top of page
ÇƏPLİ ƏMƏLİYYATI
Hər dəfə hücuma gedəndə içimdən bir hayqırtı gəlirdi, qışqıraraq düşmənə “Ey ermənilər sizinlə döyüşə qisasçılar gəlir!”-demək istəyirdim... 1994-cü il yanvar ayının 23-də bizə əmr verildi ki, Çəpli kəndinə hücum etməli, Göyçədən Ağdərəyə gedən yol-ermənilərin Qarabağla əsas əlaqə yollarından biri-nəzarətə götürülməlidir. Bu döyüşlərdə bizə mayor Q.Qarayev rəhbərlik edirdi. Tabor komandiri baş leytenant F.Alışov mənə bölüklə Çəpli kəndinin üstündəki qayalıqda mövqe tutmağı tapşırdı. Biz qayalıqlara çatanda ermənilərin maşın karvanı Çəpli kəndinə yaxınlaşırdı. Əlbəttə, düşmən bizim yaxında olmağımızı bilmirdi. Kənd və yol sanki ayağımızın altında idi. Maşın karvanı Çəpli kənd körpüsünə yaxınlaşanda əsgərlərə vaxtı itirmədən atəş əmri verdik. Sağ tərəfdəki bölüklər də eyni vaxtda öz atəşləri ilə bizə kömək edərək atəş açdılar. Elə ilk atəşdə maşınlardan biri yandı. Çayın kənarı ilə dolanbac yollarda düşmənin maşın karvanı dayandırıldı. Bir-iki maşın döngələrin arxasına çəkilərək görünməz oldu. Digər maşınlardan tökülüşən düşmən əsgərləri bizimkilərin atəşi altına düşərək hara qaçdıqlarını bilmirdilər. Ora-bura vurnuxan ermənilər Fazilin pulemyotuna və bizim avtomatçıların güllələrinə tuş gələrək yolun içərisinə və döngələrə sərilirdilər. Maşınların biri alışaraq erməniləri daha da vahiməyə salmışdı. Bir saat davam edən döyüşdə erməni və rusların maşın karvanı darmadağın edildi. Döyüşdən sonra qayaların arasındakı cığırlarla kəndə yaxınlaşan kapitan Mürşüd Məmmədov və əsgərlər yaxınlıqdakı evdə ermənilərin olduğunu bildirdilər. Biz onları mühasirəyə alaraq təslim olmalarını tələb etdik. Onlar müqavimət göstərmədən təslim oldular. Beş nəfər zabit və gizir idilər. İlkin məlumatlar aldıqdan sonra məlum oldu ki, onlardan biri - hərbi komissar Aşot Qriqoryan, digər dörd nəfər isə Ermənistandakı rus diviziyasının zabitləridir. Onlar bildirdilər ki, Çəpli və Qamışlı kəndində döyüşənlərə kömək üçün 240 nəfər əsgər gətiriblər. Bu döyüş nəticəsində Göyçə-Ağdərə yoluna nəzarəti öz əlimizə aldıq. Düşmənin 240 nəfərdən çox canlı qüvvəsi, bir tankı, iki avtomobili məhv edildi, üç ədəd PDM-i, 6 ədəd müxtəlif markalı avtomobili, xeyli silah-sursat və ərzağı ələ keçirildi. Bu əməliyyata görə taborun bütün döyüşçülərinə təşəkkür elan edildi, Fehruz Alışov “Hərbi xidmətlərə görə” medalı ilə, taborun bütün zabitlərinin isə növbədənkənar hərbi rütbə ilə təltif olunduqları elan edildi. Döyüşdə zabitlərdən: Fehruz Alışov, Ziyafət Tağıyev, Nizami Bayramov, Mürşüd Məmmədov, Kamal Hacıyev, Çıraq Bayramov, Adil Nağızadə, Əziz Abbasov, Hüseyn Nəbiyev, Xalid Hümbətovun, əsgərlərdən: pulemyotçu Fazil Musa oğlunun, Mikayılın Həbib oğlunun, Vəliyev Məmmədin, Nofəlin və digərlərinin qoçaqlıqlarını xüsusilə qeyd etmək lazımdır. Eyni vaxtda briqadanın digər taborları da uğurlu döyüşlər apararaq Kəlbəcərin Qamışlı, Bağırsaq, Qasımbinəsi kəndlərini və Çiçəklidağ yüksəkliyini düşməndən azad etmişdılər. Həmin döyüşlər zamanı erməni başkəsənlərindən biri olan bir polkovnik də öldürülmüşdür
