcərdən Xanlar (Göygöl) rayonunun Toğanalı kəndinə qədər yol gəlmişdik. Piyada. Qocalar belimizdə, körpələr qucağımızda...
Aprelin 3-də axşama yaxın Murovu aşıb Toğanalı kəndinin yuxarısındakı çöllük əraziyə çatdıq. Üç atımız vardı, əmimin tövsiyəsi ilə burada atları buraxıb palanını özümüzlə götürdük. Ailəmiz böyük idi - anam, 5 qardaş, 2 bacı, 2 gəlin və qardaşlarımın 3 azyaşlı körpəsi. Hara gedəcəyimizi bilmirdik, evsiz-eşiksiz, işsiz-gücsüz, bütün var-dövlətini itirmiş halda harada məskunlaşmaq, necə yaşamaq olardı ki?!
Bir yük maşını gəldi, orta yaşlı qalstuklu kişi kabinədən düşüb çarəsiz vəziyyətdə nəm torpağın üzərində oturmuş camaata səsləndi: "Yevlaxa, Bərdəyə getmək istəyənlər varsa, gəlsin!" Hamımız maşına qalxdıq, atların palanını da maşının yük yerinə atdıq...
Yevlaxı keçəndən sonra maşında təkcə bizim ailə qalmışdı. Gecə saat 1 radələrində maşın bizi Bərdə rayon İcra Hakimiyyətinin binası qarşısındakl kiçik meydanda düşürüb geri qayıtdı. Burada heç kəs göz dəymirdi, hər yan zülmət qaranlıq idi. Qəribə bir sakitlik vardı, bu sükutu hələ də qulaqlarımızda cingildəyən Toğanadakı hay-küy, qışqırtısı, uşaqların ağlaşma səsi pozurdu. Gecənin bu qəribə sakitliyi üşüdürdü bizi, Murovun sərt soyquğu adamı heç bu qədər üşütmürdü. Burada heç nə tanış deyildi, özümüzü yad planetə düşmüş insanlar kimi hiss edirdik...
Orta yaşlı kişi 50-60 metr məsafədə zəif işığı görünən İcra Hakimiyyətinin binasından çıxıb bizə yaxınlaşdı. "İşçilər hamısı evə gedib, bu gecəni birtəhər keçirin, sabah bir yer tapıb sizi məskunlaşdırarıq" deyib uzaqlaşdı.
Çarəsiz idik. Gecəni İcra Hakimiyyətinin binası qarışındakı kiçik meydanda gecələdik. Yaxşı ki, Toğanada buraxdığımız atların palanını özümüzlə götürmüşdük. Palanı döşək əvəzi beton plitələrin üzərinə sərib burada oturduq, kürək-kürəyə söykənib bir-birimizi bu soyuq və yad yerin sazağından qorumağa çalışırdıq. 1993-cü il aprelin 3-dən 4-nə keçən gecəni belə keçirdik...
Həmin gecədən atlarımızın palanı bizlər üçün döşək oldu. Pencək və paltolar yorğanımız, əski parçasına bükülmüş 3 ədəd avtomat silah isə (anamım 3 oğlu döyüşdən gəlmişdi) yastığımız idi.
İcra Hakimiyyətinin köməyinə ehtiyac qalmadı, səhər tezdən ortancıl qardaşım sığınacaq axtararkən Bərdənin Zümrüxan kəndində boş yer tapmışdı. Aprelin 4-də günün elə bu vədələrindən həmin kənddəki köhnə dəyirmanın binasında məskunlaşdıq.
Atların palanı bizim üçün yenə də döşək, palto və pencəklər yorğanımız idi. Avtomat silahımızı isə artıq ləğv olunmuş hərbi hissəmizə təhvil vermişdik...
Kolxozun əkin-biçininə getdik, pul qazanıb ailəmizi dolandırdıq. Məhsul yığımı zamanı sahələrdən gətirdiyimiz pambıqla özümüzə yorğan-döşək düzəltdik. Payızda atın palanı üzərində yatan qardaşlardan biri - anamın kiçik oğlu cəbhəyə yollandı, Kəlbəcərin işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etdi və şəhid oldu.
Ardan 28 il keçdi. Palanı döşək, pencəyi yorğan, əsgər silahı yastıq olan ailəmiz geniş və rahat evə sahibdir! Özümüz tikmişik, zəhmətimizlə, inadımızla, inamımızla! Gözlə ölçülə bilən itirdiyimiz hər şeyin yerini doldurmuşuq, artıqlaması ilə. Hər şey var, hətta ali rəhbərin ağlı, qüdrətli ordumuzun gücü sayəsində doğma Kəlbəcərimizi də özümüzə qaytara bilmişik. Təkcə şəhid qardaşımla ANAmın yeri boşdur! Bir də hər addımda yanımızda olan böyüklərimizi, ağsaqqal və ağbirçəklərimizi, əmilərimizi, dayılarımızı, mənəvi dünyamızın əvəzsiz dəyərlərini. Bu boşluğu heç vaxt doldura bilməyəcəyimizin ağrısı bir ömür qədər bizimlədir! Kəlbəcərsiz keçən illər kimi!
Ah, Kəlbəcərsiz keçən illər, bizlərə nələr yaşatdın?! 1993-cü il aprelin 3-dən başlayan gecələr... Rahatlığı, dincliyi olmayan, isti yorğan-döşəkdə belə, üşüyən gecələr...
Böyüklərdən üzr istəyirəm, bu gerçək hekayəti səhər-səhər hazırlıq kursunda sınaq imtahanına apararkən oğluma danışdım. Onu imtahanın keçirildiyi ünvana çatdırıb geri qayıdanda beynimdə bir sızıltı qopdu: "Bu hekayəti danışmaq kifayət deyil, həm də yazmaq lazımdır".
Bu amansız həyat imtahanla, ağır sınaqlarla doludur, axı! Qoy, unudulmasın, örnək olsun! Bu torpaq, bu Vətən naminə!
Can, ay Vətən! Can, ay Kəlbəcər! Quruca torpağın, axan çayların, sal qayaların, dərələrdəki qumların bəsimizdir! Sənsiz keçən 28 ildə qurduğumuz evlər kimi Səni yenidən quracağıq!
Yetər ki, olub-keçənlər bir də unudulmasın!
Yetər ki, bir daha səni itirməyək!
Qovuşdurduğuna, verdiklərinə şükür, İlahi!
Aldıqlarına rəhmini əsirgəmə, Ulu Tanrı!
Comments