Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüş diplomatiya tariximizə qızıl hərflərlə yazıldı.
Bütün dünyaya canlı olaraq yayımlanan və debat xarakteri daşıyan müzakirələr ölkə başçımızın opponenti qarşısında bir çox istiqamətlər üzrə master-klas keçməsi ilə yaddaşlara həkk olundu. Cənab Prezidentimiz həm yüksək natiqlik qabiliyyəti və jestləri, həm səlist ingiliscəsi, həm də ayrı-ayrı məsələlərə məntiqi və faktoloji yanaşması ilə bütün dünyaya Azərbaycan xalqının layiqli təqdimatını həyata keçirdi. Əvəzində isə Nikol Paşinyan hər cümləsində qeyri-peşəkar və diletant olduğunu göstərməklə əslində sələflərindən heç nə ilə fərqlənmədiyini sübut etmiş oldu.
Bu, bir debatdan daha çox dərs mahiyyəti daşıyırdı. Ermənistan rəhbərliyinə münaqişənin tarixi, hüquqi və siyasi aspektlərini öyrədən və ya xatırladan bir dərs... Hər cümləsində bir neçə dəfə yalan və tarixi təhriflərə yol verən Paşinyan Azərbaycan Prezidentinin tutarlı arqumentləri qarşısında acizliyini gizlədə bilmirdi.Dövlət başçımız XX əsrin əvvəllərində regionumuzda cərəyan edən real tarixi hadisələri Paşinyanın gözünün içinə baxaraq dilə gətirdi. Bu, özgüvən və haqqın-ədalətin təntənəsi idi.Xankəndinin keçmiş tarixini xatırlatmaqla Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu obyektiv şəkildə əsaslandıran Prezidentimiz təqribən 10-15 dəqiqəlik çıxışı ilə 100 ilin erməni yalanlarını Münhenin tribunasında ifşa etdi.
Elşad MİRBƏŞİR OĞLU
Commentaires