Qamışlı kəndi uğrunda döyüşlərdə də düşmən darmadağın edilmişdi. Kəndin yuxarısındakı çay kənarında tək evdə- meşəbəyinin evində-düşmənin 30 nəfərədək canlı qüvvəsinin gizləndiyini aşkar etdıkdən sonra onları mühasirəyə alıb təslim olmalarını əmr etdik. Düşmən isə döyüşü davam etdirir, təslim olmaq istəmirdi. Üst tərəfki qayalıqdan ev tam bizimkilərin nəzarətində idi. Hətta evin və tövlənin pəncərəsindən içəriyə bir neçə qumbara atdıq. Yuxarı komandanlığa məlumat verildi ki, düşmən təslim olmaq istəmir. “01”-qərərgah rəisi polkovnik-leytenant E.Həsənov- əmr verdi ki, təslim olmurlarsa, onları məhv edin. Düşmən hər tərəfdən atəşə tutularaq məhv edildi. Biz evin və tövlənin içərisində 30 nəfər düşmən əsgərinin və bir podpolkovnikin meyidinin qaldığını gördük... Düşmən əks-hücuma hazırlaşırdı. Biz düşmən texnikasının və əsgərlərinin iki kilometr bizdən aralı-Seyidlər kəndinin yaxınlığında toplaşdığını müşahidə edirdik. Axşam bölüyün bir tağımını Çəpli kəndinin qərbində hündür qayalıqlarda yerləşdirdim ki, Seyidlər körpüsü tərəfdə ermənilərin toplanmış 12 ədəd tank və PDM-lə təchiz olunmuş qüvvələrinin gözlənilən əks-hücumunun qarşısını ala bilək. Gecə Çəpli kəndində salamat qalmış yeganə evdə (bu ev ermənilərin qərərgahı imiş) toplaşdıq. Orada bir neçə gündən sonra ilk dəfə olaraq əl-üzümüzü bulaq suyu ilə yuduq. Döyüşlər vaxtı qarla əl- üzümüzü yuyurduq. İndi isə bir neçə gündən sonra ilk dəfə isti yemək hazırlamaq istədik. Ət konservi isitdik və kartof qaynatdıq. Sonra zabit yoldaşlarla-Fehruz Alışov, Ziyafət Tağıyev, Nizami Bayramov, Mürşüd Məmmədov, Kamal Hacıyev, Çıraq Bayramov, Adil Nağızadə, Əziz Abbasov, Hüseyn Nəbiyev, Xalid Hümbətov və digərləri ilə sabahkı döyüş əməliyyatını müzakirə etdik. Mən bir daha əsgərlərin sursatını və ərzağını yoxladın və mövqeləri gəzərək onlarla söhbət etdim. Gizir Kamal Hacıyev Bozlu əməliyyatı zamanı ermənilərin pusqusuna düşərək, onların 8-10 metrliyindən necə qaçıb salamat qurtardığını həmin gecə mənə danışdı... Taborun qarşısında daha çətin bir tapşırıq dururdu: tabor “At daşı” deyilən yüksəkliyə qalxmalı, Qanlıkəndin üst tərəfindən hərəkət edərək Dəmirçidam kəndini azad etməli, Göyçə-Ağdərə yolunu bağlamalı, Kəlbəcər şəhərinə hücuma hazırlaşmalı idi. Kəlbəcərə sancmaq üçün bayraq da hazırlamışdıq... Gecə baş leytenant N.Bayramovla ratsiyada bizim digər taborların apardığı döyüşlərə qulaq asırdıq. Ratsiyaya qulaq asdıqca Qamışlı kəndi uğrunda gedən döyüşlər daha çox maraq doğururdu. Ratsiyada “Koroğlu”nun məlumatı daha maraqlı idi. O bildirirdi ki, Ermənistan istiqamətindən bizə tərəf 32 ədəd maşın və hərbi texnikadan ibarət karvanı irəliləyir... Bizim sol cinahda Qamışlı kəndi uğrunda da üç gün idi ki, ardı- arası kəsilmədən avtomat şaqqıltısı eşidilir, gərgin bir döyüş gedirdi. Ermənilər itirilmiş yüksəkliyi ələ keçirməyə çalışaraq tez-tez hücuma keçir, bizimkilər isə onları Qasımbinə kəndinin yaxınlığındakı meşəli dağ zirvəsindən atəşə tutaraq geri qaçmağa məcbur edirdilər. Həmin döyüşlərin iştirakçısı olan bir döyüşçü sonralar bizə söyləyirdi ki, bir dəfə ermənilər bizim mövqelərə hücuma keçdi və biz yüksəklikdən düşməni güclü atəşə tutduq. Ermənilər davam gətirə bilməyib dağdan üzü aşağı qaçmağa başladılar. Düşməni qovarkən döyüşçülərdən birinin pulemyotunun darağında güllələr qurtarmış və o imkan tapmamışdır ki, darağı doldursun. Pulemyotu yerə qoyub qaçan ermənini qovub tutmaq istəmişdi. Erməni qaçaraq özünü qayadan aşağı atmışdı...
DİGƏR ƏMƏLİYYATLAR :
bottom of page