Dəlidağın zirvəsindəki qartal yuvasından bir quzğun xəyanəti ilə ayrı düşən Kəlbəcər indi vəfalı övladlarının xəyalından, dilindən, qələmindən düşmür. Onsuz da başdan-binadan söz-sənət, saz-balaban, şairlər yurdu olan Kəlbəcər ayrılığı bir çoxlarını qələm götürüb öz nisgilini, torpaq-yurd həsrətini, yanğısını ürək sözlərinə çevirərək, misraların, bəndlərin həsrət göynərtisinin acı gerçəkliyinə bürüməyə məcbur edir.
Qönçə idim, gül oldum,
Saraldım sünbül oldum.
Bir dilbilməz quş idim –
Oxudum, bülbül oldum...
Bu doğma yurd ayrılığı o qədər acı, əlçatmaz Kəlbəcər həsrəti o qədər dərindir ki, bir zamanlar şeiriyyətin gur alovuyla atəşlənmiş bir ocağın külünü yenidən közərtməyə belə qadirdir. Bu dediyim – Ağdabanlı Qurban, Dədə Şəmşir ocağıdır. Bu ocağın külünü yenidən közərdən isə Şəmşir Dədənin Cavid nəvəsidir. Yurd ayrılığı, vətən həsrəti onun poetik ilhamını dilə gətirib. Vədəsiz itirdiyi ömür-gün yoldaşının nisgili bu poetik dildəki qəm-kədəri bir az da artırıb, lirik bir həzinliyə qərq edib onu.
Jalə Əliyeva ( Milli Məclisin deputatı, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru )